Trampın rezonans doğuran TƏKLİFİ – Zelenski torpaqlardan İMTİNA EDƏCƏK?
“Tramp sülhə qısa vaxtda nail olmaq üçün Rusiyanın şərtlərini qəbul etməyə Ukraynanı təhrik edir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.
Millət vəkili, bu gün ABŞ prezidenti Donald Trampın Ukrayna prezidenti Volodimir Zelenski ilə bir neçə ölkə liderinin bərabərində keçirəcəyi görüşü şərh edib.
Onun sözlərinə görə, görünən odur ki, bu gün addımlar atılmaqdadır və müharibənin sonlandırılmasına cəhdlər var.
“Bu cəhdlərin nəticəsidir ki, bu gün ABŞ Ukraynanın torpaqlarını itirməsi ilə razılaşmağa təhrik edir və Tramp çalışır ki, ən qısa vaxtda sülhə nail olsun. Bunun üçün də bu addımları atırlar. Söhbət Ukraynanın bu şərtlərlə razılaşdırılmasından gedir”.
C. Məmmədov hesab edir ki, Tramp Nobel Sülh Mükafatını almaq üçün müharibəni bitirməyə tələsir:
“Trampın əsas hədəfi və məqsədi ən qısa vaxtda sülhə nail olmaq və bu anlamda özünü Rusiya-Ukrayna müharibəsini bitirən şəxs kimi təqdim etmək bu yöndə özünü Nobel Sülh Mükafatına doğru aparmaqdır. Bu gün biz bu cəhdləri görməkdəyik. Bu məsuliyyəti də öz üzərinə götürmək çox çətindir. Ona görə ki müharibə bitəndən sonra Rusiyanın istədiyi şərtlər altında müharibə bitərsə, Ukrayna xalqı torpaqlarının təhvil verilməsi ilə barışmayacaq. Ona görə ki burda söhbət tarixi məsuliyyətdən gedir. Rusiya tərəfinin şərtləri də kifayət qədər ağırdır. Ona görə də hazırda vəziyyət belədir və çox çətindir”.
Nurlan Cəfəri