“Əgər universitet geyim normasını özü müəyyən etmirsə, o zaman tələbəyə heç bir irad tutula bilməz”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında tələbələrin ali təhsil müəssisələrində geyim norması və vahid geyimin tətbiq olunmasının mümkünlüyü barədə danışan təhsil məsələləri üzrə ekspert Rizvan Fikrətoğlu deyib.
Onun sözlərinə görə, tələbələrin geyimi ilə bağlı qanunvericilikdə konkret bir bənd yoxdur.
“Sadəcə olaraq, ali təhsil müəssisələrinin öz daxili nizamnaməsi var ki, həmin nizamnamədə geyim formasını müəyyən edə bilər. Əgər universitet geyim normasını özü müəyyən etmirsə, o zaman tələbəyə heç bir irad tutula bilməz. Yaxud da tələbə ilə bununla bağlı hər hansı bir müqaviləsi yoxdursa, yenə də bu irad tutula bilməz. Bu işin qanuni tərəfidir”, – deyə o qeyd edib.
Məsələnin mənəvi tərəfindən danışan ekspert deyib ki, ölkədə milli dəyərlər yüksək səviyyədədir.
“Bu baxımdan, milli mənəvi dəyərlər fonunda tutulan iradlar haqlı, amma qanuni tərəfdən isə haqsızdır. Düşünürəm ki, burada tələbələrlə də müəyyən söhbət aparılmalıdır. Qanunda universitetin daxili nizamnaməsində olmasa belə, geyim normalarına fikir verilməlidir. Ən azından məsələyə mənəvi baxımdan yanaşaraq, bu danışığı aparmaq olar”, – deyə o bildirib.
R.Fikrətoğlu vurğulayıb ki, qanunvericilikdə universitetlərdə vahid geyim forması da göstərilməyib.
“Ali təhsil müəssisələrinin bəziləri öz daxili nizamnamələrində bunu edə və etməyə də bilər. Əslində, universitetlərdə vahid geyim formasını tətbiq etmək düzgün olmaz. Çünki universitet və orta məktəb ikisi də fərqlidir.
Düşünürəm ki, həm də bu problem yarada bilər. Universitetlərdə müxtəlif yaş qruplarında təhsil alan tələbələrin olmasını nəzərə alsaq, bunu tətbiq etmək doğru olmaz”, – deyə o, fikirlərini yekunlaşdırıb.
İsmayıl Bakuvi
www.yenicag.az