!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Terrorun Azərbaycana qarşı daha bir sülhməramsız üzü... - Qarabağda "Vaqner" var? - ŞƏRH

!Reklam – Yazi

2020-ci ilin sentyabrında Rusiyanın Ura.ru saytı “vaqnerçi”nin açıqlamasını dərc etmişdi: “Siqnal gələn kimi Qarabağa yola düşəcəyik. Biz Ermənistan tərəfdə vuruşacağıq..”.

Gürcü politoloq Qoça Qvaramia iddia edir ki, Rusiyanın özəl hərbi təşkilatı “Vaqner” silahlı birləşməsinin döyüşçüləri sülhməramlı adı altında Qarabağa yerləşdirilib. Gürcü ekspertin fikirlərində ziddiyyətli məqamlar da var. Bununla belə, onun səsləndirdiyi əksər iddialar həqiqətdən uzaq da deyil. Bizim bəzi politoloq və deputatlarımız bu məsələni şərh edərkən “vaqnerçi”lərin sülhməramlı adı altında Qarabağda yerləşdirilməsini inandırıcı hesab etmirlər, buna şübhə ilə yanaşırlar, Rusiyanın Qarabağda belə bir addım ata biləcəyinə inanmırlar. Çox təəssüf ki, onlar bu məsələni şərh edərkən, tutarlı fikirlərlə də səsləndirə bilmirlər, sadəcə nəzəri olaraq bunun mümkünsüz olduğunu izah etməyə çalışırlar.

İlk olaraq onu qeyd edim ki, Rusiyanın sülhməramlı adı altında “vaqnerçi”ləri Qarabağa yerləşdirməsi inandırıcıdır. Ona görə ki:

BİRİNCİSİ, münaqişə ocaqlarına, müharibə bölgələrinə “vaqnerçi”ləri yerləşdirmək Rusiyanın təkzibolunmaz və dövlət siyasətinin qeyri-rəsmi əsas istiqamətlərindən biridir.  Marşruta diqqət edək: Rusiyanın qeyri-rəsmi hərbi birləşmələri olan “Vaqner” 2013-cü ildə Krımda idi. Orada yerli əhalidən (keçmiş hərbçilər) “Vaqner”ə xeyli sayda döyüşçü cəlb etdilər. Krımdan toplanan “vaqnerçi”lər xüsusi təlimlərdən sonra Suriyaya göndərildilər. Suriyada “vaqnerçi”lərin tərkibi daha da genişləndi, onlar bu dəfə Donbasda peyda oldular. Donbasda daha fərqli üslubda öz tərkibini zənginləşdirən “Vaqner” Liviyada görünməyə başladı. 2020-ci il avqust ayında isə Belarusda prezident seçkiləri zamanı sərhəddə baş verən iğtişaşlar zamanı bir neçə nəfər həbs edilir və məlum olur ki, “vaqnerçi”lərdir. Qarabağ dünyada mövcud olan münaqişələrin sırasında idi, Rusiya Qarabağı öz “marşurutu”ndan kənarda saxlaya bilməzdi. Bunun əksini düşünmək ən azı sadəlövlükdür. Əslində “vaqnerçi”lər 44 günlük müharibədən əvvəl Qarabağa gətiriliblər. Bu barədə Ukrayna və Rusiya mətbuatında sızdırılmış informasiyalar da yer alırdı.

İKİNCİSİ, düşünürəm ki, qondarma “dq”-in Araik Arutyunyanın özəl mühafizəsi də məhz “vaqnerçi”lərdən təşkil olunub. Bu, nə qədər inandırıcı görünməsə də, mühüm bir məqama diqqət yetirək. Hazırda Abxaziya və Cənubi Osetiyanın rəhbərliyinin mühafizəsi də “vaqner”çilər tərəfindən həyata keçirilir. Xüsusi qeyd olunmalıdır ki, “Vaqner”in tərkibində Rusiya xüsusi xidmət orqanlarının, QRU-nun keçmiş və hazırkı əməkdaşları da xidmət göstərirlər. Yəni, A.Arutyunyanın mühafizəsi təkcə onu fiziki baxımdan qorumağa hesbalanmayıb, həm də Xanəkəndidə Azərbaycan tərəfindən həyata keçirilə biləcək kəşfiyyat addımlarının qarşısını almağa hesablanıb.

