Təcrübə poliqonuna çevrilən TƏHSİL: “Emin Əmrullayev pis-yaxşı, illərdir oturuşmuş sistemi çökdürdü”
“Hesab etmirəm ki, Emin Əmrullayevin innovasiyaları fayda verib, əksinə, pis-yaxşı, illərdir oturuşmuş sistemi də çökdürdü”.
Bunu təhsil naziri Emin Əmrullayevin müəllimlərin tam ştatlı sistemə keçid etməsi ilə bağlı təklifinə münasibət bildirən Ağ Partiya sədri Tural Abbaslı Yenicag.az-a açıqlamasında deyib.
Partiya sədri qeyd edib ki, Azərbaycan təhsilinə rəhbərlik edəcək şəxslər təhsilin ən aşağı pilləsindən qalxan insanlar olmalıdır:
“Məsələn, orta məktəbdə müəllim, yaxud direktor müavini işləsin, yəni prosesi görsün, Azərbaycanın real təhsil sistemini, şagird-müəllim psixologiyasını bilsin. Emin Əmrullayev isə xaricdə təhsil alıb, sonra gəlib nazirlikdə nəsə vəzifə tutub, yəni sahədən xəbəri yoxdur. Ona görə də dünya praktikasında müsbət nəticələr verən proqram tətbiq edəndə Azərbaycanın təhsil sisteminə yapışmır. Bu səbəbdən təhsilin keyfiyyəti də artmır, müəllimlərin maaşı da.
Mənə elə gəlir ki, müasir məmur tayfası yenilik, innovasiya altında islahatlarla məşğuldurlar. Onlar üçün bu islahatların Azərbaycana xeyri var-yoxdur, sosial-psixoloji xarakterinə uyğundur-uyğun deyil kimi məsələlər önəmli deyil”.
T. Abbaslının sözlərinə görə, təhsil sahəsində sistemsizlik hökm sürür:
“Emin Əmrullayevdən o tərəfə keçək, son on beş il ərzində Azərbaycan elmində bir inkişaf, hansısa kəşf, ixtira, yenilik edən alim olubmu? Əgər bizim təhsilimiz keyfiyyətlidirsə, niyə başda Emin Əmrullayev olmaqla, nazirlərimiz xaricdə təhsil alıblar və həmin universitetləri fəxrlə göstərirlər?
Hesab etmirəm ki, Emin Əmrullayevin innovasiyaları fayda verib, əksinə, pis-yaxşı, illərdir oturuşmuş sistemi də çökdürdü. Sistem yoxdur, sistemsizlikdir.
Bu gün orta məktəbdə şagirdlərdən çox müəllimlər imtahan verir, şagirdlər birinci sinifdən repitetor yanına gedir. Belə olan halda, bir sistemdən söhbət gedə bilməz. Emin Əmrullayevə də bir şey deyən kimi. Durub deyir ki, Azərbaycanda əhalinin 60 faizi oxuduğunu başa düşmür. BU da bu”.












