Reklam

Reklam

Dünyada ilk olaraq ipək üzərində “Qurani-Kərim”i yazan azərbaycanlı rəssam Tünzalə Məmmədzadənin Yenicag.az saytına müsahibəsini təqdim edirik:

– İki gün öncə “İpəkdə yaşayan izlər – 55” adlı sərginiz keçirildi. Bununla da dünyada ilkə imza atanlar sırasına adınızı yazdırdınız.

– Keçirilən sərgidə həm ipək əsərlər, həm də şah əsərim olan “Qurani-Kərim” nümayiş olundu. Həmin sərgi anamın 55 illik yubileyinə həsr olunmuşdu. 3 il müddətində hazırlanan “Qurani-Kərim” kitabında surələr qara, şəffaf ipək üzərində qızılı və gümüşü boyalarla yazılıb. Kitabın ölçüsü 29 x 33 santimetrdir. İpək kitabın hazırlanmasında 50 metr parçadan, üz qabığında isə dəri materialından istifadə olunub. Kitab 614 səhifədən ibarətdir. Həmçinin, bacım Türkan və qardaşım Elmarın da əsərləri sərgiləndi. Bacım Türkan Məmmədzadə də təkəlduz ustasıdır. Ümumiyyətlə, ailəlikcə mədəniyyətə bağlı insanlarıq (gülür). Çox şükürlər olsun ki, ideyam baş tutdu. Buna görə də çox sevinirəm.

-Tünzalə xanım belə bir ideya sizdə necə yarandı?

– Uzun müddətdir ki, şəffaf ipək üzərində rəsm əsərləri çəkməklə məşğulam. Bu ideya məndə akademiyada oxuduğum müddət ərzində yaranmışdı. Çünki hər zaman yenilik axtarışında olan, fərqliliyi sevən biri kimi rəssamların çəkdiyi rəsm əsərlərini təkrarlamaq istəmirdim. Məhz buna görə də ipək tablolar hazırlamağa başladım. Hətta müxtəlif mövzulu kompozisiyaların olması ilə yanaşı Qurani-Kərimdən ayələr, kolleqrafik əsərlər də hazırlayırdım.

Daha sonra islam aləmində, onun mədəniyyətində belə bir ideyanın ərsəyə gətirilib-gətirilməməsi ilə bağlı araşdırmalar aparmağa başladım. Araşdırmalarım zamanı müqəddəs kitabın heç vaxt ipək parça üzərində yazılmadığını öyrəndim. Öncə material tədarükü görüldü, daha sonra onları tək-tək kəsərək, kənarlarını boyadım. Bu işdə mənə qardaşım Elmar kömək etdi. Mənbə olaraq da Türkiyə Diyanət İşləri Başkanlığının 2014-cü ildə çap olunmuş Qurani-Kərim kitabından istifadə etdim. Yeri gəlmişkən qeyd edim ki, ipək Quran ayələrində adıkeçən bir parça növüdür.

– Sizin üçün bir ilkə imza atmaq çətin oldumu?

– Əlbəttə. Çünki ipəkdə yazmaq olduqca çətin prosesdir. Bunu tablolar üzərində işləyərkən də görürük. Ən vacib məsələ əlin əsməməsidir. Ona görə də həmin ərəfələrdə mənə ağırlıq qaldırmaq olmazdı. Düzdür, əvvəlcə tərəddüd edirdim, sonradan anamın dəstəyi ilə bu ideyamı həyata keçirtməyə başladım. Ərəb hərflərini əzbər bildiyim üçün heç bir çətinliyim olmadı. Ən əsası isə bu işi görməyə içimdə çox böyük bir sevgi vardı. Buna görə də işimə məhəbbət, ülvi hisslərlə yanaşırdım. Düşünürəm ki, bu iş yaradıcılığımın şah əsəridir. Allaha şükürlər olsun ki, Qurani-Kərimi yazmağı mənə nəsib etdi.

-Yaradıcı insanlar tez tanınmaq, məşhurlaşmaq üçün adətən, fərqliliyə imza atırlar.

– Heç vaxt bu ideyanı məşhur olmaq üçün ərsəyə gətirdiyimi düşünməmişəm. Kitabı bir il bundan öncə yazıb hazırlamışam. Onsuz da ipək üzərində işlər görürdüm. Bu kitabı da rahatlıq taparaq, ayələrə öz sevgimi qataraq yazmışam.

– Kitabı kiməsə bağışlamağı və yaxud satmağı düşünürsüzmü?

-Xeyr, heç kimə bağışlamaq fikrim yoxdur. Satışı ilə də bağlı heç nə deyə bilmərəm. Çünki bu kitab evimdə qorunmaq üçün deyil. Hələ ki sərgiləməyi düşünürəm.

– Bəs almaq istəsələr necə?

– Təbii ki, əgər təklif gələrsə, sataram.

– Neçəyə?

– Quran dəyərsiz bir kitabdır. Buna görə də məbləğ deməyəcəm (gülür).

Elvin Paşazadə

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1212
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."