Tiflisdə Azərbaycan izlərini qoruyan ad: Mehriban Əliyeva – Aqil Ələsgər yazır
Azərbaycan Prezidenti İlham Əliyev ilə Birinci xanım Mehriban Əliyevanın Gürcüstana səfəri ilə bağlı xəbərləri oxuyanda istər-istəməz yaddaşı insanı yenidən Tiflisin o köhnə küçələrinə aparır.
O şəhərdə keçirdiyi günlər, orada gördüyü insanlar, hiss etdiyi doğmalıq gözününü önündən bir-bir keçir. Sanki həmin küçələrdə yenidən addımlayır, “Müsyo Jordan” restoranının pəncərəsindən Mirzə Fətəliyə baxır, Azərbaycan sözünün səsləndiyi o isti mühiti yenidən yaşayırsan.

Rəsmi məlumatlarda deyilir ki, Mehriban xanım muzeydə oldu, soydaşlarımızla maraqlandı, mədəniyyət nümayəndələri ilə görüşdü. Bunlar faktlardır, xəbərin görünən tərəfidir. Amma o faktların arxasında başqa bir duyğu, başqa bir istilik də var ki, onu yalnız ora gedən, o insanlarla üz-üzə oturub danışan, onların gözündəki minnətdarlığı hiss edən anlayır.
Çünki bəzən bir səfər sadəcə rəsmi hadisə olmur. Bəzən o səfər bir ümidin yenilənməsi, bir yaddaşın qorunduğunu görməyin verdiyi sakit bir sevinc olur.
Tiflisə hər səfər edəndə bir şeyi açıq şəkildə görmüşəm: orada Azərbaycan mədəniyyətinin yaşaması təsadüfi deyil. Axundzadə muzeyi, Azərbaycan məktəbi, Cümə məscidi, müxtəlif mədəniyyət ocaqlarımız – bunlar sadəcə daşdan tikililər deyil. Bunlar yüzilliklərin davamı olan izlərdir. Ta Şah Abbas dövründən bu günə qədər uzanan bir yaddaşdır.

Amma tarix özü-özünü qorumur. Onu qoruyan, ona sahib çıxan insanlar olur. Tiflisdə də bu izlərin qorunduğunu açıq şəkildə görürsən, hiss edirsən. Maraqlısı budur ki, bu izlərə təkcə azərbaycanlılar yox, gürcülər də sayğı ilə yanaşırlar. Bu isə artıq münasibətin başqa bir mərhələsidir – qarşılıqlı hörmət mərhələsi.
Bunu Tiflisə getmədən görmək, yaşamaq mümkün deyil. Muzeyin direktoru Leyla xanımla danışanda, səfirimiz Faiq müəllimi dinləyəndə, məktəbdə müəllimlərlə görüşəndə, soydaşlarımızla söhbət edəndə bir fikir açıq görünür: bu mədəni irsin bir hamisi var. Hər hansı məsələ yarananda, hər hansı təşəbbüs lazım olanda insanların ümidlə baxdığı bir ünvan var.
O ünvanın adı Mehriban Əliyevadır. Azərbaycan prezidentinin ən yaxın silahdaşı, sirdaşı. Eyni zamanda Gürcüstandakı mədəni irsimizin səssiz, nümayişsiz hamısı.

