Casusluq məsələsinə sözardı…
Birinci Qarabağ müharibəsini araşdıran zaman komandir heyəti açıq şəkildə deyirdi ki, keçirəcəyimiz əməliyyatlardan ermənilər əvvəlcədən xəbər tuturdu. Bəzən elə olurdu ki, əlləri ilə qoymuş kimi olduğumuz ərazini vururdular. Ağdamdakı batalyonlardan bir neçəsindən ermənilərə işləyən aşkarlanıb, ölkənin xüsusi xidmət orqanlarına təhvil verilib. Bu, Tərtər istiqamətində baş verib.
Bəzən deyirlər ki, heç erməniyə işləyən olmayıb. Ancaq rəsmi olaraq məhkəmə qərarları var ki, birinci müharibədə əsir düşən Azərbaycan hərbçilərinə və mülki şəxslərinə azərbaycanlı olanlar işgəncə veriblər. Şuşa türməsində olanlar açıq şəkildə deyirlər ki, erməni üstümüzə gələndə sevinirdik, ancaq özümüzdən olan bir neçə nəfəri görəndə ölmək üçün dua edirdik.
2017-ci ildəki casusluq olayına gəlməzdən öncə yenə xeyli əvvələ qayıtmaqda fayda görürəm.
Azərbaycan Ordusunun kəşfiyyat bölmələri 2003-cü ilə məlumat əldə edirlər ki, erməni tərəfi xüsusi bir qrup hazırlayaraq postların qarşısına göndərib və onlara işləyəcək hərbçi ovuna çıxıblar.
Korpusların kəşfiyyat rəisləri məsələ ilə bağlı ön postlarda xidmət edənləri təlimatlandırmağa başlayır və tapşırıq verirlər ki, əgər erməni tərəfdən onları posta dəvət edənlər olsa, hansısa bir formada “sərt komandirdir, nizamnamədən kənara çıxan biri deyil, tez-tez yoxlayandır” tipində bəhanələr gətirərək – S.M.) yubatsınlar. Təlimatlardan sonra Ağdam istiqamətindəki postlardan birindən kəşfiyyata məlumat daxil olur ki, ermənilər Azərbaycan dilində əsgərlərlə kontakta keçmək istəyiblər. Postdan-posta, “sizin də işığınız yoxdur, bizim də, sizin də bir qarnınız ac, bir qarnınız toxdur bizim də, müharibəni edənlər kefdədir, biz zülm çəkirik, nə ehtiyac var, gəlin biz tərəfdə oturub yeyək, içək”, – təxminən bu tipli söhbət olub. Cavab təlimatlandırıldığı kimi olub və təyin edilən vaxtda təcrübəli zabit ərazidə olub. Söhbət eynilə yuxarıdakı kimi başlayıb. İki ölkə siyasəiləri söyülür, onlar kefdə olur, ancaq zülmü əsgərlər çəkir…
Prosesdə iştirak etmiş şəxslərlə söhbət zamanı dedikləri bu oldu:
“Adamlar son dərəcə peşəkar idilər. Nəinki Azərbaycan dilində, hətta ləhcələrdə də danışa bilirdilər. Əgər prosesin nə olduğunu bilməsəm, “saqqızımı oğurlaya” bilərdilər”.
Buradan belə nəticəyə gələ bilərik ki, erməni tərəfi xüsusi xidmət orqanları ilə hərbi kəşfiyyat birgə fəaliyyət planı hazırlayıb, təxminən 20 nəfərdən ibarət bir qrup hazırlayıb və ön xəttə göndərib. Tapşırıqları isə hər olduqları mövqedən ən azı bir nəfəri ələ keçirmək olub. Niyə belə qənaətə gəldiyimi isə aşağıda izah edəcəm.
Qrup o qədər hazırlıqlı olub ki, əsgərlərin problemlərini dəqiq bilib, Azərbaycan xalqının psixoloji portretini çıxarıb, hansı damardan girməyi çox gözəl hesablayıblar.
Ağdamdakı ilk dialoqdan sonra təlimatlar yenə verilib. Hadisənin üstündən təxminən bir neçə ay keçəndən sonra hərbi kəşfiyyata tamamilə başqa bir istiqamətdən eyni prosesin yaşandığı məlumatı verilib. Yenə eyni variantla 2 gün sonraya danışmaq sözü verilir. Birinci danışığı aparan şəxsin tamamilə fərqli istiqamətdə ermənilərin postdan-posta söhbətində ilk aşkarladığı şey o olur ki, Ağdam istiqamətindəki əsgəri söhbətə çəkən şəxslə bu istiqamətdəki şəxsin səsi eynidir.
Bundan sonra yaşanan başqa bir hadisədə də səsin eyniliyi onu deməyə əsas verir ki, bu, qarşı postdakı hansısa bir erməni zabitinin şəxsi təşəbbüsü deyil. Bu, konkret olaraq planlı bir addım olub. Məqsəd isə ilkin variantda ön postda xidmət edən hansısa MAXE, gizir və ya zabiti əldə etmək olub. Daha çox MAXE və gizirlər üzərində iş aparılıb. Çünki zabitlər, ən azı, bu sahədə təcrübəli olur, qarşı tərəfin belə bir fəaliyyət içərisində olacağını barədə müəyyən təsəvvürləri olur. Sual oluna bilər ki, bəs postda duran hərbçi niyə belə şeylərə inanır? Hər kəsin məntiqi, hər kəsin İQ səviyyəsi eynidir? Bundan əlavə, qarşı tərəfin inandırıcılığı qarşısında, “Bu olmaz”, – deyən şəxsin özü nə qədər tab gətirə bilər?
Bir də onu qeyd edim ki, 2016-cı ilin aprel döyüşlərinə qədər casusluq halı kütləvi olmayıb. Ən azından, araşdırmalarımdan belə qənaətə gəlmişəm.
Sual olunacaq: Əgər belə bir fəaliyyət aşkar edilibsə, 2017-ci ilin mayına qədər hansısa fatklar üzrə cinayət işi açılıb? Bəli, əldə etdiyim məlumata görə, 2017-ci ilin may ayına qədər 30-dan çox cinayət işi açılıb, 200-ə yaxın zərərçəkmiş olub və 700-dən çox şəxs dindirilib.
Məsələ aşkarlanan zaman, təbii ki, korpus komandirlərinə raportlar verilib. Ancaq hərəkətsizlik, bu məsələnin üstünün ört-basdır edilməsi prosesin davam etməsinə gətirib çıxarıb.
Erməni tərəfi hansı səbəblərdən casusların sayını kütləviləşdirməyə qərar verib? Bu barədə növbəti yazıda.
Bundan əlavə, vurulan helikpterin pilotlarının və qara qutusunun götürülməsi ətrafında açıq qalan suallar, aprel döyüşlərinin revanşını almaq üçün oktyabr planlamasına da aydınlıq gətirməyə çalışacam.
Xüsusi vurğulamaq istəyirəm ki, bu yazılar “Tərtər işi”ndəki işgəncələri arxa plana atmaq üçün yox, prosesin səbəblərini üzə çıxarmaq üçün uzun zamandır aparılan araşdırmaların nəticəsində yazılıb. Ən əsası, biz hələ də bilmirik ki, erməni tərəfi o qrupu ərazidən çəkib, yoxsa yox. Bu barədə heç bir məlumatımız olmadığı üçün zabitlər keçmişdən dərs çıxarıb, xüsusən üzbəüz mövqelərdə olan şəxsi heyət davamlı olaraq təlimatlandırılmalıdır. Orduda xüsusi şöbənin fəaliyyəti genişləndirilməlidir.
www.yenicag.az