Türk dünyası birliyinin möhkəmlənməsində yeni mərhələ başlayır - ŞƏRH
“Bu gün Qəbələdə keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) “Regional sülh və təhlükəsizlik” mövzusunda XII Zirvə görüşü türk dünyası birliyinin möhkəmləndirilməsində yeni mərhələnin başlanğıcı olacaq. Bu Zirvə təkcə diplomatik tədbir deyil, həm də türkdilli xalqların ortaq gələcəyinin strategiyasını müəyyən edən tarixi platformadır”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.
O qeyd edib ki, Azərbaycan müstəqillik illərindən etibarən türkdilli dövlətlər arasında əlaqələrin möhkəmləndirilməsində öncül mövqe tutur:
“Ölkəmizin təşəbbüsü ilə 2009-cu ildə Naxçıvanda imzalanan saziş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının — bugünkü Türk Dövlətləri Təşkilatının əsasını qoydu. Prezident İlham Əliyev TDT-nin həm ideoloji, həm də institusional baxımdan güclənməsinə mühüm töhfə verib. Şuşa və Budapeştdə keçirilən qeyri-rəsmi Zirvə görüşlərində dövlət başçısının çıxışları türk dövlətləri arasında əməkdaşlığın strateji istiqamətlərini müəyyənləşdirdi. Azərbaycan təkcə siyasi deyil, həm də iqtisadi, enerji və nəqliyyat baxımından türkdilli dövlətlərin etibarlı tərəfdaşıdır. Rəsmi Bakı bu günə qədər TDT üzv ölkələrinə, həmçinin Katibliyin və Ağsaqqallar Şurasının fəaliyyətinə maliyyə dəstəyi göstərərək təşkilatın institusional dayanıqlığını gücləndirib”.
Deputat əlavə edib ki, Azərbaycanın təşəbbüsü ilə Orta Dəhlizin (Transxəzər nəqliyyat marşrutu) inkişafı artıq türk dövlətləri arasında iqtisadi və logistik birliyi reallığa çevirir:
“2024-cü ildə Türkiyə və Mərkəzi Asiya ölkələrinin Azərbaycan ərazisindən keçən tranzit daşımalarının həcmi 11 milyon tona çatıb. Bakı-Tbilisi-Qars dəmir yolunun daşıma qabiliyyəti 5 milyon tona yüksəldilib. Xəzər limanları arasında vahid rəqəmsal logistika platformasının yaradılması üzərində iş aparılır ki, bu da ticarətin asanlaşdırılması və gömrük prosedurlarının sadələşdirilməsinə şərait yaradır. Ələt Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı Gəmiqayırma Zavodu bu inteqrasiyanın əsas sütunlarına çevrilib. COP29 çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında imzalanan yaşıl enerji sazişi türk dövlətləri arasında enerji əməkdaşlığının yeni mərhələsini açıb. Bu sənəd Xəzər-Qara dəniz marşrutu ilə istehsal olunan yaşıl enerjinin beynəlxalq bazarlara ixracını təmin edəcək.”
P. Vəliyevanın sözlərinə görə, Azərbaycan TDT çərçivəsində təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlığın dərinləşdirilməsini də vacib sayır:
“Prezident İlham Əliyev Bişkekdə keçirilən XI Sammitdə çıxışında vurğulamışdı ki, müasir geosiyasi reallıqlar fonunda türk dövlətlərinin hüquq-mühafizə orqanları, hərbi təhsil müəssisələri və müdafiə sənayesi arasında inteqrasiya regional sabitliyin əsas təminatına çevrilməlidir. İşğaldan azad olunan ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və “Böyük Qayıdış” proqramları türk dünyasının dəstəyi ilə reallaşdırılır. Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Macarıstanın bu ərazilərdə inşa etdirdiyi məktəblər və mədəniyyət mərkəzləri qardaşlıq həmrəyliyinin parlaq təzahürüdür. Qəbələdə keçiriləcək Zirvə görüşü türk dünyasının yeni strateji mərhələyə qədəm qoyduğunu nümayiş etdirəcək. Azərbaycan bu platformada həm siyasi lider, həm də iqtisadi lokomotiv rolunu oynayır. TDT artıq regional əməkdaşlıq mexanizmi olmaqdan çıxaraq, qlobal səviyyədə bir güc mərkəzinə çevrilmək yolundadır. Bu gücün mərkəzində isə müstəqil, balanslaşdırılmış və çoxvektorlu siyasət yürüdən Azərbaycan dayanır”.
Məlik Məlikov