Tanınmış ekspert Suriyadakı mövcud vəziyyəti və regiondakı proseslərin mümkün inkişafından danışıb.
“Tərəqqiyə dəstək” Amerika-Azərbaycan Fondunun baş eksperti Aleksey Sinitsın Yeniçağ.Ru-ya müsahibəsində ilk olaraq Suriyanın hökumət aviasiyasının İdlib bölgəsini kimyəvi silahlarla bombalamasına fikir bildirib:
“Bununla bağlı məlumat sanki silindrin dəliyindən dovşan çıxartmağa bənzəyir. Ümumiyyətlə, Suriya böhranının həllinə şərait yarananda, hər dəfə nəsə bir hadisə yaşanır. İndi də ABŞ Bəşər Əsədin təcili istefa verməsində maraqlı olmadığını bəyan edirdi ki, İdlibdəki Xan-Şeyxunda kimyəvi bombardman məsələsi ortaya çıxdı. Görünür, kimlərsə sadəcə, Qərbin sıravi adamlarını deyil, elə Trampın özünü də inandırmağa çalışır ki, Bəşər Əsəd sünni qadınların və uşaqların zəhərlənib öldürülməsindən zövq alan başdanxarab diktatordur. Yeri gəlmişkən, deyəsən, bu dəfə ABŞ prezidentini buna inandırmaq mümkün olub. Ancaq Suriya hökumət qüvvələrinin İdlibi kimyəvi silahlarla bombalaması heç bir tənqidə davam gətirmir.
Məsələyə hərbi cəhətdən yanaşdıqda da bu ehtimalın özünü doğrultmadığı görünür. Xan-Şeyxunda tək zəhərli maddələr hazırlanan sexlər deyil, həm də silah-sursat saxlanılan etibarlı beton və dəmir-beton tikililəri var. O tikililəri dağıtmaqdan ötrü kimyəvi silahdan yox, fuqas tipli bombalardan istifadə olunur. Bundan başqa, Suriya rəsmiləri o bombardmanda “zərər çəkənlərin” Xəttab və Məcdal bölgələrində silahlıların qaçırtdığı şəxslər olduqlarını deyib”.
Ekspert daha sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Kərkükdə kürd bayrağı qaldırılmasına yönələn sərt reaksiyasına və Türkiyənin Rakka əməliyyatında mümkün iştirakına da münasibət bildirib:
“Mən təsəvvür etmirəm, Türkiyə ordusu və Suriyanın Türkiyəyönlü müxalifəti ABŞ aviasiyasının dəstəyi ilə kürdlərlə ərəblərin birləşdiyi “Suriya demokratik qüvvələri”nin həyata keçirtdiyi “Fərat qəzəbi” əməliyyatına necə inteqrasiya olunacaq? ABŞ isə Türkiyənin Rakka əməliyyatında iştirakını ümumiyyətlə, nəzərə almayıb. Yəni Türkiyə ordusu hazırda kürdlər və qismən də hökumət qüvvələri tərəfindən Suriyada cərəyan edən hərbi teatrdan kənarda saxlanılıb. Türkiyənin dəstəklədiyi müxalifət qüvvələri artıq Hələbin şimalında kürdlərlə vuruşurlar. Ona görə də ABŞ o döyüşlərin təmas xəttinə xüsusi təyinatlılarını yeridib. Rusiya qüvvələri isə “Afrin anklavı” rayonunda Türkiyə ordusu ilə kürdlərin arasında yerləşib.
Ərdoğanın Kərküklə bağlı narahatlığı başa düşüləndir. Ondan başqa İran və İraqdakı sünni partiyaları da bu barədə narahatlıqlarını bildiriblər. Ankaranın problemi ondadır ki, İraq kürdüstanı müstəqillik referendumu keçirtməyə heç vaxt olmadığı qədər yaxındırlar. Eyni zamanda, paradoksal görünsə də, İraqdakı Türkmən Xalq Partiyası və İraq Türkmən Cəbhəsi kimi nüfuzlu qurumlar da Kərkükün gələcəkdə müstəqil olacaq kürd müxtariyyatı tərkibində olmasını istəyirlər. Ankara hazərda Pentaqonun himayəsində olan İraq kürdlərinə qarşı təzyiq rıçaqlarına malik deyil. Bu günlərdə Bərzaninin amerikalı generallarıa görüşü baş tutdu və o müzakirələrdə ABŞ prezidentinin müşaviri və kürəkəni Cared Kuşner də iştirak etdi”.
Sinitsının fikrincə, ABŞ prezidenti Tramp beynəlxalq xarici siyasətdə baş verənləri hələ də tam təsəvvür etmir:
“Məlum “bombardman”dan sonra Tramp tələsik bəyan etdi ki, onun Əsədə münasibəti kəskin dəyişib. Əminəm ki, o, qlobal siyasətdə nə baş verdiyini hələ tam dərk edə bilmir və özünün milyonçulardan ibarət olan administrasiyasına çox güvənir. Ona görə də, dövlət katibi Tillerson özünü Dövlət Departamentinin prezidenti kimi aparır. Ancaq Tramp da hiss edir ki, burada nəsə qaydasında deyil. Ona görə də etimad göstərdiyi kürəkənini İraqa göndərdi ki, vəziyyəti öyrənsin”.
Yeniçağ.Az
www.yenicag.az