Təhsil almaq bahalaşır? – Universitetlərin 2025/2026 tədris ili üçün ödənişləri
Ali təhsil müəssisələrinə ixtisas seçimi prosesi yaxınlaşdıqca həm məzunları, həm də onların valideynlərini düşündürən mühüm məsələ təhsil haqlarıdır. Ödənişli plan yerləri üzrə təhsil haqlarının məbləğinin dəyişməsi bəzi tələbələrin təhsil planlarına, maliyyə imkanlarına və gələcək perspektivlərinə də birbaşa təsir edir.
Yenicag.az “Azərbaycan müəllimi”nə istinadla xəbər verir ki, Bakı Dövlət Universitetindı, 2025/2026-cı tədris ili üzrə BDU-da təhsil haqları ilə bağlı hər hansı əhəmiyyətli dəyişiklik nəzərdə tutulmayıb:
“Bu qərar ali təhsilin maliyyə baxımından əlçatanlığının təmin edilməsi, eləcə də tələbələrin və onların ailələrinin sosial-iqtisadi vəziyyətinin nəzərə alınması məqsədilə qəbul edilib. Eyni zamanda, hazırda BDU-ya qəbul olan tələbələrin orta hesabla 70 faizi dövlət sifarişi əsasında təhsil alır. Ödənişli əsaslarla qəbul edilən tələbələr isə təhsil haqqının ödənişində çevik mexanizmlərdən yararlana bilirlər. Onlar qəbul zamanı təhsil haqqının 50 faizini ödəməklə qeydiyyatdan keçə, qalan məbləğin ödənişini isə semestr imtahanları dövründə tamamlaya bilərlər”.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2025/2026-cı tədris ili üçün təhsil haqlarında heç bir dəyişiklik edilməyib.
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) isə bakalavriat və magistratura səviyyələrində təhsil haqları artıb. Burada bakalavriat və magistratura səviyyələrində bütün ixtisaslar üzrə təhsil haqqı 2300 manatdan 2400 manata, MBA proqramlarında isə 2500 manatdan 2700 manata qalxıb.
Azərbaycan Texniki Universitetində (AzTU) isə 2025/2026-cı tədris ili üçün təhsil haqlarında dəyişiklik yoxdur, əvvəlki ildəki məbləğ olduğu kimi saxlanılıb./Yenisabah