Tələbələrin “Azərbaycanı kəşf et” layihəsi-Foto
Bakı Beynəlxalq Tələbə Klubu Bakı 2015 Avropa oyunları ilə bağlı “Azərbaycanı kəşf et” layihəsini həyata keçirib.
Fəaliyyətinin əsas istiqaməti Azərbaycanın əcnəbi tələbələrə tanıdılması olan Bakı Beynəlxalq Tələbə Klubu, yeni bir layihəni uğurla həyata keçirib .
Layihə “Azərbaycanı kəşf et” şüarı altında ölkəmizin ən gözəl tarixi regionlarından olan Şəki şəhəri və Qax rayonunda həyata keçirilib. Bu layihə eyni zamanda dünyada ilk dəfə keçirilən və ölkəmizin ev sahibliyi etdiyi Bakı 2015, Avropa oyunlarına həsr olunaraq , 15 ölkənin 50-ə yaxın əcnəbi tələbəsini əhatə etmişdir. Əcnəbi gənclər , Bakı 2015 Avropa oyunları ilə bağlı müzakirələrdə fəallıq göstərərək müxtəlif fikirlər səsləndirmişlər. Onlardan Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Nigeriyalı Fayehun Tommi Avropa Oyunlarının Azərbaycanın dünyada tanıdılmasında böyük rolu olacağını qeyd etmiş, Azərbaycan Dövlət Neft Akademiyasının tələbəsi, çinli Liu Jia isə bu tarixi hadisənin məhz onların təhsil aldığı ölkədə keçirilməsinin çox qururverici olduğunu və Avropa oyunlarının açılış və bağlanış mərasimləri də daxil olmaqla , bir sıra oyunlara biletləri öncədən aldığını bildirmişdir.
Bundan başqa Azərbaycan Tibb Universitetinin Tələbəsi, əslən İraqdan olan Əhməd İsmayıl isə Bakı 2015 Avropa oyunlarının ölkəmizə turist axınının artması ilə yanaşı , Azərbaycanın turizm potensialının inkişafına böyük təkan verəcəyini söyləyib. Layihənin rəhbəri , Bakı Beynəlxalq Tələbə Klubunun rəhbəri Aysəba Umutlu hər bir hadisənin ilkinin yadda qalan, tarixi olduğunu qeyd edərək Avropa Oyunlarının ölkəmizdə təhsil alan əcnəbi tələbələr üçün də xüsusi əhəmiyyət daşıdığını bildirib. Onlar öz ölkələrində olmayan bir təcrübə ilə yaxından tanış olmaq imkanı qazanıblar . “Biz hər zaman olduğu kimi bu layihədədə də öz məqsədimizə uyğun olaraq məhz əcnəbi gənclərin fikirlərini öyrənmək , onlarla Bakı 2015 Avropa oyunlarından danışmaq istədik ki, nəticə etibarı ilə layihəmiz çox uğurla həyata keçirildi və çox maraqlı fikirlər aldıq”-sitatın sonu .
Qeyd edək ki, Azərbaycanın Əcnəbi Tələbə və Gənclər vasitəsi ilə Beynəlxalq aləmdə təbliği layihəsi 8-9 may tarixlərində, Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Bakı Beynəlxalq Tələbə Klubu tərəfindən həyata keçirilmişdir.