Toy və yas mərasimlərindəki DƏYİŞİKLİKLƏR: Biznesləşən ənənələr və dini dəyərlərin ZƏDƏLƏNMƏSİ
Azərbaycanın ənənəvi toy və yas mərasimlərindəki dəyişikliklər son illərdə geniş müzakirə mövzusuna çevrilib.Cəmiyyətin sürətlə dəyişən sosial və mədəni tələbləri, bu mərasimlərin yeni formalar almasına səbəb olub. Milli toylar, əvvəlki dövrlərdə olduğu kimi, çoxsaylı mərasimləri və ənənələri özündə cəmləşdirsə də, günümüzdə həm mədəniyyətin, həm də iqtisadi şəraitin dəyişməsi ilə bu mərasimlər daha çox şou-biznesin bir parçasına çevrilib. Artıq toylar yalnız bir cəmiyyət tədbiri deyil, həm də böyük biznes sahəsinə çevrilmişdir.
Eyni zamanda, yas mərasimlərində də ciddi dəyişikliklər baş vermişdir. Keçirilən mərasimlərin bir çoxu artıq biznesə çevrilib və israfçılıqla müşayiət olunmağa başlayıb. Yüksək qiymətlər, mərasim evləri və süfrələrdəki həddindən artıq dəbdəbə, bəzən dini və mədəni ənənələrə zidd hallara gətirib çıxarır. Bununla yanaşı, bəzi bölgələrdə yas mərasimləri artıq maddi maraqlara xidmət edir və bəzən bu mərasimlərin mənəvi tərəfləri unudulur. Cəmiyyətin bu məsələyə qarşı reaksiyası isə müxtəlifdir, amma ən önəmlisi, bu ənənələrin hər iki sahədə də düzgün şəkildə müasir tələblərə uyğunlaşdırılmasıdır.
Hər iki mərasim növü toy və yas zaman keçdikcə cəmiyyətin ehtiyaclarına uyğunlaşır, amma bu dəyişikliklər həm mədəniyyətin qorunması, həm də cəmiyyətin rifahı üçün doğru bir balans tapmağı tələb edir.
Yenicag.az-a açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib ki, Azərbaycan milli toyları özü-özlüyündə çox böyük bir mədəniyyət hadisəsi olsa da, onun da bir doğuluşu, inkişaf etdiyi bir vaxtı, gənclik dövrü, sonra cavanlıq və eniş dövrü oldu:
“Bu, bizim keçdiyimiz sivilizasiya yolu ilə, ümumiyyətlə, xalqımızın keşməkeşli tarixi ilə bağlı olan bir hadisədir. Sürət əsridir – XXI əsrdir və Azərbaycan xalqı, çox aydın dərk edir ki, bu sürət əsrində əvvəlki kimi yüzə yaxın mərasimi özündə birləşdirən milli toyları olduğu kimi gələcək əsrlərə ötürmək mümkün deyil. Təsəvvür edin ki, oğlanın qızı bəyənməyindən tutmuş, bacısının gedib qızı yoxlamasına qədər – yəni hamamda onun vizual olaraq psixi və ya bədən qüsurunun olub-olmamasını araşdırmaq, eyni zamanda qonşularından bu ailənin, nəslin kökü haqqında məlumat toplamaq, mənəvi, əxlaqi, dini dəyərlərə, etnik-milli kimliyə malik olub-olmadığını öyrənməkdən tutmuş ta qadın və kişi elçiliyi, həriyə almaq, ağsaqqal plovu, nişan, xına axşamı, kəbin kəsilməsi – eyni zamanda indi buna sonralar nikahın rəsmiləşdirilməsi də əlavə olunub – üstəlik paltar kəsdi mərasimi, yəni buna qız toyu da deyirlər – ciyər axşamı, bir-birinin evinə qonaq getmək, nişan üzüyü aparmaq, xonçalar aparmaq, milli-dini bayramlarda xonçalar aparmaq, gəlini üzə çıxarmaq, bəyi üzə çıxarmaq, gəlinə və bəyə hədiyyələr almaq, kişi toyu, üç gün çilə çıxmaq, bir il sonra uşağın dünyaya gəlməsi və sair – bütün bu mərasimlər milli toyun özəlliyini təşkil edirdi”.
