!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Top Rusiyanın MEYDANÇASINDA – Vaşinqton 30 günlük atəşkəsdə İSRARLIDIR

!Reklam – Yazi

“Təbii ki, Ağ Ev 30 günlük atəşkəs təklifi ilə bağlı Rusiyanın da razı olması üçün maksimum dərəcədə təzyiq mexanizmlərindən istifadə edəcək və bunun açıq şəkildə anonsu da verilib.

Həm ABŞ dövlət katibi, həm də digər rəsmi şəxslər tərəfindən artıq bəyan edilib ki, Rusiya bu proseslərdən, yəni atəşkəs razılaşmasından imtina edərsə, Ukraynaya dəstəyin həcmi artırıla və indiyə qədər tətbiq olunmayan daha geniş və əhatəli sanksiyalara əl atıla bilər”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Siyasi təhlilçi ABŞ-nin təklifi etdiyi 30 günlük atəşkəs məsələsinə Rusiyanın münasibətini şərh edib.

Xatırladaq ki, “CBC News” kanalının məlumatına görə, Ağ Ev Rusiyaya qarşı sanksiyaları sərtləşdirməklə Rusiyanı təklif olunan 30 günlük atəşkəs şərtlərini tez bir zamanda qəbul etməyə inandırmağa çalışır.

Prosesləri şərh edən R. Bayramov isə əmindir ki, ABŞ maksimum dərəcədə tez bir zamanda Rusiyanın bu təklifə müsbət cavab verməsini istəyir:

“Məlumdur ki, danışıqlar davam edir. ABŞ və Ukrayna arasında aparılan son danışıqlardan və əldə olunan razılaşmalardan sonra eyni təklifin Rusiya ilə müzakirə olunması da planlaşdırılır. Rusiya tərəfi qeyri-rəsmi də olsa, ümumilikdə atəşkəs razılaşmasına razı olduğunu, lakin müəyyən tərəddüdlərin olduğunu dilə gətirib. Putin açıq şəkildə bu razılaşmanın uzunmüddətli perspektivdə aparılması ilə bağlı istəklərini bildirib. Peskov, Lavrov və digərləri isə hansı tərəddüdlərin olduğu barədə açıq şəkildə fikirlərini bölüşüblər”.

Onun sözlərinə görə, Rusiya maksimum dərəcədə istəyəcək ki, bu atəşkəs razılaşması müəyyən şərtlər daxilində baş versin:

“Çünki Rusiya düşünür ki, 30 günlük atəşkəs Ukraynanın silahlandırılmasına və zaman qazanmasına xidmət edə bilər. Ona görə də, məsələn, 30 gün ərzində Ukraynaya silah ötürülməsinin dayandırılması və ya buna bənzər digər şərtlər irəli sürə bilər. Amma yekunda iki yol var: ya Trampın təklifi ilə razılaşıb atəşkəsə gəlmək, ya da bundan imtina edib ABŞ-nin Ukraynaya maksimum dəstəyini seyr etmək. Rusiya tərəfi bu barədə ciddi düşünəcək və özü üçün uyğun olan addımı atacaq”.

“Lakin mənə elə gəlir ki, ABŞ ilə uzlaşan maraqların mövcudluğu və Qərb koalisiyasının Ukraynaya dəstəyinin hansısa formada zəiflədilməsini daha vacib sayan Putin hakimiyyəti sonda bu razılaşmaya gedəcək. Çünki Tramp üçün Ukraynadan ala biləcəyi artıq, demək olar ki, bir şey qalmayıb. Zelenski və Ukrayna hökuməti Trampın istədiyi əlvan metallarla bağlı sazişin tez bir zamanda imzalanması barədə ortaq razılıqlarını ifadə ediblər. İndi bütün gücün Rusiya tərəfə yönəldilməsi gözlənilir”, – deyə o, aydınlaşdırıb.

“Tramp açıq şəkildə bildirə bilər ki, Ukrayna sülhə razı olduğu halda Rusiyanın bundan imtina etməsi nəzərə alınaraq müəyyən sanksiyalar tətbiq olunacaq və ya digər addımlar atılacaq. Yəni top tamamilə Rusiyanın meydanına ötürülüb. Ukrayna-ABŞ danışıqlarından sonra indi Rusiya tərəfinin addım atmaq növbəsidir. Yəqin ki, müəyyən şərtlər olacaq, lakin nəticədə bəzi şərtlərlə birlikdə Rusiyanın da atəşkəs razılaşmasını imzalayacağını görə bilərik”, – deyə R. Bayramov fikirlərini tamamlayıb.

Rafi Müslümov

www.yenicag.az

721
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv