Tehranın gizlətməyə çalışdığı BÖHRAN: Sünni bölgələrdə silahlı narazılıq ARTIR
“1979-cu ildə İran İslam Respublikası qurulduğu zaman ölkədə yaşayan sünni əhalinin də yeni siyasi sistemdə iştirak edəcəyi gözlənilirdi. Hətta inqilabın ilk illərində bu inklüzivliyi göstərən simvolik addımlar da atılmışdı. Məsələn, İran pullarının üzərində namaz qılan insanlar arasında bir sünni fiquru təsvir olunmuşdu. Bu, yeni dövlətin bütün müsəlman ümmətini əhatə etmək niyyətini nümayiş etdirirdi”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Azər Hüseynov deyib.
Siyasi təhlilçi son günlər İranda mərkəzi hakimiyyətə qarşı baş tutan silahlı etirazlar, habelə radikal-dini “Ceyş əl-Ədl” qruplaşmasının hökumət qüvvələrinə qarşı başlatdığı silahlı mübarizənin detallarını şərh edib.
O, xatırladıb ki, inqilabdan sonrakı mərhələdə həyata keçirilən bəzi siyasətlər sünnilərlə mərkəzi hakimiyyət arasında problemlərin yaranmasına səbəb oldu:
“Xüsusilə Bəlucistan bölgəsinə şiə ruhanilər göndərilərək yerli dini liderlərin nüfuzunun zəiflədilməsi, bəzi hallarda isə onların şiələşdirilməsinə cəhdlər göstərildi. Bu siyasət bölgədə narazılıq yaratdı və ciddi etirazlara səbəb oldu. Daha sonra hakimiyyət müəyyən qədər mötədil mövqeyə keçsə də, münasibətlərdəki gərginlik tam aradan qalxmadı, sadəcə daha gizli və latent şəkildə davam etdi”.
Onun sözlərinə görə, İranda bu məsələyə yanaşma da müxtəlifdir:
“Hakimiyyət çevrələrində üç əsas istiqamət mövcuddur: birinci qisim daha mötədil və ümmətçi yanaşmanı təmsil edir, sünni əhalini sistemdən kənarlaşdırmadan idarəetməyə cəlb etməyə çalışır; ikinci qisim tarixi Sasani təfəkkürünü daşıyanlardır – hansı ki, onlar milli-fars mərkəzçiliyini qoruyaraq dini hakimiyyətin içərisində mövqelərini gücləndiriblər; üçüncü qisim isə sırf məzhəbçi yanaşmanı əsas tutur, sünnilərlə münasibətləri yalnız şiə prizmasından dəyərləndirir”.
A. Hüseynov əmindir ki, Bugünkü şəraitdə sünni bölgələrdəki fəallaşma təkcə daxili amillərlə izah olunmur:
“Xarici amillərin də təsiri böyükdür. İranın İsraillə qarşıdurması, ABŞ-nin təzyiqləri və Tehran tərəfindən ballistik raket arsenalının nümayiş etdirilməsi regionda balansı dəyişdirib. İran hərbi gücünü qorumağı bacarsa da, düşmən qüvvələr daxili zəif nöqtələri, xüsusilə sünni bölgələrdəki narazılıqları istifadə etməyə çalışır”.
“Bu fon üzərində Bəlucistanda fəaliyyət göstərən “Ceyş əl-Ədl” kimi silahlı sünni-bəluc qruplaşmalarının fəallaşması təsadüfi deyil. Onların meydana çıxması həm uzun illərin məzhəbi-siyasi gərginliyinin nəticəsidir, həm də İranın regional rəqiblərinin dolayı müdaxiləsi ilə bağlıdır. Beləliklə, sünni azlıqlar məsələsi İranda yalnız dini və etnik problem olaraq deyil, eyni zamanda regional geosiyasi rəqabətin təzahürü kimi də özünü göstərir”, – deyə o, fikirlərini tamamlayıb.
Rafi Müslümov