ABŞ-də prezident seçkilərinə az qalır. ABŞ-nin Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp rəqibi Kamala Harrisi tənqid edərkən qatı ermənipərəst mövqe nümayiş etdirib. Belə ki, Tramp Qarabağı “Artsax” kimi qələmə verib. Üstəlik, 120 min erməninin Qarabağdan zorla köçürülməsi ilə bağlı cəfəng iddia səsləndirib.
“Donald Trampın belə bir açıqlama verməyi erməni lobbisinə yarınmağa çalışmasını göstərir. Əslində, onun məqsədi erməni əsilli ABŞ vətəndaşlarının dəstəyini almaqdır”.
Bu sözləri Yenicag.az-a açıqlamasında siyasi şərhçi Kazım Kazımov deyib.
Onun sözlərinə görə, hər iki partiyanın namizədi seçkilərdə uğur qazanmaq üçün müxtəlif yollara əl atır.
“Bunun sübutu olaraq, ABŞ-da hər il keçirilən prezident seçkilərində onların eyni halları təkrarlaması və bu gün də onların qondarma “erməni soyqırımı”nı aktuallaşdırmalarıdır.
Azərbaycan 44 günlük Vətən Müharibəsində 30-illik həsrətə son qoyaraq, ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan həm 44 günlük müharibə dövründə, həm də anti-terror əməliyyatı vaxtı mülki əhaliyə heç bir zərər verməyib, hətta könüllü olaraq çıxıb getməyə istəyənlərə də bütün şəraitləri yaradıb. Bu, Azərbaycanın XXI əsrdə göstərdiyi humanizmin ən böyük sübutudur”, – deyə o əlavə edib.
Siyasi şərhçi Demokratlar və Respublikaçılar Partiyasının Yaxın Şərqə olan münasibətlərindən də danışıb.
“Əslində, bir çox məsələdə hər iki partiyanın Yaxın Şərqə olan münasibəti üst-üstə düşür. Buna misal olaraq, uzun illərdir Yaxın Şərqdə zaman-zaman baş qaldıran gərginliyi, İsrail-Fələstin münaqişəsini göstərmək olar.
Doğrudur, qarşıdan gələn prezident seçkilərində Kamala Harrisin Donald Trampa qalib gələcəyi güman edilir. Lakin bəzi məsələlərin, o cümlədən Donald Trampın seçki ərəfəsində göstərdiyi bu siyasətini nəzərə alsaq, hansı namizədin qalib gələcəyini indidən söyləmək çətindir”, – deyə o bildirib.
Mayıl Soltanov
www.yenicag.az