Tibb mütəxəssislərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün yeni yanaşma
Azərbaycanda praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin biliyi sertifikasiya imtahanı ilə yanaşı davamlı peşəkar inkişafı da (DPİ) qiymətləndiriləcək.
Yenicag.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Əmək Məcəlləsinə dəyişikliyi təsdiqləyib.
“Əhalinin sağlamlığının qorunması haqqında” qanunun müvafiq maddəsinə uyğun olaraq səhiyyə mütəxəssislərinin sertifikasiyası keçirilir.
Əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi məqsədinə nail olunması üçün tibb mütəxəssislərinin peşə bilik və bacarıqlarının imtahan vasitəsilə qiymətləndirilməsi ilə yanaşı dünyanın bir çox ölkələrində istifadə edilən Dünya Tibb Təhsili Federasiyasının standartları ilə hazırlanan davamlı peşəkar inkişafın (DPİ) tətbiqini zəruri edir.
Sertifikasiya şəhadətnaməsinin əldə edilməsi üçün tibb mütəxəssislərinin öz seçimlərindən asılı olaraq 5 ildə bir dəfə imtahanda iştirak etməsi və ya elmi, pedaqoji və digər tədris fəaliyyətləri ilə məşğul olmaqla davamlı peşəkar inkişafı həyata keçiriləcək.
Sertifikasiya şəhadətnaməsinin əldə edilməsi üçün DPİ-nin tətbiqinin aşağıdakı üstünlükləri var:
– tibb mütəxəssislərinin peşəkarlığının artırılmasına daha çevik və effektiv yanaşma təklif edir;
– tibb mütəxəssislərinin fəaliyyətinin bütün xüsusiyyətlərini (tədris, elmi, praktik, pedaqoji və s.) əhatə edir və peşəkarlığın yüksəldilməsi üçün müxtəlif üsullardan istifadəni nəzərdə tutur;
– tibb mütəxəssislərini yalnız ixtisasartırma kurslarında iştirakla məhdudlaşdırmayaraq onlara peşəkar inkişaf üçün daha geniş imkanlar yaradır və onları daim öz üzərində işləməyə motivasiya edir;
– tibb mütəxəssislərinin beynəlxalq peşəkar mühitə inteqrasiyasına şərait yaradır;
– tibb mütəxəssislərinə peşəkar inkişafını planlaşdırmaqda və onun qeydiyyatını aparmaqda kömək edir.