Tramp bu dəfə də kəşfiyyat orqanlarını ixtisar etmək İSTƏYİR
ABŞ prezidenti Donald Trampın administrasiyası Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) və digər əsas kəşfiyyat strukturlarında minlərlə əməkdaşın ixtisarını planlaşdırır.
Yenicag.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, Ağ Ev Konqresə CIA-da təxminən 1.200 vəzifənin ləğv ediləcəyini, digər kəşfiyyat qurumlarında isə əlavə minlərlə əməkdaşın işdən çıxarılacağını bildirib. Söhbət Milli Təhlükəsizlik Agentliyi (NSA), Pentaqonun Kəşfiyyat İdarəsi, Milli Kəşfiyyat İdarəsi və Milli Geoməkan Kəşfiyyat Agentliyindən gedir.
İxtisarlar bir neçə il ərzində tədricən həyata keçiriləcək və əsasən, yeni işçilərin qəbulunun azaldılması yolu ilə aparılacaq. Nəşr yazır ki, CIA-də ixtisar ediləcək 1.200 vəzifədən 500-dən çoxu artıq vaxtından əvvəl təqaüdə çıxmaq üçün müraciət etmiş şəxslərə məxsusdur. CIA əməkdaşlarının dəqiq sayı açıqlanmasa da, təxminən 22 min nəfərin burada çalışdığı bildirilir.
İkinci Tramp administrasiyasının ilk həftələrində milli təhlükəsizliklə bağlı qurumlarda belə genişmiqyaslı ixtisarların planlaşdırılması ABŞ-də ciddi narahatlıq yaradıb. Belə ki, vəzifədən uzaqlaşdırılan əməkdaşların Çin və Rusiya kəşfiyyatının hədəfinə çevrilə biləcəyi ilə bağlı təhlükələr dilə gətirilib.
Qeyd edək ki, ABŞ rəsmiləri bir müddət əvvəl Çinin amerikalı dövlət qulluqçularını, o cümlədən keçmiş əməkdaşları dezinformasiya və manipulyasiya yolu ilə ələ keçirməyə çalışdığı barədə rəsmi xəbərdarlıq yayıb.
Rafi Müslümov