Təhlükəli OYUN ASILILIĞI: ”Telefonu uşağın əlindən almaq çıxış yolu deyil”

media-hightechnic-468x90

Son vaxtlar bütün valideynləri vahid bir sual düşündürür: “Uşağımı oyun asılılığından necə xilas edim?” Nəinki boş vaxtlarda, hər dəqiqə valideynin gözündən oğurlanıb telefonda vaxt keçirən azyaşlıların sayı günbəgün artmaqdadır. Valideynlər narahatdır, psixoloqlar isə artıq həyəcan təbili çalır.

Psixoloq Ülviyyə Murtuzova azyaşlıların psixologiyasına mənfi təsir göstərən, onlarda aqressiv davranışlara səbəb olan virtual oyunların təhlükəsindən danışıb:

“Oyun asılılığı ümumbəşəri bir problemdir. Bütün dünya bununla mübarizə metodları axtarır. Əvvəllər uşaqlar boş vaxtı olan kimi beynin dincəlməsi üçün yatmağa meyil edərdilər. Amma indi uşaq dərslərini bitirən kimi telefon tələb edir. Hələ ki, yeganə çıxış yolu azyaşlıları idman, hazırlıq kursları, dərnəklər və digər faydalı məşğuliyyət sahələrinə sövq etməkdir. Təhlükəli oyunlar uşaq psixologiyasını tamamən məhv edir”.

Ü. Murtuzova bu məsələdə yaş faktorunun həlledici olduğunu vurğulayıb:

“6 yaşa qədər uşaqların gördükləri onlar üçün həyat etalonudur. Əgər 13 yaşa qədər formalaşan şəxsiyyət tipi zərərli vərdişlər və oyunlar üzərində qurulursa, bu, onun normativ həyat tərzinə çevrilir. Mərhəmət hissinin ölməsi, humanizmin yoxluğu, aqressiya və qəddarlıq… Hətta antisosial şəxsiyyət pozuntusu insanı cəmiyyətdə manyaklaşmağa qədər aparıb çıxarır. Bu fundament 15-16 yaşa qədər formalaşır. Bu dönəmdə valideyn son dərəcə diqqətli olmalıdır”.

Psixoloq vəziyyətdən çıxış yolunu belə izah edib:

“Valideyn təkbaşına bu yüklə bacarmaya bilər. Belə hallarda pedaqoq-psixoloqlara müraciət olunmalıdır. Uşaqlara bu asılılığın nə qədər təhlükəli olduğunu anlatmalıyıq. Əgər uşaq özünə qapanırsa, aqressiyası artırsa, ünsiyyətdə yadlaşma və asosialaşma gedirsə, bu, artıq ciddi həyəcan siqnalıdır.

Aqressiyanın iki növü var: dağıdıcı (xarici) və susqun (daxili). Özünəqapanma ilə müşayiət olunan daxili aqressiya daha təhlükəlidir. Asılılığın birbaşa həlli psixoterapiya və peşəkar konsultasiyalardır. Burada dərman preparatlarına ehtiyac görmürəm. Unutmayaq ki, oyun asılılığı gələcəkdə qumar, alkoqol və narkotik kimi daha ağır asılılıqlara yol açır. Valideynlər ayıq-sayıq olmalıdırlar”.

Cəvahir

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 30.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa