Rusiyada televiziya və radio kanalları bu gün qəfil mesajla yayımlarını dayandırıb.
Yenicag.az xəbər verir ki, yayımlar kəsilərək raket hücumu xəbərdarlığı edilib.
Efirdən səsləndirilən “Diqqət! Hava hücumu xəbərdarlığı aktivdir. Dərhal sığınacaqlara gedin. Diqqət! Raket hücumu təhlükəsi var”, cümlələri xalq arasında çaxnaşma yaradıb.
Daha sonra Rusiya Fövqəladə Hallar Nazirliyi məsələ ilə bağlı açıqlama yayıb. Bildirilib ki, sözügedən xəbərdarlıq hakerlərin hücumu nəticəsində baş verib.
Ancaq ölkədə panikaya səbəb olan hadisələr silsiləsi gün ərzində davam edib. Belə ki, Sankt-Peterburqdakı Pulkovo hava limanı bu gün bütün uçuşları dayandırdığını açıqlayıb, lakin bunun səbəbini izah etməyib. Rəsmi kanallardan mövzu ilə bağlı heç bir açıqlama verilməsə də, Rusiya mətbuatı şəhərin üzərində pilotsuz uçuş aparatına bənzər naməlum obyektin göründüyünü yazıb. Rusiyanın “Baza” xəbər saytı səmada naməlum obyektin göründüyünü və bölgəyə döyüş təyyarələrinin göndərildiyini iddia etsə də, bu məlumat beynəlxalq qurumlar tərəfindən təsdiqini tapmayıb.
Uçuş izləmə saytlarının məlumatına görə, Sankt-Peterburqa uçan bir çox təyyarə marşrutunu dəyişməli və ya geri dönməli olub. Dərc edilən son məlumatlarda uçuşların normallaşdığı görülüb.
Digər tərəfdən, Bioloji Müdafiə Qüvvələrinin komandanı İqor Kirillov ABŞ-ın kimyəvi hücuma hazırlaşdığını iddia edərək ölkədə yaranan panikanı daha da körükləyib.
Onun sözlərinə görə, fevralın 10-da kimyəvi maddələrlə dolu qatar əcnəbi vətəndaşların müşayiəti ilə Kramatorska gəlib:
“Onlar Kuybışev metallurgiya zavodunun yerləşdiyi əraziyə aparılıb. Yük Ukrayna Təhlükəsizlik Xidmətinin (SZBU) zabitlərinin və Ukrayna Silahlı Qüvvələrinin komandanlığının nəzarəti altında boşaldılıb. Vaqonda 16 bağlı metal qutu olub. Onların yarısında kimyəvi təhlükə nişanı, BZ yazısı və iki qırmızı cizgili işarə olub”./Sfera.az/
www.yenicag.az