Trampın Venesuela PLANI: "Tramp ABŞ-ə qarşı çıxan dövlətlərin sayını azaldır"
“Tramp Maduronu devirməklə ABŞ-ə qarşı çıxan dövlətlərin sayını azaltmaq və hakimiyyətə öz adamını gətirmək istəyir.”
Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Natiq Miri bildirib.
Politoloq son günlər Tramp-Maduro münasibətlərinin pisləşməsi, ABŞ-nin Venesuela ilə sərhədə çox sayda qoşun yığmasının pərdəarxası səbəblərini açıqlayıb:
“Donalt Trampın Venesuela ilə bağlı siyasəti əsasən iki hədəfə yönəlib. Birincisi, mümkün olduqca Maduro hakimiyyətini devirməkdən ibarətdir ki, bu da perspektivdə Amerika qitəsində ABŞ-ə qarşı olan dövlətlərin sayını azaltmaq və eyni zamanda ABŞ-nin rəqib bildiyi dövlətlərlə müttəfiqlik edən dövlətlərin sayını azaltmaqdır. Çünki, Venesuela Rusiya ilə konkret strateji tərəfdaşlıq və hərbi cəhətdən qarşılıqlı yardımla bağlı sazişlər imzalayıb. Venesuela prezidenti ABŞ-a rəqib olan avtoritar rejimlərlə dostluq edir, bu da ABŞ-nin təhlükəsizlik maraqlarına xidmət etmir. Ona görə də əgər mümkün olarsa Venesuela prezidenti Maduronu devirmək istəyi ortadadır və bunu ABŞ prezidenti gizlətmir. Doğrudur, bu beynəlxalq hüquqa zidd davranış siyasətdir. Çünki, nə qədər ABŞ Maduronun prezident seçilməsini legitim saymasalar da hər bir halda Maduro xalq tərəfindən seçildiyini iddia edir. ABŞ-nin bu cür davranışı və zorla hakimiyyət çevrilişinə cəhd etməsi bir ölkənin digər bir ölkənin daxili işlərinə kobud şəkildə müdaxilə etməsi deməkdir. Bu isə beynəlxalq hüquqda qəbul olunmur.”
N.Miri qeyd edib ki, Trampın hədəflərindən biri də Venesueladan ABŞ-ə gələn narkotik ticarətinin qarşısını almaqdır:
“Başqa bir tərəfdən bu əməliyyatların digər bir tərəfi narkotik baronlarının tamamilə ləğv edilməsidir. Təkcə Venesuela deyil, eyni zamanda Meksika və digər ölkələrdən də kütləvi şəkildə ABŞ-ə narkotik maddələr gətirilir ki, bu da ABŞ cəmiyyətində acınacaqlı vəziyyətə gətirib çıxarır. Ona görə də Tramp ölkə daxilindən başqa ABŞ-ə narkotik gətirilən dövlətlərlə yerindəcə mübarizə aparmağa çalışır. Bir tərəfdən Meksika ilə sərhədlərlə divarlar hörülərək bağlanılır, digər tərəfdən ölkədən miqrantlar çıxarılır, eyni zamanda Venesuela da narko-kartellərə qarşı ciddi mübarizəyə başlayıb. Kartellər tapılaraq ölkədə məhv edilir. Bu da Tramp siyasətinin tərkib hissəsidir və düşünürəm ki, onun hədəflərindən biri kartelləri tamamilə məhv etmək, digəri isə Maduro hakimiyyətini devirməkdir. Çünki, Trampa bələddir ki, bu cür avtoritar rejimlər maliyyələşmə kontekstində bu kartellərdən ciddi şəkildə yararlanır və bəslənir. Çünki, dövlət icazə verməsə onların bu səviyyədə inkişaf etməsi mümkün deyil. ABŞ rəhbərliyi də bunu bilir. Ona görə də Venesuela ətrafında başladığı güc yığımı bu iki hədəfə görə hesablanıb.”
Digər Amerika qitəsində yerləşən Argentinanı Venesuela ilə müqayisə edən politoloq Trampın Argentina kimi orda da öz adamını hökümətin başına yerləşdirməyə çalışdığını diqqətə çatdırıb:
“Bu kontekstdə digər Amerika qitəsi ölkəsi olan Argentinaya olan münasibətə baxaq. Argentinada Trampa yaxın şəxsin hakimiyyətə gətirilməsi ABŞ-nin maraqlarına uyğun olduğu üçün bu gün heç bir dövlətə yardım etməyən Tramp yaxın zaman çərçivəsində Argentinaya etdiyi yardımın miqyasını 40 milyard dollara qaldırmaq fikrindədir. Bu göstəricidir ki, Amerika qitəsində olan yaxın dövlətləri öz orbitində saxlaya bilsin. Bu bilavasitə geosiyasi, geoiqtisadi həm də təhlükəsizlik amilləri ilə əlaqəlidir. Eyni şeyi ABŞ Venesuelada da tətbiq etmək istəyir.”
Nurlan Cəfəri