“The Economist” – Tramp Avropanın Ukraynanı gücləndirmək səylərindən “DOYUB”

media-hightechnic-468x90

 

ABŞ prezidenti Donald Trampın bəzi müşavirləri Avropanın Ukraynanı gücləndirməyə yönələn səylərindən narazıdır.

Yenicag.az xəbər verir ki, bu barədə “The Economist” jurnalının diplomatik mənbələrə istinadən hazırladığı materialda qeyd olunur.

Nəşrin məlumatına görə, Tramp administrasiyasının Ukraynaya dəstəkdən uzaqlaşmasını göstərən bir sıra addımlar atılıb. Bunlara ABŞ hərbçilərinin Polşanın Jeşuv şəhərindəki əsas bazadan çıxarılması, Ukrayna üzrə Müdafiə Əlaqə Qrupundakı iştirakın azaldılması və Ukraynaya qarşı 10 faizlik gömrük tarifinin tətbiq olunması daxildir. Maraqlıdır ki, bu məhdudiyyətlər Rusiyaya qarşı tətbiq edilməyib.

Jurnal qeyd edir ki, Pentaqon nümayəndələrinin son vaxtlar Avropadakı müttəfiqlərindən birinə “Ukraynaya niyə hələ də silah göndərirsiniz?” sualını verməsi də vəziyyətin dəyişdiyini göstərir. Vaşinqtondakı diplomatların bildirdiyinə görə, Trampın bir sıra müşavirləri özəl söhbətlərdə Avropanın Ukraynanı dəstəkləməyə yönəlmiş səylərindən “bezdiklərini” deyirlər.

“The Economist” yazır ki, həmişə olduğu kimi, belə xaotik administrasiyalarda əsl siqnalı səs-küydən ayırmaq çətindir. Hazırda Avropa iki istiqamətdə hərəkət edir. Birinci istiqamət Britaniya və Fransanın atəşkəsdən sonra Ukraynaya yardım məqsədilə “Avropa sakitləşdirici qüvvələri” yaratmaq təşəbbüsüdür. Rusiya bu təşəbbüsə qarşı çıxır. ABŞ isə Avropaya dəstək verəcəyinə dair heç bir zəmanət vermir.

Avropa bu addımla Trampa Avropanın təhlükəsizliyi üçün məsuliyyət daşıdığını göstərməyə çalışır və ümid edir ki, ABŞ heç olmasa NATO-ya sadiqliyini saxlayacaq. Yeni təhlükəsizlik modelinə görə, gələcəkdə Rusiyanın qarşısının alınması üç zonada həyata keçiriləcək: şərqdə gücləndirilmiş Ukrayna ordusu, qərbdə Avropa qüvvələri və hazırda olduğu kimi NATO ölkələrində ABŞ hərbi kontingenti.

İkinci istiqamət isə Avropanın Ukraynaya hərbi yardımını artırmaq planıdır. ABŞ-ın sabiq milli təhlükəsizlik şurasının üzvü Devid Şimer bildirib ki, Avropa vaxt itirmədən silah ehtiyatlarını Ukraynaya verməli, Ukraynanın hərbi sənayesini maliyyələşdirməli, ABŞ-dan hava hücumundan müdafiə sistemləri alınması üçün Tramp ilə danışıqlar aparmalı və dondurulmuş Rusiya aktivlərindən istifadə etməlidir. Şimer qeyd edib ki, Rusiya işğalı davam etdirmək niyyətindədir və ABŞ-ın məsafə saxlaması fonunda Ukrayna təkbaşına mübarizəni davam etdirməli olacaq”.

Xatırladaq ki, Donald Tramp daha əvvəl Ukrayna ilə Rusiya arasında gedən müharibəyə “heç bir aidiyyəti olmadığını” və guya Rusiyanın Sumı şəhəri ilə bağlı səhvə yol verdiyini iddia etmişdi.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600