“Amma gəlin baxaq: indi buna iqtisadi cəhətdən imkanımız varmı? Vaxt olub ki, 40 gün 40 gecə şahlar öz övladları üçün toy ediblər. Xəzinənin qapısını açıb kasıb-kusuba ənamlar veriblər. Qonaqlığa ziyafətlər verilib, meydanlarda çağırışlar oynanılıb. Vaxt vardı ki, bizim özümüz də qeyd etdiyim bu mərasimlərin hamısını yaşayırdıq. Amma o vaxtlar nə televiziya vardı, nə internet, nə belə sürət əsri vardı, nə inkişaf, nə də iqtisadi-sosial vəziyyət o qədər yüksək idi ki, insanlar toya verdiyini verib, övladı üçün ev alsın, yaxud maşın alsın, ya da özünə bir iş obyekti yaratsın – bunu düşünmürdülər”, – deyə o, əlavə edib.
Onun sözlərinə görə, indi həm də toy, şou-biznesin bir hissəsinə çevrilib:
“Toy özü ilə yanaşı, Azərbaycanda minlərlə iş yeri açır. Toyda zərgərlik məhsullarından tutmuş, paltara, bərbərlərə, səsyazma studiyalarına, şadlıq saraylarından tutmuş fanatik və proqram istehsalçılarına, müğənnilərə, çalğıçılara, aşpazlara, ofisiantlara, toy idarəçilərinə qədər çox böyük bir sahədə iş yerləri yaradılıb və biz burada şou-biznesin elementlərini toyda da görürük. Əlbəttə, toyların buna görə də fəlsəfəsi dəyişməli idi və “modern toy” dediyimiz ifadə 1950-ci illərdən sonra Azərbaycanda ümumi müzakirəyə çıxarıldı. Məhz 1990-cı illərdə – müstəqillik dövründən sonra – toylarda islahatlar çox sürətlə getdi. Xüsusən də son beş ildə bu sürəti yeni nəsil daha aydın gördü. Yeni nəsil toylara yeni rəng qatmağa başladı – toyların idarə edilməsindən tutmuş, toyun şouya çevrilməsi, toy müddətinin azalması, eyni zamanda xidmətin artması. Toyda yalnız “Vağzalı” çalınmır. Musiqi var, rəqs var, ansambllar gəlir, müxtəlif müğənnilər gəlir – axı bu, onun içində yer alır”.
A. Xan Əbilovun fikrincə, eyni zamanda, toyla bağlı digər yeniliklərdən biri də Avropa musiqisinin, ansamblların, hətta balet və milli rəqs elementlərinin toya daxil edilməsidir:
“Burada nə pis ola bilər ki? Toyda sevənlər bir-birini gördükləri andan tutmuş toya qədərki dövrə aid foto və videolardan ibarət klip hazırlayıb nümayiş etdirirlər. Yaxud dostları ilə müxtəlif yerlərə səyahətə gedirlər və s. Bu yeniliklər əlbəttə ki, dəstəklənməlidir. Əgər bu yeniliklər yaxşıdırsa, xalq da onu dərhal öz toyunda tətbiq edir və biz buna görə qısqanmamalıyıq. Yeni nəslin bu yeniliklərinə alışmaq lazımdır. Vaxtilə çadır toylardan şadlıq evlərinə keçid, onlarla mərasimin bir neçəsi ilə əvəz olunması da məhz bu islahatların bir hissəsi idi”.
