Azərbaycan Premyer Liqasının X turunun bağlanış oyununda “Turan Tovuz” səfərdə “Sumqayıt”a qalib gəlib.
Yenicag.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan matçda qonaq komanda 4:2 hesablı qələbəyə sevinib.
Görüşdə hesabı 16-cı dəqiqədə qərb təmsilçisindən Alexandro Serrano açıb. 25-ci dəqiqədə Otto Con qonaqların üstünlüyünü iki topa çatdırıb. 1 dəqiqə sonra isə tovuzlular Veysəl Rzayevin sayəsində üçüncü qolu vurub. Meydan sahibləri 32-ci dəqiqədə Nikola Vuynoviçin dəqiq zərbəsi sayəsində fərqi azaltsa da, 78-ci dəqiqədə adını tabloya yazdıran Aleks Souza “Turan Tovuz” növbəti qolunu vurub. Yekun hesabı isə “gənclik şəhəri” təmsilçisinin heyətində 87-ci dəqiqədə rəqib torunu silkələyən Kamran Quliyev təyin edib.
Bu qələbə sayəsində Kurban Berdıyevin rəhbərlik etdiyi klub xallarının sayını 21-ə çatdıraraq turnir cədvəlində 2-ci sıraya yüksəlib. “Sumqayıt” isə 7 xalla 9-cu pilləfə qalıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Qarabağ” “Kəpəz”i 5:0, “Araz-Naxçıvan” “Şamaxı”nı 1:0, “Neftçi” isə “Səbail”i 3:1 hesabı ilə məğlub edib. “Zirə” – “Sabah” qarşılaşması 1:1 hesablı heç-heçə ilə yekunlaşıb./Report/
www.yenicag.az