“Türk dünyası: ortaq mirasdan ortaq gələcəyə doğru” adlı layihə YEKUNLAŞDI – FOTO/VİDEO
“Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə reallaşdırdığı “Türk dünyası: ortaq mirasdan ortaq gələcəyə doğru” adlı layihə yekunlaşıb.
Yenicag.az xəbər verir ki, sentyabrın 17-də layihə çərçivəsində yekun tədbir keçirilib.
Tədbirin giriş hissəsinin aparıcısı Serdar Serderan Şengül tədbiri açıq elan edib. Sonra Azərbaycan Respublikasının Gəncliyə Yardım Fondunda keçirilən tədbir türk dünyasının birliyi üçün tarix boyu fədakarlıqlar edənlərin, o cümlədən dahi öndərlər Heydər Əliyev və Mustafa Kamal Atatürk başda olmaqla bütün türk böyüklərinin və 5 il öncə Türk dünyasını da şərəfləndirən Azərbaycanın Vətən savaşında qəhrəmanlıqla şəhid olan vətən övladlarının ruhunu bir dəqiqəlik sükutla yad etməklə başlayıb. Sonra isə Azərbaycanın Dövlət Himni və Türkiyənin İstiqlal Marşı oxunub.
Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və CASCFEN sədri və layihə rəhbəri Nadir Azəri salamlama çıxışı ediblər.
Ahmet Tecim belə bir layihənin Türk dünyası üçün önəmindən bəhs edib. Qeyd olunub ki, Gəncliyə Yardım Fondu hər zaman bu cür işlərdə ön sırada olub. A.Tecim Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyip Ərdoğanın öncüllüyündə türk dünyasının ötən hər gün daha da gücləndiyini bildirib.
Nadir Azəri isə bildirib ki, 5 aylıq layihə çərçivəsində Türk dünyasının ortaq mirasının bu gündən gələcəyə daşınması üçün uşaq, yeniyetmə və gənclərə tövsiyə xarakteri daşıyan məqalələr yazılıb, verilişlər hazırlanıb, tələbələr arasında yazı müsabiqəsi keçirilib. Ən əsası isə layihə çərçivəsində Şimali Kipr Türk Cümhuriyyətində Cümhurbaşqanlığında “Bizim ailəmiz türk dünyasıdır” mövzusunda konfransa, Manisada isə eyni mövzuda dəyirmi masa keçirilib. Bu günkü təbdirlə də layihəyə yekun vurulur.
Sonra layihə çərçivəsində Şimali Kiprdə və Manisada keçirilən təbdirlərdən görüntülərdən ibarət videotəqdimat olub.
Videotəqdimatdan sonra tədbirin moderator, Beynəlxalq Alaş Mükafatı laureatı Əkbər Qoşalı mövzu ilə bağlı məruzə edib.
Daha sonra ŞKTC-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer, millət vəkili, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Əməkdar jurnalist Elçin Mirzəbəyli, Milli QHT Forumunun İdarə Heyətini üzvü Zaur İbrahimli, “Bayraqdar Media”nın qurucusu və baş redaktoru Azər Həsrət, millət vəkili, parlamentin Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Vüqar İskəndərovun məruzələri dinlənilib.
Məruzələr ətrafında çıxışlar zamanı Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Dr. Alptekin Cihangir İşbilir, Qazaxıstan səfirliyinin müşaviri Yedil Mırzaxanov, ŞKTR-nin dövlət informasiya agentliyi TAK-ın İdarə Heyətinin üzvü Alihan Pehlivan, Layihənin eksperti, Türk dünyasının ortaq mirası üzrə araşdırmaçı Vəsilə Əkbərova, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Ümid Mirzəyev və başqaları çıxış ediblər.
Çıxışlardan sonra layihəyə dəstək verən şəxslərə plaket və təşəkkürnamələr təqdim edilib. Bundan başqa layihə çərçivəsində Türkiyədə universitetlərdə təhsil alan türk dünyası tələbələri arasında “Bizim ailəmiz Türk dünyasıdır” adlı yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Onu da qeyd edək ki, tədbir çərçivəsində CASCFEN-lə İzmir Azərbaycan Dərnəyi arasında əməkdaşlıq protokolu imzalanıb.
Sonda xatirə fotosu çəkilib.