Həmsöhbətimiz əmindir ki, Modern toylar əlbəttə ki, toyu idarə edən, onu təşkil edən gənclərdən asılıdır:
“Biz bəzən unuduruq ki, toy gənclərin nikaha girməsidir. Övladını evləndirmək isə başqa bir mədəniyyət forması, düşüncə və həyat tərzidir. Amma toy məhz gənclərindir. Gənclər bu toyda özlərini göstərmək, istəklərini həyata keçirmək, rəqs etmək istəyirlər. Amma bizdə necədir? Yaşlı adamlar çağırılır, onlar səsdən şikayət edirlər, musiqi janrlarını anlamırlar, gileylənirlər. İçki içən və rəqs edən gənclərə birtəhər baxırlar və toyun ovqatını pozurlar. Bunu unutmaq lazımdır. Mən ümumiyyətlə, o vaxt təklif etmişdim ki, toylarımızı iki yerə bölək: yaşlı və uşaqlı, ailəli, inanclı adamlar üçün ayrı bir zal, gənclər üçün isə ayrı bir zal. Bu imkanlar bir çox şadlıq evlərində var. Və yaxud elə edə bilərik ki, – məsələn, indi bəzi rayonlarda artıq bunu tətbiq edirlər – toyun bir hissəsində yaşlılar oturur, yeyir, rəqs edir, təbrik edir və çıxıb gedir. Qalan hissədə isə gənclər və yaxın çevrə qalır”.
Kulturoloq diqqətə çatdırıb ki, pandemiya dövründə də milli toylarımızda islahatlar getdi:
“Hətta onlayn toylar keçirildi və mən virtual toyların qızğın tərəfdarı idim. O təklifi də irəli sürmüşdüm. Təklifim nədən ibarət idi? Biz 60–70 milyonluq dünya azərbaycanlılarıyıq. Amma onların az bir hissəsi Azərbaycanda yaşayır. Digərləri isə mühacirətdədir, ya orda işləyir, ya da təhsil alırlar. Onların toyda virtual iştirakını təmin etmək üçün canlı yayımlar edib, toyu daha sıx, yaxın çevrə ilə keçirmək olar. 507 və ya 100 nəfər çağırmaq əvəzinə, öz yaxınlarını dəvət edib, qalanlarını isə onlayn formada qoşmaqla toyda iştiraklarını təmin etmək mümkündür. Onlar da öz arzularını bildirir, iştirak edirlər”.
“Ona görə də toy mərasimlərində modern yeniliklərdən qorxmaq lazım deyil – əksinə, buna getmək lazımdır. Tezliklə bu dəyişikliklər də öz yerində oturuşacaq. Hələ də düşünürəm ki, bunu yaşlı nəsil, xüsusən də “mentalitet” müdafiəçiləri anlaşıqlı qarşılamalıdır və imkan yaratmalıdırlar ki, hər yeni nəsil Azərbaycan milli toyuna öz yeniliyini gətirsin. Dünyadan götürdüyünü, özünün kəşf etdiyini, özünün təklif etdiyini bu toylara qatsın ki, toylarımız doğrudan da milli olsun – ruhən həmişə cavan qalsın, heç vaxt elimiz toysuz olmasın və gələcəyimiz xarici toylara yox, məhz Azərbaycan toylarına həvəslə getsin”, – deyə o, söyləyib.
Tanınmış ilahiyyatçı Hacı Nizami Rza isə deyib ki, bu gün Azərbaycan yas mərasimlərində dini ənənələr İslam hökmləri ilə uyğunlaşmır:
“Birinci məsələ budur ki, yas mərasimlərinin təşkili ilə bağlı bütün məsələlər demək olar ki, inhisara çevrilib və müxtəlif sahələr üzrə bu, bir biznes sahəsinə dönüb. Baxın, insan dünyasını dəyişirsə, hüzr sahibinin qarşısında duran ilk məsələ onun dəfn üçün yerinin müəyyən edilməsidir. Bu zaman hansısa işbazın vasitəsilə çox baha qiymətə torpaq sahəsinin – dəfn yeri kimi – alınması məsələsi ortaya çıxır”.
