“Trampın qoyduğu yardım qadağaları Zelenskini masaya gətirmək üçün idi”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq İlyas Hüseynov bildirib.
O, Trampın dünən gecə Konqresdə etdiyi çıxışda Ukraynanı masaya dəvət etməsini şərh edib.
Analitik bildirib ki, Trampın qadağalarını Qərb də dəstəkləmək məcburiyyətində idi:
“Donald Trampın Ukrayna müharibəsini bir neçə saat ərzində dayandırmaq fikirləri seçkiöncəsi dövrə hesablanıb. Hazırda da bu vədi yerinə yetirmək üçün əlindən gələni edir. Hətta, Ukrayna torpaqlarının itirilməsi, Ukraynaya hərbi yardımları dayandırılması ABŞ-nin daha çox bu müharibəyə sərmayə yatırılmasının qarşısını alınması bahasına siyasət yürüdülür. Digər tərəfdən, bir sıra kəşfiyyat və kiberyardımlar da daxil olmaqla, Ukraynaya bütün növ hərbi yardımlar dayandırılıb. Ardınca Avropa İttifaqı da analoji addım atdı. Bu isə həm də Ukraynanı döyüş meydanında çox çətin vəziyyətə salır. Çünki Ukraynanın silah anbarları, silah-sursatları tükənə bilər, yerli istehsal döyüş meydanında olan tələbatı ödəməkdə çətinlik çəkir. Eyni zamanda, həm siyasi, həm mənəvi dəstək kəsilir, bütünlükdə kollektiv Qərb bu yanaşmanı sərgiləyir. Bu, bir tərəfdən Zelenskini daxili auditoriya qarşısında çaşqın vəziyyətdə saxlaya bilər. Yəni ona qarşı təpki və iradlar çoxala bilər və bütün bu proses Zelenskini masaya gətirmək üçündür”.
Politoloq qeyd edib ki, ABŞ ilə danışıqlar aparılmasa, Ukrayna müharibədə kapitulyasiyaya imza atmağa məcbur qala bilər:
“Təslimçi sülh, kapitulyasiya, ərazi itkiləri ssenarilər sırasındadır. Əlbəttə, bunu Kiyevin siyasi elitası nəzərə almırdı, nə də qəbul etmirdi. Lakin bu gün proseslər kifayət qədər proqnozlaşdırılmayan yöndə inkişaf edir və çox ildırım sürəti ilə bir-birini əvəzləyən yanaşmaları müşahidə edirik”.
Yenicag.az
www.yenicag.az