“Tramp yolu”nun ŞİFRƏSİ: Türkiyəli analitikdən sensasional AÇIQLAMA
“Zəngəzur Dəhlizinin açılması və Türkiyənin Mərkəzi Asiyaya birbaşa çıxış imkanının yaranması, xüsusilə İran üçün ciddi geoiqtisadi çağırışdır”.
Bunu Yenicag.az-a açıqlamasında siyasi şərhçi Fuat Tuncer deyib.
O, Cənubi Qafqazda geosiyasi balansı dəyişəcək və yeni reallıqlar yaradacaq Zəngəzur dəhlizi (Tramp yolu) və Qars-İğdır-Aralıq-Dilucu dəmiryolu xəttinin əhəmiyyətini təhlil edib.
Siyasi şərhçi bildirib ki, Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyi tərəfindən təməlinin atılacağı elan olunan Qars-İğdır-Aralık-Dilucu dəmir yolu xətti ilk baxışda milli infrastruktur layihəsi kimi görünsə də, tarixin dərin qatlarına gedib çıxan və nəticələri Avrasiyanın gələcəyini formalaşdıracaq çoxqatlı strateji bir addımdır:
“Bu dəmiryolu xəttinin strateji əhəmiyyətini anlamaq üçün yüz il əvvələ – 13 oktyabr 1921-ci il tarixli Qars Müqaviləsinə nəzər salmaq lazımdır. Bu müqavilə Türkiyənin şərq sərhədlərini müəyyənləşdirməklə yanaşı, Naxçıvan Muxtar Respublikasının statusunu tanımış və Türkiyənin bu statusun təminatçısı olduğunu təsdiq etmişdir. Sovet İttifaqının dağılması və Ermənistanın müstəqillik qazanması ilə Türkiyə və Naxçıvan arasında birbaşa quru əlaqəsi faktiki olaraq kəsilmişdi. Qars-İğdır-Dilucu dəmir yolu xətti məhz bu tarixi və hüquqi əlaqəni bir əsr sonra fiziki reallığa çevirmək istiqamətində atılan ən konkret addımdır”.
Onun sözlərinə görə, layihənin hazırkı geosiyasi mühitdəki əsas rolu isə 2020-ci ildəki İkinci Qarabağ müharibəsindən sonra yaranan yeni status-kvodan qaynaqlanır:
“Müharibənin başa çatdığı 10 noyabr 2020 tarixli Üçtərəfli Bəyanatın 9-cu maddəsi, Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin qurulmasını, yəni Zəngəzur Dəhlizini nəzərdə tutur. Qars-İğdır-Dilucu dəmir yolu, bu dəhliz reallaşarsa, onun qərb ucundakı ən vacib tamamlayıcı halına gələcək. Bu iki layihənin birləşməsi Türkiyəyə yalnız Azərbaycanın əsas ərazisinə deyil, həm də Xəzər dənizi üzərindən Türkmənistana və bütün Mərkəzi Asiyaya fasiləsiz çıxış imkanı yaradacaq. Bu, Türkiyənin Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiya siyasətini nəzəriyyədən praktikaya keçirən, oyunu dəyişdirən bir inkişafdır”.
F. Tuncerin fikrincə, soyuq müharibədən sonra Çin tərəfindən başladılan “Bir Kəmər, Bir Yol” təşəbbüsü qlobal ticarət yollarını yenidən müəyyənləşdirdi:
“Bu təşəbbüs çərçivəsində Rusiya üzərindən keçən Şimal Dəhlizi və dəniz yollarından ibarət Cənub Dəhlizinə alternativ olaraq, Türkiyənin mərkəzində olduğu Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) ön plana çıxdı. 2022-ci ildə başlayan Rusiya-Ukrayna müharibəsi Şimal Dəhlizinin etibarlılığına və davamlılığına ciddi zərbə vurdu. Rusiya əleyhinə tətbiq olunan sanksiyalar və müharibənin yaratdığı risklər beynəlxalq logistika şirkətlərini alternativ marşrutlara yönəltdi. Məhz bu nöqtədə Qars-İğdır-Dilucu xətti Orta Dəhlizin ən etibarlı və sabit arteriyası olmaq potensialını gücləndirir. Bu xətt Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə birlikdə Türkiyənin şərq-qərb logistik imkanlarını zirvəyə daşıyacaq. Beləliklə, Türkiyə sadəcə tranzit ölkə olmaqdan çıxaraq, marşrutları müəyyən edən, logistik mərkəzləri idarə edən və tədarük zəncirlərində əsas rol oynayan təsiredici aktora çevrilə bilər”.
Həmsöhbətimiz əmindir ki, hər bir strateji addım kimi, bu layihənin də regional rəqabət dinamikalarını hərəkətə gətirməsi qaçınılmazdır:
“Zəngəzur Dəhlizinin açılması və Türkiyənin Mərkəzi Asiyaya birbaşa çıxış imkanının yaranması, xüsusilə İran üçün ciddi geoiqtisadi çağırışdır. İran uzun illərdir ki, Türkiyənin Orta Asiyaya açılan əsas quru qapısı kimi fəaliyyət göstərib və bu statusdan əhəmiyyətli tranzit gəliri əldə edib. Yeni dəhliz isə İranı dolanmaq potensialına malik olduğundan, bu, Tehranın ciddi narahatlıqla izlədiyi bir prosesdir. Eyni zamanda Ermənistan da bu geosiyasi tənliyin əsas iştirakçılarından biridir. İrəvanın Zəngəzur Dəhlizinə münasibəti layihənin tam potensialına çatıb-çatmayacağını müəyyən edəcək. Lakin Türkiyə və Azərbaycanın qətiyyətli mövqeyi və layihənin təqdim etdiyi iqtisadi imkanlar, Ermənistanı təcrid siyasətindən uzaqlaşıb “Qovşaq Layihəsi” kimi təşəbbüslərlə regional inteqrasiyaya qoşulmağa təşviq edə bilər”.
Nəsimi Ələsgərli