“İrana veriləcək ən böyük cavab Güney Azərbaycanın istiqlalıdır”.
Bu fikri Azərbaycanın İrandakı səfirliyində törədilən terror aktı və Azərbaycanın buna qarşı mümkün cavab tədbirləri haqqında danışan Ümid Partiyasının sədri İqbal Ağazadə Yenicag.az-a açıqlamasında səsləndirib.
İqbal Ağazadə bildirib ki, İran gərginlik yaşadığı ölkələrin səfirliklərinə qarşı hər zaman terror vasitəsinə əl atıb:
“İranın siyasətini izləyən politoloqlar, siyasətçilər bir nüansı diqqətdən qaçırmamalıdırlar. İranın münasibətləri gərginləşən ölkələrə qarşı səfirliklərinə və yaxud konsulluqlarına basqın etməsi faktlarla təsdiq olunur. İrandakı Böyük Britaniya, ABŞ, Səudiyyə Ərəbistanı, İraq, Yəmən, Türkiyə səfirliklərinə hücum edilib. İran gərginlik yaşadığı ölkələrə münasibətdə bu xətti tutub.
Törədilən terror İran xüsusi xidmət orqanlarının təşkil etdiyi hadisədir. Səfirliyi qorumalı olan polis işçisi İran dövlətinə məxsusdur. Həmin polis işçisi əlində avtomat içəri daxil olan şəxsin qarşısını almaq üçün heç bir cəhd etmir. Bu onun göstərcisidir ki, bu əvvəlcədən planlaşdırılıb. Onu zərərsizləşdirən də nə mühafizəçilər olub, nə də polis, onu tərk-silah edən də Azərbaycan səfirliyinin əməkdaşı olub.
Bundan əvvəl İranın Azərbaycana qarşı sərgilədiyi mövqe, Qafanda konsulluğun açılması, “Ermənistan qırmızı xəttimizdir” sözləri, “sərhədlərin dəyişdirilməsi yolverilməzdir” deməsi, “Naxçıvan İrana birləşdirilməlidir” iddiaları, “Səhər” kanalının, o cümlədən rəsmi şəxslərin göstərdiyi münasibət onu deməyə əsas verir ki, İran Azərbaycanı qorxutmaq, haqq işindən çəkindirmək, xarici siyasətinin İrana və regiona yönəlik hissəsində güzəştlər əldə etmək üçün aparılan danışıqlar və təhdidlər real hadisələrə keçib. Terror da bunun nəticəsidir. Hadisəni İran törədib. İran cavab verməlidir. İranın nazı ilə oynanılmamalıdır”.
Azərbaycan cavabına gəldikdə, partiya sədri bunları deyib:
“Buna veriləcək ən böyük cavab Güney Azərbaycanın istiqlalıdır. İstiqlal elan olunmalıdır. Güney Azərbaycan Məclisi yaradılması, milli hökumətin formalaşdırılması və istiqlalın bəyan edilməsi lazımdır. Bunun başqa cavabı yoxdur”.
Səxavət Məmməd