Təhsildə 5,2 milyard manatın xərclənməsi: "Bu istiqamətdə ayrılan vəsaitlərə nəzarət etmək..."
“Ayrılan vəsaitlərə nəzarət etmək və görülən işlərlə bağlı statistikanı toplamaq mümkün olmurdu”.
Bunu təhsil və elm xərclərinə ayrılan 5,2 milyard manat vəsaitin xərclənmə istiqamətləri barədə danışan təhsil eksperti Elçin Əfəndi Yenicag.az-a açıqlamasında deyib.
Ekspert bildirib ki, indiyə qədər ayrılan vəsaitlər əvvəlki dövrlərdə həm məktəbəqədər təhsil müəssisələrinə, həm mədəniyyət sahəsinə, həm də ayrı-ayrı fəaliyyət göstərən qurumlara yönəldilirdi:
“Yerli icra hakimiyyətləri təbii olaraq məktəbəqədər təhsil müəssisələrinə cavabdeh idi. Ona görə də həmin istiqamətdə ayrılan vəsaitlərə nəzarət etmək və görülən işlərlə bağlı statistikanı toplamaq mümkün olmurdu.
Lakin prezident İlham Əliyevin müvafiq sərəncamı əsasında artıq bir neçə ildir, həm yerli icra hakimiyyətlərinin tabeliyində olan məktəbəqədər təhsil müəssisələri, həm də bu sahə birbaşa Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib. Nəticədə bu həmin istiqamətdə maliyyə nəzarətini gücləndirməyə, eyni zamanda, orada baş verən prosesləri daha adekvat şəkildə izləməyə imkan yaradır.
Son dövrlərdə biz digər istiqamət, yəni peşə təhsili sahəsində də ciddi irəliləyiş müşahidə edirik. Əvvəlki dövrlərlə müqayisədə son 5–6 ildə peşə təhsilinə yatırılan vəsaitlərin real effektini görmək mümkündür. Peşə təhsili almaq istəyənlərin sayında artım var və yeni peşə təhsili müəssisələri istifadəyə verilir.
Tam orta təhsil müəssisələrinə gəldikdə isə, bildiyiniz kimi, burada həm məktəblərin əsaslı təmiri, həm də yeni məktəblərin inşası həyata keçirilir. Uzun müddət erməni işğalında olan Qarabağ və Şərqi Zəngəzur bölgəsində də yeni təhsil müəssisələri, məktəbəqədər təhsil müəssisələri və digər infrastrukturlar istifadəyə verilir. Bu da dövlət büdcəsindən ayrılan vəsaitlərin mühüm bir hissəsini təşkil edir”.
Nəsimi Ələsgərli












