“Virtual məktəb” layihəsinə teledərslərin lazımi effekti verməməsi fonunda başlanılması bir sıra suallar doğurur”.
Bu gündən etibarən, Təhsil Nazirliyi tərəfindən “Virtual məktəb” layihəsinə start verilib. Layihənin məqsədi Nazirlik tərəfindən yayımlanan teledərslərin interaktivliyini təmin etmək və ümumilikdə məsafədən tədris imkanlarını genişləndirməkdir.
Yeni layihənin məqsədlərini və gözlənilən effektiin Yenicag.az-a şərh edən təhsil eksperti Elşən Qafarov bildirib ki, Təhsil Nazirliyi bundan sonrakı dönəmdə distant təhsili müxtəlif formalarda həyata keçirməkdə maraqlı olacaq:
“Məlumdur ki, martın 11-dən “Mədəniyyət” və “ARB Günəş” kanallarında ölkənin ümumi təhsil müəssisələrinin şagirdləri üçün teledərslərin yayımına başlanılıb. Lakin “Virtual məktəb” layihəsinə teledərslərin lazımi effekti verməməsi fonunda başlanılması bir sıra suallar doğurur.
Ancaq bütün hallarda əsas məsələ koronavirus pandemiyası kimi bir bəladan qurtulmaqdır. Bu bəla bitəndən sonra təhsil sistemində yeni və daha təsirli addımlar atıla bilər”.
Qeyd edək ki, hər bir şagird “Virtual məktəb” portalında qeydiyyatdan keçərək, öz yaşına əsasən, sinfə təyin olunacaq və müəllimlər tərəfindən həftəiçi teledərslərdə tədris olunmuş mövzulara uyğun hazırlanmış ev tapşırıqlarını yerinə yetirəcək.
Portala hər həftə müxtəlif mövzu və fənlərə uyğun olaraq, yeni tapşırıqlar əlavə olunacaq. “Virtual məktəb” portalının mobil tətbiqi də mövcuddur. Bunun üçün şagirdlər “AppStore” və “Google Play” marketlərindən “Microsoft Teams” adlı tətbiqi yükləyib istifadəçi adı və fərdi şifrələri ilə portalda qeydiyyatdan keçə biləcəklər.
Gülşən Şərif
www.yenicag.az