“Tramp Dəhlizi” planı və Azərbaycanın geosiyasi İMKANLARI – Britaniyalı analitik BİLİNMƏYƏNLƏRİ AÇDI
“Mən proseslərə nikbinəm, amma müəyyən ehtiyatla yanaşıram. İmzalanan sənəd sülh müqaviləsi olmasa da, Azərbaycanın sülh gündəmini əks etdirir”.
Bunu Yenicag.az-a açıqlamasında britaniyalı analitik Neil Uotson deyib.
Siyasi təhlilçi avqustun 8-i Vaşinqtonda baş tutan Əliyev-Paşinyan-Tramp görüşü ilə bağlı fikirlərini səsləndirib.
Onun sözlərinə görə, Azərbaycanda sülh istəyi mövcuddur və bu istək, xüsusilə 2024-cü il 25 dekabrda baş verən AZAL təyyarə qəzasından sonra daha da real hala gəlib:
“Baş nazir Nikol Paşinyan da sülh və vahid Cənubi Qafqaz istəyir. O, hakimiyyətə gəldiyi gündən ölkəsini Rusiya təsir dairəsindən uzaqlaşdırıb və hər iki ölkənin ortaq anti-Rusiya mövqeyi onları indiyədək görünməmiş şəkildə yaxınlaşdırıb. Bundan başqa, Paşinyan üçün bu prosesdə sürətli addımlar atmaq zəruridir, çünki növbəti seçkilərdə məğlub ola bilər və ya zorla hakimiyyətdən uzaqlaşdırılaraq yerinə pro-Rusiya qüvvələrinin gətirdiyi lider təyin edilə bilər”.
Müsahibimiz əmindir ki, Prezident Donald Tramp isə dünyanın onu böyük sülh vasitəçisi kimi görməsini istəyir:
“Tərəflər artıq razılığa yaxın olduqları üçün onlar arasında vasitəçilik etmək onun üçün asan oldu. Eyni zamanda, ABŞ-nin “Beynəlxalq Sülh və Firavanlıq üçün Tramp Dəhlizi” (əvvəlki Zəngəzur dəhlizi) üzərində nəzarətdən və Azərbaycan neft-kimya resursları ilə əməkdaşlıqdan faydalanacağını görür. Lakin burada bir neçə mühüm məqam var. Həm Rusiya, həm də İran ABŞ-nin prosesdə iştirakına kəskin şəkildə qarşıdır. Xüsusilə Rusiya bunu öz təsir dairəsinə müdaxilə və hətta ikinci cəbhə kimi qiymətləndirir. Əgər Rusiya Ukraynada müəyyən uğur əldə etsə, Paşinyanı devirmək və yerinə Moskvanın kuklası olan bir lider gətirmək üçün revanşistləri hərəkətə keçirməyə özündə güc tapa bilər. Bu isə regionda yenidən qeyri-sabitlik və yeni müharibələrə səbəb ola bilər”.
N. Uotsona görə, İran isə Azərbaycana yalnız ərazisində yaşayan 35 milyon azərbaycanlı səbəbindən deyil, həm də ölkənin İsrail və yəhudi icması ilə siyasi yaxınlığına görə ehtiyatla yanaşır:
“Tehran üçün Cənubi Qafqazda qeyri-sabitlik əlverişlidir. Digər tərəfdən, Prezident Tramp da sabit müttəfiq deyil. Əgər Amerikanın maraqlarının Yaxın Şərqdə və ya Ukraynada iştirakla daha yaxşı təmin ediləcəyinə qərar versə, Azərbaycanı dəstəksiz qoya bilər. Risklər var, amma mən ümid edirəm ki, sülh müqaviləsi yekunlaşdırılacaq və vahid, sabit Cənubi Qafqaz formalaşacaq”.
Rafi Müslümov