Mehriban xanımın rolu burada sadəcə səfər zamanı ziyarət etməkdən ibarək deyil. Çünki söhbət tək bir muzeydən və ya bir tədbirdən getmir. Söhbət bütöv bir mədəni irsdən gedir. Gürcüstandakı Azərbaycan izlərinin – məktəbinin, məscidinin, muzeyinin, dilinin, ənənəsinin yaşamasından gedir.
Bu gün Tiflisdə Azərbaycan məktəbi fəaliyyət göstərirsə, uşaqlar ana dilində oxuyursa, Axundzadə muzeyinin işıqları sönmürsə, Cümə məscidi cümlə müsəlmanın ibadət yeridirsə, mədəniyyət tədbirləri ilboyu davam edirsə və ən əsası, bu izlərə gürcülər də hörmətlə yanaşırsa, bu, illərlə qurulan və davam edən mədəni əlaqələrin nəticəsidir. Bu əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, Prezident İlham Əliyev dönəmində daha da inkişaf etdirilən, xüsusilə də Mehriban Əliyevanın himayəsində qorunan Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin sadəcə rəsmi münasibət olmadığını, xalqların yaddaşında yaşayan, qorunan və hər yeni nəsillə bir az da möhkəmlənən bir mənəvi bağ olduğunu göstərir.
Mehriban xanımın son səfəri də mənə bir şeyi bir daha xatırlatdı: mədəniyyətə qayğı davamlı münasibət tələb edir. O münasibət isə illərlə formalaşır. Mən bunu həm öz gözlərimlə gördüklərimdə, həm muzeyin sadəcə direktoru deyil, o muzeylə nəfəs alan Leyla xanımın dilindən eşitdiklərimdə, həm də Tiflisdə yaşayan insanların münasibətində açıq şəkildə hiss etmişəm.
Bəzən bir şəhərdə iz qoymaq çətin deyil. Amma o izi qorumaq illər tələb edir. Tiflisdə qorunan o izlərin arxasında isə bir diqqət, bir məsuliyyət və ən əsası, müstəsna bir rol dayanır.
Bu rolun sahibi isə yuxarıda da qeyd etdiyim kimi Mehriban Əliyevadır.
Bu gün Tiflisdə addımlayanda, köhnə küçələrdə Azərbaycan dilində səslər eşidəndə, məktəbdən çıxan uşaqların ana dilində danışdığını görəndə, muzeyin qapısının açıq olduğunu görəndə anlayırsan ki, bu, sadəcə keçmişin yadigarı deyil. Bu, qorunan bir taledir. Bu, sahib çıxılan bir yaddaşdır.
Tiflisdə Azərbaycan izlərinin bu gün də silinməməsi, əksinə, hörmətlə qorunması bir həqiqəti açıq göstərir: bu izlər taleyin ümidinə buraxılmayıb. Onların arxasında dayanan bir ürək, bir iradə və bir sahiblik hissi var. Bu sahiblik hissinin adı isə yenə eyni cür səslənir: Mehriban xanım Əliyeva.
Elə buna görə də Tiflisdə Azərbaycan adı çəkiləndə insanlar sadəcə bir ölkəni yox, bir qayğını xatırlayırlar.
İllərlə səssiz, nümayişsiz, amma israrlı şəkildə qorunan bir mədəni yaddaşı xatırlayırlar.
Və o yaddaşın arxasında dayanan adı: Mehriban Əliyevanı, Tiflisdə Azərbaycan izlərinin qorunmasının simvolu kimi qəbul edirlər.
Son səfərdə Mehriban xanımın yenidən muzeyə gəlməsi, muzeyin fəaliyyəti ilə maraqlanması, oranın vəziyyəti ilə tanış olması bu səbəbdən də adi bir ziyarət kimi görünmür. Bu, həm gürcü ictimaiyyətinə, həm gürcü dövlətinə, həm də orada yaşayan soydaşlarımıza çox incə, səssiz və nümayişsiz bir mesajdır: Azərbaycan özünün mədəni izlərini heç vaxt tək buraxmır. Azərbaycan öz tarixinin, öz yaddaşının hər zaman yanındadır və bu belə də davam edəcək.
Çünki Tiflisdə hər dəfə muzeyin qapısı açılanda, məktəbdə Azərbaycan dili səslənəndə, məsciddə azan oxunanda insanlar yaxşı bilir ki, o izlərin arxasında bir diqqət dayanır – o diqqətin adı isə Mehriban Əliyevadır.
Aqil Ələsgər













