“Ukrayna və Rusiya arasındakı problemlər telefon danışıqları ilə həll edilməyəcək”.
Bunu ABŞ və Rusiya liderləri arasında baş tutan telefon danışığı barədə Yenicag.az-a açıqlama verən Milli Məclisin deputatı Arzu Nağıyev deyib.
Deputat qeyd edib ki, Donald Tramp ciddi cəhdlə çalışır ki, seçkidən öncə verdiyi sözlərini həyata keçirə bilsin.
“ABŞ Prezidenti Donald Tramp seçkilər zamanı da atəşkəsə nail olacağı, eyni zamanda, müharibənin dayandırılması ilə bağlı anonslar verirdi. Təbii ki, bu, seçkiqabağı atılan addımlardır. Zelinskinin Ağ Evə dəvət edilməsi, orda baş verən hadisələr, eyni zamanda, Ər-Riyadda keçirilən danışıqlar daxil olmaqla, Tramp ciddi cəhdlə çalışır ki, seçkidən öncə verdiyi sözlərini həyata keçirə bilsin.
Ukrayna və Rusiya arasında atəşkəsə nail olmaq ən ciddi problemlərdən biridir. Burda artıq tək tərəflər deyil, həm də Rusiya və Avropa İttifaqı, Ukrayna və ABŞ arasında olan problemlər Aİ ilə ABŞ arasında olan problemlər də həll edilməlidir. Hər hansı telefon danışıqları, hər hansı görüşlərlə, göründüyü kimi, ciddi bir nəticə əldə etmək olmur. Ukrayna və Rusiya arasında razılığın hansı səbəblərdən mümkün olmadığı barədə bütün KİV yazır. Burada söhbət ərazi bütövlüyündən , silahlardan gedir. Rusiya isə tələb edir ki, artıq hərbçi çağırışları olmasın. ABŞ də bir tərəfdən təzyiq edir, Rusiyanın öz problemləri var, digər dövlətlərin də hər birinin öz marağı var. Amma telefon danışıqları ilə bu məsələ müsbət nəticə vermir, verməyəcək də”.
Deputat iki ölkə arasında atəşkəsə nail olmağın mümkün alternativlərini sadalayaraq bildirib ki, bu, beynəlxalq təzyiqlə mümkündür:
“Atəşkəsə nail olaraq müəyyən addımlar atmaq olar, amma, göründüyü kimi, atəşkəsə nail olmaq üçün də heç bir telefon danışığı kömək etmir. Hər danışıqdan sonra müharibə daha da ciddiləşir. Kursk vilayətində, Kiyevdə və digər istiqamətlərdə müharibə daha da azğınlaşır, daha ciddi şəkil alır. Rusiya ərazisindəki dərinliklərdə neft emalı zavodlarının vurulması, digər hücumlar nəticəsində bu proses davam edir. Bu sülh təkcə ABŞ-nin istəyi deyil, bütün proseslər nəzərə alınmalı və hər kəsin siyasi mövqeyi ortaya qoyulmalıdır. Əks halda kim güclüdürsə, o qalib gələcək. Təbii ki, bu da vacibdir. Çünki bu gün beynəlxalq hüquq işləmir, əsas işləyən gücdür. Gücə sahib olan ABŞ müharibəni dayandıra bilmir, ciddi addımlar ata bilmir, beynəlxalq təşkilatlar müdaxilə etmək iqtidarında deyil. Ona görə də təkcə telefonla bu müharibə dayanan deyil. Çünki hərənin öz marağı, öz məqsədi var. Düşünürəm ki, sülhə nail olmaq üçün bu proseslərin iştirakçısı olmaq vacibdir.”
www.yenicag.az