Ticarət müharibəsinin yeni mərhələsi BAŞLADI – Amerika dünyanı özü ilə cəhənnəmə SÜRÜKLƏYİR?
1870-ci illərdən 1970-ci illərə qədər, yəni təxminən bir əsr ərzində,ABŞ dünya sənaye istehsalının əsas mərkəzlərindən biri idi və nəticədə, ABŞ iqtisadi inkişafda ciddi irəliləyişlər əldə etdi. Birinci və İkinci Dünya müharibələri dövründə Avropa ölkələrinin iqtisadiyyatları ciddi zərərlər gördü, ABŞ isə nisbətən təhlükəsiz coğrafi mövqeyində olduğundan təchizat və istehlakın əsas mərkəzi oldu. Lakin 1960-cı illərdən sonra vəziyyət dəyişməyə başladı və dünya istehsalının bölüşdürülməsi baş verdi.
Yenicag.az xəbər verir ki, bu barədə “Past” nəşrinin analitik məqaləsində qeyd olunub.
Qəzet yazır ki, tədricən ABŞ-də nəhəng sənaye fabrikləri bağlandı və bunun nəticəsində minlərlə iş yeri itirildi:
“Bir sıra şəhərlər, məsələn, Detroyt, Klivlend və Pittsburq əvvəlki sənaye şöhrətlərini itirdilər. Bu prosesin baş verməsinin səbəblərindən biri də odur ki, şirkətlər istehsal zavodlarını ABŞ-dən digər ölkələrə, məsələn, Meksikaya, Çinə, Cənubi Koreyaya və s. köçürməyə başladılar. İstehsalın köçürülməsinin bir çox səbəbi var idi, amma ən başlıcası ucuz işçi qüvvəsinin mövcudluğuydu və ABŞ-də istehsalın təşkili daha baha başa gəlirdi. Digər tərəfdən, işçilərin hüquqlarının qorunması, yüksək maaşlar və ekologiya ilə bağlı tənzimləmələr də rol oynadı”.
Məqalədə qeyd olunub ki, nəticədə Çin, Cənubi Koreya, Tayvan, Almaniya və digər ölkələr ucuz və keyfiyyətli məhsullar təklif etməyə başladılar:
“Tədricən də Çin ABŞ-nin itirdiyi mövqeləri tutmağa başladı və dünyanın ən böyük sənaye istehsalçısına çevrildi. 2000-ci illərdən etibarən Çin “dünyanın fabriki” olaraq adlandırılmağa başlandı. Çin və digər sənaye potensialı qazanan ölkələr öz məhsulları ilə ABŞ bazarını doldurmağa başladılar və eyni zamanda, nisbətən aşağı gömrük rüsumlarından istifadə etdilər. ABŞ iqtisadiyyatı isə post-sənaye mərhələyə keçərək, daha çox xidmət sektoruna əsaslanmağa başladı. Hazırda iqtisadiyyatın ümumi həcminin 85%-dən çoxu xidmət sahələrindəndir. Bu sahələrdə isə üstünlük təşkil edən sahələr texnologiya, maliyyə xidmətləri, səhiyyə və təhsil kimi sahələrdir. Doğrudur, ABŞ tamamilə sənaye potensialını itirmədi, amma artıq dünya mərkəzi deyil”.
Bildirilir ki, ABŞ daha çox məhsul idxal etməkdən çox onu ixrac etməyə başladı və nəticədə dünyanın ən böyük ticarət defisiti olan ölkəsinə çevrildi:
“2024-cü ildə ABŞ-nin məhsul ticarətinin defisiti artıq rekord səviyyəyə – 1,2 trilyon dollara çatıb ki, bu da ötən illə müqayisədə əhəmiyyətli artım deməkdir. ABŞ-də insanlar əvvəlki dövrlərdə fabrikaların minlərlə iş yeri təmin etdiyi dövrləri nostalji ilə xatırlayırlar və yerli istehsal yalnız daxili tələbatı deyil, həm də ixracı təmin edirdi. Belə təsəvvürlər “iqtisadi millətçilik” ideyalarının inkişafına təkan verir. ABŞ cəmiyyətində belə bir atmosferin mövcudluğu Donald Trampın yenidən Ağ Evə qayıtmasına böyük təsir etdi. O, ABŞ-ni yenidən güclü etməyə vəd etdi və bu kontekstdə ABŞ sənayesi və istehsalının yenidən yüksələcəyini söylədi. Bunun üçün o, ABŞ istehsalçıları və şirkətləri üçün vergiləri azaltmağa, əvəzində isə xaricdən gətirilən məhsullara tətbiq olunan gömrük rüsumlarını artırmağa hazır olduğunu bildirdi”.
“Aprelin 2-də ABŞ prezidenti dünya ilə ticarət müharibəsi elan etdi və Ağ Evdəki Çiçək Bağında keçirilən rəsmi tədbirdə həmin günü Amerikanın “Azadlıq Günü” kimi elan edərək, ABŞ-yə gətirilən məhsullar üzərində görülməmiş gömrük rüsumları tətbiq etdi. Trampın əsas hədəf aldığı ölkələr ABŞ-yə böyük həcmdə məhsul ixrac edən mərkəzlərdir: Çin, Aİ ölkələri, Kanada və Meksika. Bu ölkələr isə öz növbəsində Amerikanın məhsullarına qarşı gömrük rüsumlarını artırmaq və digər addımlar atmaq niyyətində olduqlarını bildirdilər. Aİ-nin bəzi üzv ölkələrində artıq Amerikan məhsullarına qarşı boykot hərəkatı başlasa da, tərəflər arasında vəziyyəti yumşaltmaq məqsədilə danışıqların başlanması istisna edilmir, xüsusən də Tramp yeni müqavilələr imzalamağa meyllidir. Lakin iqtisadçılar və banklar artıq xəbərdarlıq edirlər ki, ticarət müharibəsi dünya iqtisadi fəallığının azalmağa, inflyasiya və qiymətlərin artmasına səbəb ola bilər”, – deyə məlumatda qeyd olunub.
Rafi Müslümov