Tarixi serial BAZARINDA SÜKUNƏT: “Kimin əli gələr, aktyora 70 000 dollar versin?”
“’Quruluş Osman” serialında baş rol ifaçısı bir bölümə görə 70 000 dollar alırdı. Azərbaycanda kimin əli gələr ki, bir bölümə görə aktyora bu məbləği versin?”
Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış aktyor Məhəmməd Verdizadə deyib.

O, “Niyə Azərbaycanda Türkiyədəki kimi tarixi seriallar çəkilmir, bunun üçün nə çatmır: keyfiyyətli ssenari, mükəmməl rejissor, aktyor işi, yoxsa maliyyə?” sualını cavablandırıb:
“Təbii ki, tarixi film çəkmək üçün hamısı çatmır, bircə aktyordan başqa. Bir də bu serialı çəkmək bir ayrı, onu satıb, maliyyəni geri qaytarmaq bir ayrıdır. Bizim telekanallar o pulu verən deyil. ‘Fateh Mehmet’in bir bölümü var, ‘Konstantinopolun alınması’ — tək o bölümə 500 000 dollar xərclənib. Bizim kino sənayemiz yoxdur. Bunun üçün dövlət dəstəyi mütləqdir. Amma yenə də ortaya sual çıxır: maliyyə var, amma kim çəkəcək? Gəlin axır 10-15 ilin film və seriallarına nəzər salaq.
“Quruluş Osman” serialında baş rol ifaçısı bir bölümə görə 70 000 dollar alırdı. Azərbaycanda kimin əli gələr ki, serialın bir bölümünə görə aktyora bu məbləği versin? Türklər bir bölümü 120 ölkəyə 180 min dollara satırlar. Təsəvvürümə gətirə bilmirəm bizim taleyimiz necə olacaq? Bizdə bir bölümə 100-150 və ya aya uzaqbaşı 1200-1500 manat qonorar verilir. Niyə rejissor yoxdur? Bu çox mühüm məsələdir və hər şey buradan başlayır. Yəni tutaq ki, maliyyə var, amma bu maliyyəni verən bunu geri almalıdır axı”.
Cəvahir