Onun sözlərinə görə, bu gün Azərbaycan cəmiyyətində belə bir fikir formalaşıb:
“Heç bir rayonda, heç bir yerdə insanın qəbiristanlıqda pulsuz dəfn olunması mümkün deyil. Hüzr sahibi, əgər cənazəsini kənd və ya şəhər qəbiristanlığında pulsuz dəfn etmək istəsə belə, bunun üçün rahat bir yol yoxdur. İkinci məsələ – yas mərasimlərinin keçirildiyi yerlər artıq xüsusi mərasim evlərinə çevrilib. Hətta deyərdim ki, bu mərasim evləri bəzi oliqarxlar tərəfindən tikilib. İstər Bakıda, istər Sumqayıtda, istərsə də rayonlarda mərasim evləri tikilib və oradakı qiymətlər hamıya bəllidir. Üçüncü – yas mərasiminə gələn insanların ehsanla təmin edilməsi məsələsi demək olar ki, 90 faiz hallarda kənar şəxslərin vasitəsilə hazırlanır. Yas mərasimi keçirilən evlər bir növ iaşə obyektinə çevrilib: menyu sifariş olunur, təsdiqlənir, qiymətlərlə tanış olunur və bu qiymətlərə uyğun olaraq hər iştirakçı üçün maddi məbləğ hesablanır. Digər bir məsələ – “üçü”, “yeddisi”, “cümə axşamı”, “qırxı”, “ili”, “əlli ikisi” mərasimləri. Bəzi rayonlarda daha artıq mərasimlər də keçirilir. Bunlara “dini ənənə” adı verilsə də, əslində nə Quran, nə də İslamda bu anlayışlar mövcuddur. Quranda yalnız üç günlük matəm müddəti var”.
Hacının fikrincə, bundan sonra isə sadəcə mərhumun xatirəsinə qəbirüstü abidənin düzəldilməsi nəzərdə tutulur:
“Bu isə Azərbaycanda böyük biznes şəbəkəsinə çevrilib. Müəyyən oliqarxların tabeliyində olan şirkətlər tərəfindən bu iş “uğurla” həyata keçirilir. Azərbaycanda elə insanlar var ki, dünyasını dəyişən əzizi sağlığında necə yaşayıb – bunu bilmirlər, amma başqalarına göstərmək üçün onun məzarının üstünə 20, 30, bəzən 100 minlik abidə qoydururlar. Hətta Rusiyadan xüsusi heykəltəraşlara heykəl sifariş edənlər də var. Şəxsən özüm şahid olmuşam. Yəni deməyim odur ki, Azərbaycanda dini ənənələr İslam hökmləri ilə uyğun gəlmir. Hətta dəfn mərasimlərinin özündə belə İslama zidd hallar müşahidə olunur. Başqa bir məsələ – dini mərasimlərin ruhanilər tərəfindən aparılması məsələsi də inhisara çevrilib. Mən dəfələrlə görmüşəm ki, imkanlı adamların yas mərasimlərində eyni din xadimi iştirak edir. Hətta məlumatım var ki, varlı adamların mərasimlərinə xüsusi icazə və imtiyazla həmin ruhanilər gəlirlər”.
“Təəssüf ki, yas məclislərində edilən çıxışlar çox zaman Quran hökmlərinə əsaslanmır. İnsanlar dini söhbət əvəzinə nağıllara, uydurulmuş rəvayətlərə qulaq asırlar. Halbuki belə məclislərdə dünyasını dəyişmiş insanın fəaliyyəti, əmək yolu və həyatı barədə danışılmalı, sonra dua edilməlidir. Əslində isə nə baş verir? Quran ayəsi və surələri oxunur, amma iştirakçılar çox zaman bu söhbətlərə qulaq asmır. Ehsan süfrəsi açıldıqdan sonra isə çəngəl-bıçağın, söhbətlərin səsindən məclisin ovqatı itir”, – deyə o, əlavə edib.
