Səudiyyə Ərəbistanına səfərə gedən ABŞ prezidenti Donald Tramp İrana qarşı sərt siyasətin davam etdirilməsinin zəruriliyindən danışıb.
Yenicag.Az xəbər verir ki, Səudiyyə Ərəbistanında təşkil olunan Ərəb – İslam – Amerika Sammitindəki çıxışında İŞİD-in ən çox ərəb dövlətlərinə ziyan vurduğunu deyən Tramp müsəlman ölkələrini beynəlxalq terrorizmlə mübarizədə təşəbbüsü üzərilərinə götürməyə çağırıb.
Regionda cərəyan edən prosesləri ətraflı dəyərləndirən ABŞ prezidenti bu çərçivədə İrana xüsusi yer ayırıb və Tehran rejimini sərt tənqid edib. Tramp İranın təcrid olunmasının vacibliyini açıq mətnlə bildirib:
“İran zəngin tarixə və mədəniyyətə malikdir. Lakin ölkə liderlərinin müharibə və terroru dəstəkləmələri üzündən xalq böyük çətinliklərlə üzləşib. Ona görə də İran rejimi sülh üçün əməkdaşlıq etməyə qərar verənə qədər bütün vicdanlı millətlər İranı təcrid etməlidirlər”.
ABŞ prezidenti Səudiyyə Ərəbistanı ilə silah satışı və hərbi əməkdaşlıqla bağlı imzalanmış 110 milyard dollarlıq saziş haqqında da danışıb. Qeyd edək ki, Səudiyyə Ərəbistanının qarşıdakı 10 ildə ABŞ-dan 350 milyard dollar həcmində silah alacağı nəzərdə tutulur:
“Səudiyyəli dostlarımızın Amerikanın aparıcı silah şirkətləri ilə əlverişli müqavilələr imzalamasına yardım edəcəyik”.
Donald Trampın İran əleyhinə bu kəskin çıxışının səbəbini Yenicag.Az-a şərh edən politoloq Qabil Hüseynlinin fikrincə, ABŞ prezidenti bu bəyanatı ilə Tehrana qarşı sərt mövqedən geri çəkilməyəcəyini nümayiş etdirib:
“Əslində, Trampın İranı hədəfə götürməsində təəccüblü heç nə yoxdur. Çünki Tramp özünü seçki kampaniyasında da, vəzifəsinin icrasına başladıqdan sonra da verdiyi açıqlamalarda İrana qarşı güzəştsiz siyasət yeridəcəyini bildirmişdi.
Trampın Səudiyyə Ərəbistanında keçirilən sammitdə İranı yenidən hədəfə götürməsi o deməkdir ki, ABŞ İranı İslam dünyasından qoparıb, təcrid etməyə çalışır. Bu da əlbəttə ki, səbəbsiz deyil. Nəzər alaq ki, İranın Qərblə əldə olunmuş razılaşmasına baxmayaraq, nüvə proqramını əvvəlki tempdə davam etdirməsi, o cümlədən Suriya münaqişəsinə fəal hərbi müdaxiləsi ABŞ-ın ciddi narazılığına səbəb olub.
Ağ Evdə də aydın görürlər ki, İran məzhəbçilik mövqeyindən çıxış edərək, Aralıq dənizinə qədər uzanan bir zolaqda öz təsirini yaymağa çalışır. Bu isə ABŞ-da, onun regiondakı ərəb müttəfiqlərini də narahat edir. O baxımdan, Trampın İranı təcrid etmək çağırışının real əsası olduğu görünür. Zənnimcə, ABŞ İranı öz hüdudları daxilinə “sıxmaq” üçün praktik addımlar atacaq”.
Politoloq hesab edir ki, ABŞ-ın Səudiyyə Ərəbistanına 100 milyardlarla dollar həcmində silah satmasında da İran amilinin təsiri var:
“Etiraf edək ki, Səudiyyə Ərəbistanı Yaxın Şərqin hərbi təchizat baxımından ən qüdrətli dövlətidir. Yəni ABŞ ən müasir hərbi təyyarələrdən tutmuş ortamənzilli ballistik raketlərə qədər öz istehsalı olan keyfiyyətli silah-sursatı Səudiyyə Ərəbistanına həvəslə satır. Doğrudur, texniki baxımdan çox güclənən Səudiyyə ordusunun ən zəif cəhəti şəxsi heyətin hazırlıq səviyyəsinin aşağı olmasıdır. Lakin arsenalını müasir ABŞ silahları ilə genişləndirən Səudiyyə Ərəbistanı regionda gedən nüfuz müharibəsində – ilk növbədə İranla – kifayət qədər güclü mövqeyə sahibdir. İkitərəfli anlaşmaya əsasən, Səudiyyə qarşıdakı illərdə öz arsenalını daha da gücləndirəcək. Hər halda Səudiyyə Ərəbistanının hərbi cəhətdən İrandan zəif olduğunu düşünmək doğru deyil”.
A.Zeynalov
Yeniçağ.Az
www.yenicag.az