ÜÇÜNCÜSÜ, Rusiya Dağlıq Qarabağda “Vaqner”ə ermənilərdən yeni döyüşçülər cəlb edəcək. Necə ki, digər bütün münaqişə ocaqlarında bunu həyata keçirib. Münaqişə-müharibə ocaqları “Vaqner” üçün əsas qida mənbəyidir. Onlar vampir kimi münaqişə ocaqlarında qanla doldurulub başqa ərazilərə transfer olunurlar. “Vaqner” bundan sonra harda peyda olacaq, bu başqa məsələ. Amma Dağlıq Qarabağdan da geri çəkilməyəcək.

DÖRDÜNCÜSÜ, Rusiya Qarabağa zəngin və dağıdıcı döyüş təcrübəsi olmayan hərbçiləri gətirməzdi. Rusiya sonuncu belə bir döyüş təcrübəsini Suriyada qazanıb, bu baxımdan sülhməramlıların tərkibində Suriyada döyüşmüş şəxslərin olması ehtimalı daha yüksəkdir. Əvvəla ona görə ki, Suriyada Türkiyə və Rusiya arasında yarımçıq qalan bir “savaş” var. Bu savaşın Qarabağda davam etdiriləcəyini də demirəm, ancaq Rusiya Azərbaycanda Türkiyənin qarşısına döyüş təcrübəsi olmayan, sırf Rusiyanın “sülhməramlı” missiyasının tərkibində olan hərbçiləri çıxara bilməzdi.

BEŞİNCİSİ, gürcü ekspertin dediyinə görə, Rusiyanın 1960 sülhməramlı hərbçisinin hamısı “vaqnerçi”lərdən təşkil olunub. Əslində sülhməramlıların tərkibinə 500-600 nəfərdən artıq “vaqnerçi” daxil etmək Rusiyanın taktiki addımlarına mane olardı. Hesab edirəm ki, “Vaqner” Qarabağda təkcə sülhməramlı adı altında mövcud deyil, onlar digər strateji “missiya” ilə çıxış edə bilərlər.

ALTINCISI, “Vaqner” təşkilatı ilə Ermənistanda Qarabağ klanını birləşdirən cəhətlər var. Ermənistanda Qarabağ klanı qisasa hazırlaşdığını bildirir, onlar nasist, şovinist ideyalara əsaslanırlar. Eyni zamanda, “Vaqner” də şovinizmə, qisasçılığa xüsusi rəğbət bəsləyir, qisasçılığı ön plana çəkir, Hitlerdən tez-tez misallar gətirirlər. Təsadüf deyil ki, “Vaqner” “müair Rusiyanın Hitleri”dir və bu, həm də Avropadan alınan növbəti qisasdır. Əgər Qarabağ klanı Ermənistanda hakimiyyətə gələcəksə, onlar daha rahat şəkildə anlaşa biləcəklər.

Belarusda, Krımda, Donbasda öldrülən şəxslərin “Vaqner” təşkilatının döyüşçsü olduğu şəxsiyyəti ilə təsdiqlənib.

Rusiya Qarabağa “vaqnerçilər” göndərdiyini heç vaxt təsdiqləməz. Əgər hər hansı formada bu ortaya çıxarsa, o zaman Rusiyanın sülhməramlı missiyası, tərəfsizliyi avtimatik şübhə altına düşür, Azərbaycanla-Rusiya arasında ortaq maraqlara zərbə altına düşmüş olur. Ona görə də maksimum səviyyədə bu məsələ ört-basdır ediləcək. Hətta Azərbaycanda bu məsələ nə vaxtsa, gündəmə çevrilsə, biz müxtəlif siyasilərin, media qurumlarının təpkisi ilə üzləşə bilərik.

Bəzi politoloqlar iddia edirlər ki, “Vaqner” Rusiyanın siyasi-iqtisadi maraqlarının ciddi olduğu ərazilərdə olurlar.

Məgər Qarabağ Rusiyanın ciddi siyasi-iqtisadi maraqlarından kənardadır?

Hazırda ciddi valyuta-pul-maliyyə problemi yaşayan Rusiya üçün Qarabağ və Azərbaycanın digər regional imkanları nəfəslik rolunu oynayır. Rusiya məhz buna çalışır və özünü iqtisadi baxımdan ayaqda tutmaq üçün yeni regional layihələrdəki iştirakını görəcəyik.

İstənilən halda, “Vaqner” bizim üçün hər hansı dövlətin sülhməramlı ordusu sayıla bilməz. Əgər onlar müharibə vaxtı ermənilər tərəfdə döyüşüblərsə, deməli, terrorçudurlar, bu gün də orda hər hansı ad altında mövcuddurlarsa, yenə də bizim üçün eyni anlamdadır.

Terrorun Azərbaycana qarşı daha bir sülhməramsız üzü…

Biz unutmamalıyıq: hazırda Azərbaycanda həbsdə ermənilər tərəfdə döyüşmüş 100-dən artıq terrorçu var.

