Bu gün “Park İNN” otelində Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB)” növbəti “Ümumi Yığıncağı” keçirilib.
Yenicag.az xəbər verir ki, iclasda Türkiyənin ölkəmizdəki səlahiyyətli və fövqəladə səfiri Erkan Özoral, Azərbaycanın dövlət qurumlarının təmsilçiləri, rektorlar, iş adamları, ictimai birliklərin nümayəndələri iştirak ediblər.
Yığıncağın Sədarəti seçildikdən sonra söz verilən TÜİB-in rəhbəri Ali İhsan Genc qurumun ötən ayları əhatə edən fəaliyyətinə dair hesabat məruzəsi edib.
TÜİB sədri öz çıxışında qurumun tərkibindəki biznes quruluşlarının fəaliyyətində gömrük və vergi orqanları ilə bağlı tənzimləmələri xüsusi qeyd edib:
“Əlamətdar haldır ki, 2016-cı ildə həyata keçirilən gömrük, 2017-ci ildə gerçəkləşirilən vergi islahatları biznesin fəaliyyətində öz müsbət əksini tapmaqdadır. Bununla belə, qarşıya çıxan müəyyən problemlərin olduğunu və o məsələlərin öz həllini tapmasının vacibliyini qeyd olunmalıdır.
Vurğulamaq istərdim ki, qeydiyyata alınan və alınmayan mallar, materiallar, müəyyən vəsaitlər var. Bu mallar üçün məqbul vergi nisbəti müəyyənləşdirilməlidir ki, biz də bu malları rəsmi qeydiyyata alaraq, onların vergisini ödəyə bilək.
Bu, burada iştirak edən bütün sahibkarların əsas istəyidir. Biz vergilər nazirinin müavini İlkin Vəlieyvlə görüşüb bu məsələni müzakirə etmişik, təkliflər vermişik. Düşünürəm ki, bununla bağlı qanuni normalar hazırlanmalıdır.
Bu sektor yalnız tikinti işlərini əhatə etmir. Tikinti sektoru nəqliyyat, ticarət, sənaye və digər sektorların canlanmasına birbaşa təsir edir. Buna görə, bu sektor tezliklə inkişaf etdirilməli, bu sahədə mövcud işsizlik aradan qaldırılmalıdır.
O da vurğulanmalıdır ki, Azərbaycanda inşaat materiallarının istehsalı üçün geniş imkanlar mövcuddur və onlardan istifadə olunması lazımdır. İnşaat sektorunun yenidən canlandırılması üçün addımlar atılır. Bu sırada MİDA-nın yaradılmasını, olun fəaliyyətini xatırlada bilərik. Ancaq bu, kiçik bir miqyasdır”.
Genç çıxışının davamında TÜİB-in fəaliyyətinin aqrar, turizm, qida təhlükəsizliyi və nəqliyyat sahələrinə dair istiqamətlərinə də toxunub. TÜİB sədri sahibkarların mübahisəli vəziyyətlərdə üz tutduqları məhkəmələrin obyektiv davranmalarının zəruriliyini vurğulayıb: “Sahibkar əmin olmalıdır onun arxasında dövlət və hüquq var”.
Yığıncaqda söz verilən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral iştirakçıları salamladıqdan sonra tədbirə dəvət olunmuş Cocuq Mərcanlı kənd sakini Oqtay Həziyevin timsalında xalqın gerçək qəhrəmanının olduğunu deyib:
“Oqtay Həziyev torpaqları düşmənə verməməyin gerçək nümunəsidir. O, öz fədakarlığı ilə göstərdi ki, Vətən torpağı düşmənə verilməz. O, göstərdi ki, insanlar canından-qanından keçməyə hazırdırlar, ancaq düşmənə torpaq verməzlər.
Bu günlərdə Dağlıq Qarabağa getmiş şəxslər Türkiyənin Qarabağla bağlı siyasətinə zidd davranıblar. Onlar düşmən əməllərinə xidmət edirlər”.
Səfir daha sonra qeyd edib ki, FETÖ terror şəbəkəsinin Türkiyədə həyata keçirməyə çalışdığı 15 iyul çevriliş cəhdi Azərbaycanda fəaliyyət göstərən iş adamları üçün də bir imtahan oldu:
“Həmin ağır günlərdə kimin kim olduğu tam üzə çıxdı. Bu gün burda olan, eyni zamanda, Azərbaycanda fəaliyyət göstərən Türkiyəli iş adamalarını birləşdirən qurumlarda yer alan dostlarımız Vətənə bağlılıqlarını əməldə sübut etmiş oldular. İş adamlarına çağırışım budur ki, nə qədər çətin olsa da, işçilərin ixtisarına yönəlik qərarların verilməsində tələsməsinlər. Çünki ixtisarlar böhranı daha da dərinləşdirir. O halda ixtisara əl atmadıqda yaranan zərər böhranın dərinləşməsindən yaranan zərərdən daha kiçik olur”.
Erkan Özoral TÜİB üzvlərini Azərbaycanda yaradılmış münbit iqtisadi mühitdə daha da faydalı olmağa, ikitərəfli ticari-iqtisadi əlaqələrin dərinləşməsinə töhfə verməyə çağırıb.
Səfir çıxışının sonunda Azərbaycanla Türkiyə arasında qardaşlıq münasibətlərinin sarsılmazlığını vurğulayıb:
“2017-ci ilin göstəricilərinə əsasən demək olar ki, bir çox çətinlikləri dəf edib və uğurla irəliləyir. İnanıram ki, Azərbaycanın bu uğuru 2018-ci ildə də davam edəcək”.
Daha sonra söz verilən Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov, Vergilər Nazirliyinin departament rəhbəri Şamil Ərəbov, Dövlət Miqrasiya Xidmətinin Baş İdarə rəisi İsmayıl Abdullayev, Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) icraçı direktoru Natəvan Məmmədova və digərləri təmsil etdikləri qurumlarla TÜİB arasında qurulmuş əməkdaşlıq haqqında geniş danışıblar.
Çıxışlardan sonra TÜİB sədrinin və qurumun rəhbər orqanlarına seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən, “Büyükfırat Group”un rəhbəri Hüseyn Büyükfırat TÜİB-in yeni sədri seçilib. Həmçinin TÜİB-in İdarə Heyətinin və Mərkəzi-Nəzarət Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşib.
Yığıncağın sonunda söz alan TÜİB sədri Hüseyn Büyükfırat qurumun gələcək fəaliyyətində heç bir ayrı-seçkiliyin olmayacağını, iş adamlarına siyasi baxışlarına, camaat mənsubluğuna və digər mənsubiyyətlərinə görə deyil, iş qabiliyyətlərinə və Vətənə bağlılıqlarına görə qiymət veriləcəyini deyib.