Rəcəb Babaşovun brend həyatında Ramiz Mehdiyevin ROLU: Qazaxlılar niyə “qara maskalılar”ı gözləyir?
2020-ci ilin əvvəllərində olduğu kimi, “qara maskalılar”ın Balakəndə əməliyyat keçirməsi və icra başçısı İslam Rzayevin həbs olunması, ardınca Qaradağda analoji prossesin getməsi bir sıra məmurların “yuxusunu ərşə çəkib”.
Prezidentin dünənki icra başçısı təyinatlarında və yerdəyişmələrdə gənc kadrlara üstünlük verməsi köhnə başçılarla bağlı əcəl zənginin yaxında olduğunun xəbərçisi sayıla bilər.
Belə başçılardan biri də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovdur.
Yenicag.az-a daxil olan məlumata görə, 2016-cı ildən Qazaxda “padşah”lıq edən Babaşovun adı da “vurulacaqlar” siyahısındadır.
Belə ki, özünün və oğlunun bahalı həyatı tez-tez medianın gündəmində olan icra başçısının xüsusilə Ramiz Mehdiyevin həbsindən sonra narahat olduğu bildirilir. Onun vəzifəyə təyin olunarkən başqa gücün idarəsində olsa da, sonradan mövqelərini qorumaq üçün “boz kardinal”ın qılıncının altından keçdiyi vurğulanır.
Qeyd edək ki, bir müddət öncə Rəcəb Babaşov oğlu Elşən Babaşzadə bahalı nömrəli lüks maşınları ilə gündəmə gəlmişdi. Belə ki, Vergi Xidmətinin kiçik məmuru olan Elşən Babaşzadə 275 min dollar (450 min manat) dəyərində olan avtomobilinə dövlət nömrə nişanı almaqla gündəm olmuşdu.
Bildirilirdi ki, E.Babaşzadə “Mercedes Benz G-63 AMG” markalı maşınında 10 LL 077 dövlət nömrə nişanını 77 LL 077 ilə əvəzləyib. 77 LL 077 Elşən Babaşzadənin öz adına qeydiyyata alınıb. Təkcə bu fakt Rəcəb Babaşovla bağlı araşdırma aparmaq üçün kifayət edir. Maşına yaraşan nömrənin qiyməti də on min manatdan çoxdur.
Əslində, “qara maskalı”ların Qazax səfəri üçün Rəcəb Babaşovun və oğlunun lüks həyatı kifayət etsə də, rayonun xeyli torpaq sahələrini ələ keçirmələri, tenderlərdən ancaq istədikləri şirkətlərin qalib olması kimi bir sıra iddialar da rayonda heç nəyin göründüyü kimi olmadığını ortaya qoyur.
Qeyd edək ki, bir müddət öncə Rəcəb Babaşovun lüks geyim kolleksiyası, telefon və saatı da medianın diqqətini özünə cəlb etmişdi.
İtaliyanın məşhur brendlərindən biri olan “Loro Piana”ya məxsus, dəyəri 1350 dollar olan ayaqqabısı, “Ermenegildo Zegna” brendli gödəkçəsi, “Bulgari” markalı 17900 dollarlıq saatı və 8500 manatlıq “Vertu” telefonundqn başqa Rəcəb Babaşov həm də son model 99 FF 099 dövlət nömrə nişanlı 250 min manatlıq “Rang Rover”i ilə medianın gündəmindədir.
Rəcəb Babaşovun kasıb əhali ilə görüşə bahalı brendlərlə getməsi də əhalidə narazılıq yaradan məqamlardan biri kimi qeyd olunur. Hətta sərhəd rayonu olduğu üçün Qazaxın Bakıda unudulduğu qənaətindədirlər.
Qeyd edək ki, “qara maskalılar”ın yenidən rayonlarda görünmələri əhali arasında böyük rəğbətlə qarşılanıb. Prezidentin də icra başçısı yerdəyişmələrində gənc kadrlara üstünlük verməsi Qazax, Lənkəran və digər illərdən bəri icra başçısı və problemləri dəyişməyən rayon sakinlərində “bizim rayona da Günəş doğacaq” inamını yaradıb.
Camal CAVANŞİR












