Trampın qərarı Azərbaycanda qiymətləri ARTIRACAQ? – “Yan təsirlər mümkündür”
“İdxal etdiyimiz Çin və Avropa məhsulları ucuzlaşacaq”.
Bunu Yenicag.az-a açıqlamasında Azərbaycan Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli deyib.
O, ABŞ Prezidenti Donald Trampın idxal rüsumları ilə bağlı qərarının ölkəmizə təsirlərindən söz açıb.
Mütəxəssis bildirib ki, Azərbaycanla ABŞ arasında ticarət əlaqələri aşağı səviyyədə olduğuna görə rüsumların tətbiqi Azərbaycan iqtisadiyyatına o qədər də ciddi təsirə malik deyil:
“2024-cü ildə ABŞ-Azərbaycan arasında ticarət dövriyyəsi 1.753 milyard dollar təşkil edib. Bunun 135 milyon dolları Azərbaycandan ABŞ-yə ixracın payına düşür. Bu da 100 manatdan cəmi 1 manatın ABŞ-yə ixracı deməkdir. Yəni Trampın qərarını bu aspektdən qiymətləndirdikdə bizim üçün heç bir təsiri yoxdur. Yan təsirlər isə mümkündür”.
“Azərbaycan iqtisadiyyatı idxaldan asılıdır. ABŞ-nin Avropaya və Çinə yüksək tarifli idxal rüsumları tətbiq etməsi ixracatın azalmasına səbəb olacaq. Nəticədə isə dünya bazarında izafi məhsul ortaya çıxacaq və ucuzlaşma qeydə alınacaq. Bu baxımdan, Trampın qərarı Azərbaycana müsbət təsir edəcək. Çünki idxal etdiyimiz Çin və Avropa məhsulları ucuzlaşacaq. Ölkəmiz isə müəyyən mənada divident əldə edəcək”, – deyə o bildirib.
Nəsimi Ələsgərli