Həmsöhbətimiz onu da söyləyib ki, bundan başqa, çox eybəcər bir fakt da ortaya çıxıb:
“Qadınların yas mərasimlərində dini mərasim aparması. İslamda qadın din xadimi ola bilməz. Qadınlar oturduğu məclisdə bir qadının Quran oxuması və mərasimi idarə etməsi anlayışı yoxdur. Dini yas mərasimlərini yalnız kişi ruhanilər aparmalıdır. Amma bu gün nə görürük? Mərasim evlərinin bir hissəsində qadınlar oturur. Bəzən pərdə çəkilir, amma qadınlar üçün mərasimi idarə edən “Hacı xanım”ın səsi pərdənin o biri tərəfində əyləşən kişiləri də narahat edir. Qadın səsi ucadan gəlir, bu da xoşagəlməz haldır”.
“Təsəvvür edin ki, “Hacı xanım”lar günbəgün artır. Təxminən 15 il əvvəl bir-iki nəfər idisə, indi bu “dırnaqarası biznes” çox geniş yayılıb. Hətta onların fəaliyyət göstərdiyi mərkəzlər də var. Yas mərasimlərinin mənəvi və sosial əhəmiyyətinə gəldikdə isə, bu mərasim yalnız ailə üçün deyil, mərhumun çalışdığı kollektiv, yaşadığı ərazi, əgər məşhurdursa – dövlət və xalq üçün də böyük itki anlamı daşıyır. Dəfn prosesi İslam qaydalarına uyğun – hay-küy olmadan həyata keçirilməlidir. Amma nə baş verir? Tanınmış bir şəxs dünyasını dəyişəndə dəfn xüsusi karvan, çələnglər və musiqi ilə müşayiət olunur. Bu isə ətraf əhalidə narahatlıq yaradır. Xüsusilə qadınlar arasında xüsusi bir mərsiyə oxuma, ağlama və şeir deyə-deyə yas aparmaq halları var. Amma bu da İslam qaydalarına uyğun deyil”, – Hacı Nizami Rza söyləyib.
Ehsan süfrələrinə gəlincə müsahibimiz bunları deyib:
“İsrafçılıq baş alıb gedir. Fəsilə uyğun bütün meyvələr, neçə növ isti yemək süfrəyə düzülür. Bir məclisdə səkkiz cür isti yemək, hətta paştet və dolma, plovun yanında dörd cür aşqara gördüm. Bu isə tamamilə İslam hökmlərinə ziddir. Bundan başqa, bu cür israfçılıq imkanı olmayan ailələr üçün də böyük maddi yükə çevrilir. İnsanlar bir-birinə baxıb borca girir, kredit götürür, yas mərasimini keçirdir və sonra aylarla, illərlə bu borcu qaytarmağa çalışırlar. Məgər bu, ölən üçün lazımdır?. Mən səmimi deyirəm, İranda, İraqda, Səudiyyə Ərəbistanında və bir çox müsəlman ölkələrində olmuşam. Azərbaycandakı yas mərasimlərindəki dəbdəbə, israfçılıq, qəbirüstü abidələrin qiyməti, ehsan süfrələrinin təntənəsi heç bir müsəlman ölkəsində yoxdur. Təəssüf ki, bu barədə illərdir medianın müxtəlif orqanlarında, televiziyada, parlamentdə deputatlar tərəfindən məsələlər qaldırılsa da, nəticə yoxdur”.
“Amma bir çıxış yolu var. Bu məsələlərin həlli üçün ilk növbədə rayonlarda, kəndlərdə, qəsəbələrdə yaşayan nüfuzlu, imkanlı şəxslər öz əzizlərini dəfn edərkən İslam hökmlərinə uyğun şəkildə bunu həyata keçirsələr, kasıb təbəqə də onlara baxıb nümunə götürə bilər. Bir dəfə göstəriş verilmişdi ki, ehsan verilməsin. Amma kənd yerlərində biabırçı səhnələr yaşandı. Polis qarışdı, insanlardan qazanlar alındı, ehsan qadağan edildi. Bu isə düzgün yol deyildi. Ona görə də islahatlar yuxarıdan deyil, aşağıdan – nümunə göstərən nüfuzlu şəxslər vasitəsilə olmalıdır. Başqa yol yoxdur” – deyə o, fikirlərini yekunlaşdırıb.
Məsimə Məmmədova
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” mövzusunda hazırlanmışdır.