Televiziyalara qarşı cəzaların sərtləşdirilməsi düzgün addımdır? –Ekspert rəyi
Qulu Məhərrəmli: “Televiziyaların yaxşı çalışması üçün onlara şərait yaratmaq lazımdır”
Azər Həsrət: “İstərdim ki, Milli Teleradio Şurasının səlahiyyətləri artırılsın”
Azərbaycanda teleradio yayımçıları tərəfindən televiziya və radio yayımı haqqında qanunvericiliyin pozulması, o cümlədən teleradio yayımı sahəsində xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərinin pozulması ilə bağlı cəzalar sərtləşdirilir. Bununla bağlı Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinin 187-1 və 187-2 maddələrinə dəyişiklik müzakirəyə çıxarılıb.
Layihə barədə məlumat verən komitə sədri Nizami Cəfərov bildirib ki, 187-1 (Televiziya və radio yayımı haqqında qanunvericiliyin pozulması) və 187-2 (Teleradio yayımı sahəsində xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərinin pozulması) maddəsinə edilən dəyişikliyə əsasən, göstərilən cəzalar vəzifəli şəxslər üçün 1500 manatdan 2500 manata qədər, hüquqi şəxslər üçün isə 5000 manatdan 8000 manata qədər tətbiq edilir.
Hər iki maddənin hazırkı sanksiyası vəzifəli şəxslər üçün 300 manatdan 500 manata qədər, hüquqi şəxslər üçün isə 1000 manatdan 2000 manata qədərdir. Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub. Görəsən, cərimələrin sərtləşdirilməsi istiqamətində atılması gözlənilən bu addım teleradio məkanına nə vəd edir?
Yenicag.az-a açıqlamasımda televiziya sahəsi üzrə mütəxəssis Qulu Məhərrəmli bildirdi ki, televiziya sahəsində cərimələrin miqdarının artırılması onların işinin yaxşılaşdırılması üçün əsas ola bilməz: “Nə qədər sərt inzibati qərarlar qəbul olunursa, televiziyalar da bir o qədər sərhədi pozma hüdudlarına yaxınlaşır. Azərbaycanda televiziyaların yaxşı çalışması üçün onlara şərait yaratmaq lazımdır. Birinci növbədə televiziyaların azadlığı, sərbəstliyi artırılmalıdır. Onlara mövcular qadağan olunmamalıdır. İctimai müzakirələr artırılmalıdır, debat, diskussiya proqramları olmalıdır. Səhvlər daha çox əyləncəli proqramlarda, bəsit səviyyəli aparıcıların apardığı verilişlərdə gedir. ANS-dən başqa hansısa televiziyanın cərimə olunmasına da rast gəlməmişəm. Televiziyaların peşəkarlığının artırılması qayğısına qalınmalıdır. Bir də onlara sərbəstlik verilməlidir ki, onlar mövzu rəngarəngliyini təmin edə bilsin. Yoxsa qadağa və məhdudiyyətlər fonunda televiziyalar da daha yüngül, bayağı verilişlərə meyllənir ki, bu da çox hallarda tamaşaçı narazılığına səbəb olur”.
Digər ekspert Azər Həsrət isə düşünür ki, qanunun sərtləşdirilməsi təklifi televiziya sahəsində olan problemlərin həllində yardımçı olacaq: “Ölkəmizdə kütləvi informasiya vasitələrinin sərbəst hərəkəti üçün heç bir əngəl yoxdur. Televiziyaların fəaliyyəti üçün də hər cür imkanlar yaradılıb. Amma təəssüflə qeyd etməliyik ki, televiziya kanallarının əksəriyyəti ictimai rəyi arzuolunmaz istiqamətə kökləməklə məşğuldur. Bəzən aşağı, bəzən də media etikasından kənara çıxan verilişlərlə tamaşaçı görüşünə gəlməklə, ölkədə ictimai rəyin heç də yaxşı formalaşmasına rəvac vermirlər. Azərbaycan qanunları bir qayda olaraq humanizm prinsipləri üzərində qurulduğundan onlar bəzən kəsərli olmur. Bəzən elə cərimələr nəzərdə tutulur ki, onlar ümumən ciddiyyətə alınmır. Ona görə də qanunun sərtləşdirilməsi təklifi televiziya sahəsində olan problemlərin həllində yardımçı olacaq. Bununla bərabər istərdim ki, Milli Teleradio Şurasının səlahiyyətləri də artırılsın, onun ümumiyyətlə daha kəsərli hərəkəti üçün şərait yaradılsın”.
Rüfət