Axı bizə məlum olan həqiqətlər var. İraqdan kürd terror təşkilatının xeyli sayda üzvləri Qarabağa gətirilib. Onlar iki yolla buna nail olurlar: xüsusilə, Zəngəzur vasitəsilə və Selaymaniyyədən təyyarə relsi ilə… İraqdan Qarabağa göndərilən kürd terrorçularını Tələbaninin himayə etdiyi heç kimə sirr deyildir.  Bəs Tələbanini himayə edən hansı dövlətdir? Qarabağa terrorçular göndərən Tələbanini bu dövət niyə himayə edir? Əslində bu sualların da cavabı aydındır.

Qarabağda Azərbaycana qarşı həyata keçirilən terror siyasətində, ermənilərin 44 günlük müharibədəki iştirakında İraqdan gətirilən terrorçular az rol oynamadı. 44 günlük müharibə zamanı əsir götürülən erməni Albert Mikayelyan bildirirdi ki, Qarabağa kürd əsilli 1500-dən artıq döyüşçü gətirilib. Kürd terror təşkilatının Süleymaniyyədə yerləşən əsas qanadının muzdlu-terrorçu döyüşçüləri Qarabağda 44 günlük müharibə zamanı qəfil peyda olmamışdılar. Onlar 2020-ci ilin ortalarından Qarabağa daşınırdılar.

Bəs İraqdakı diplomatımız nə iş görür?

O, Azərbaycan dövlətini hansısa şəkildə məlumatlandıra, baş verənləri analiz edib dövlətimizlə əlaqəli şəkilə iş qura bildimi? Müharibədən öncə, həm müharibə dövründə, həm də hazırda diplomatımızın iş üslubu necə görün(ür)dü? O, 44 günlük Vətən savaşında öz ölkəsinə ciddi dəstək ola bildimi?

Söhbət Azərbaycanın İraqdakı səfirliyinin müvəqqəti işlər vəkili Nasir Məmmədovdan gedir. Axı diplomatlar həm də “eşidən qulaq” olmalıdır. N.Məmmədovun fəaliyyətini araşdıranda şahidi oluruq ki, onun iş prinsipi İraqdakı ziyarətgahlara baş çəkməkdən ibarətdir. Vikipediyada onun haqqında hər hansı ciddi məlumat da yoxdur, hər hansı iş gördüyü də yazılmayıb. Sadəcə ziyarətgahlara baş çəkmlə, qurban kəsməkə məşğuldur. Qısası, küncə çəkilib. Cənab Məmmədov, siz orada ölkəmizin mədəniyyət müşaviri deyilsiniz.

İraq “dünyanın təzyiq mərkəzləri”ndən biridir. Cənab Məmmədov, orada tonometriniz tutmur, işləmir? Ölkəmizin təzyiqini orada necə ölçürsünüz, necə normallaşdırırsınız? Yox, görünür, ölçə bilmirsiniz. Ona görə də təzyiq oynayır və kürdü-PKK-sı, Tələbanisi Qarabağa səssizcə axışa bilir. Biz də bütün bunları kənardan eşidirik. Səriştəsizliyi adi sürücüyə, dülgərə, mühəndisə bağışlamaq olar, amma diplomata yox! Diplomat səriştəsiz, bacarıqsız oldusa, ölkənin bir qulağı, bir gözü kor olur. Sizin diplomatik fəaliyyətinizə böyük məbləğdə pullar xərclənir (indi bu rəqəmləri demək doğru deyil), bəs siz nə işlə məşğul olmusunuz? Dövlət illərdir sizə sərmayə yatırır, niyə batırırsınız bu sərmayəni? Sabah İraqda ölkəmizə qarşı “diplomatik xaos” planı hazırlansa, biz bunu kimdən eşitməliyik?

VACİB QEYD: Son zamanlar erməni terror təşkilatları, xüsusilə də, ASALA Ermənistandakı siyasi proseslərə ciddi müdaxilə edir. ASALA Ermənistanda Daşnaksütyun partiyası ilə birlikdə hərəkət edir, proseslərə dəstək verir. Tarix sübut edir ki, ASALA və Daşnaksütyun partiyası birlikdə hərəkət edən zaman bir müddət sonra terrora da start verilir. Məsələn, ötən əsrin 70-80-ci illərində 31 türk diplomatının və onların yaxınlarının qətlə yetirilməsi həm də ASALA və Daşnaksütyun partiyasının birlikdə hərəkət etməsinin nəticə idi.

Samir FEYRUZOV 

www.yenicag.az

1154
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv