Tramp dövrü Rusiyaya necə “nəfəs verdi”? – Sanksiyalar Ermənistanı Moskvanın “logistika mərkəzinə” ÇEVİRDİ
“Ukrayna müharibəsi zamanı Rusiyaya tətbiq edilən sanksiyalardan sonra Ermənistanla Rusiyanın ticarət dövriyyəsinin artması müşahidə olundu. Sanksiyalar səbəbi ilə Rusiyaya satılmayan mallar Ermənistan üzərindən Rusiyaya daşınırdı. Bu da Rusiyanın maraqlarına uyğun idi”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, politoloq Əli Zülfüqaroğlu bildirib.
Siyasi təhliçi Alyaska görüşü öncəsi Rusiyanın Ukrayna və ABŞ münasibətlərini şərh edib.
Analitik bildirib ki, Bayden administrasiyasından fərqli olaraq Trampın Rusiyanı çətin durumdan qurtardığını qeyd edib:
“Ermənistanla Rusiya arasında bir sıra istiqamətlərdə ziddiyyətli məqamlar var. İndiyədək Rusiyanın Paşinyana qarşı təzyiqi heç bir effekt verməyib və Paşinyan hökuməti Rusiyanın Ermənistan daxilindəki təzyiq kartlarını tədricən neytrallaşdırmağı bacarıb. Digər tərəfdən, Ukrayna müharibəsi Rusiya üçün ciddi iqtisadi problemlərə səbəb oldu. Bayden Amerikası ilə Britaniya və Avropa İttifaqı Ukraynaya limitsiz silah dəstəyi, hərbi yardımı, eyni zamanda Rusiyaya tətbiq olunan sanksiyalar Rusiya üçün ciddi problemlərə çevrilmişdi. Amma Tramp hakimiyyətə gələndən sonra Bayden administrasiyasından fərqli siyasət yürütdü”.
Ə. Zülfüqaroğlu qeyd edib ki, Rusiya daha ciddi təzyiqlə üzləşməmək üçün Trampla uzlaşmalıdır:
“Beləliklə də, Tramp bir növ Rusiyanı xilas etdi və Rusiyanın mövqeləri möhkəmlənməyə başladı. Ona görə də hesab edirəm ki, hazırda Rusiya üçün əsas məsələ ABŞ ilə münasibətləri normallaşdırmaq və Ukrayna məsələsində Rusiyanın maraqlarını təmin etməkdir. Əgər Rusiya bölgədə ABŞ-nin maraqlarına zərbə vurmaq yolunu seçərsə, o zaman ABŞ tərəfindən ciddi təzyiqlə üzləşə bilər”.
Mütəxəssisin fikrincə, hazırda Ukrayna savaşı ilə bağlı Rusiyanın da müqəddəratının həll olunmasının açarı ABŞ-nin əlindədir:
“ABŞ-nin əlində olan kartlar Ukrayna savaşının nizamlanması üçün həlledici xarakter daşıyır. Hesab edirəm ki, bundan sonrakı mərhələdə də bölgədə mövcud status-kvonun dəyişməsi üçün əlverişli mühit yoxdur. Bundan sonrakı dönəmdə Rusiyanın bölgədə hər hansı qeyri-adekvat addımlar atması və ya prosesi pozmağa yönəlik cəhdlər etməsi mümkün deyil. Digər tərəfdən isə bölgədə artıq ABŞ-nin də maraqları mövcuddur və ABŞ-nin hazırda geosiyasi proseslərin nizamlanmasında əsas oyunçu olduğunu nəzərə almalıyıq. Rusiyanın hər hansı qeyri-adekvat addımı və ya buna cəhdlər etməsi isə ABŞ-nin maraqlarına zərbə vura, bu da Rusiya üçün çox ciddi problemlər yarada bilər”.
Nurlan Cəfəri