Türk kimliyi və yaxud Tehranın LOYAL SİYASƏTİ – Pezeşkian Azərbaycan üçün FÜRSƏTDİR?
“İran uzun illərdir ki, Azərbaycanla münasibətlərində daha çox təhlükəsizlik prizmasından çıxış edir. Rəsmi Tehran üçün Cənubi Qafqazda baş verən hər bir dəyişiklik, xüsusilə də Azərbaycanın regional güc kimi yüksəlişi, sadəcə bir qonşunun müstəqillik uğurları kimi deyil, həm də daxili balanslara təsir edəcək potensial bir faktor kimi qiymətləndirilib. Bu səbəbdən də zaman-zaman İran tərəfindən verilən açıqlamalar, sərhəd bölgələrində keçirilən hərbi təlimlər və dini-ideoloji bəyanatlar bu qorxu və əndişənin ifadəsi kimi dəyərləndirilib”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Azər Hüseynov deyib.
O, İran Prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkianın ölkəsində Azərbaycana qarşı səsləndirilən bir sıra ittihamları tənqid etməsinə münasibət bildirib.
Xatırladaq ki, Azərbaycan-İsrail münasibətlərindən söz açan Y. Pezeşkian qeyd edib ki, hər hansı fikri irəli sürməzdən əvvəl sözlərin nəticələri barədə düşünmək, onları qiymətləndirmək və nəticələrini qəbul etmək lazımdır.
Müsahibimizin fikrincə, son dövrlərdə İran daxilində müəyyən dəyişikliklər müşahidə olunur:
“Xüsusilə prezident seçkilərində türk kimliyi ilə seçilən və daha mötədil ritorikaya sahib olan Məsud Pezeşkianın hakimiyyətə gəlməsi bu tendensiyanın simvolik olaraq dəyişməkdə olduğunu göstərir. Onun Azərbaycanla bağlı verdiyi açıqlamalar və eyni zamanda oğlunun səsləndirdiyi fikirlər İran daxilində Azərbaycanla münasibətlərə daha praqmatik və dostyana baxan bir siyasi dairənin mövcudluğunu ortaya qoyur”.
Həmsöhbətimiz söyləyib ki, bu yanaşma birmənalı qarşılanmır:
“Çünki İranın dövlət mexanizmi və siyasi strukturları daxilində vahid bir mərkəzdən yönləndirilən monolit düşüncə yoxdur. Əksinə, burada müxtəlif ideoloji və siyasi dairələr mövcuddur. Bəziləri İranın regional iddialarını önə çıxararaq Azərbaycana qarşı daha sərt xəttin tərəfdarıdırsa, digərləri isə əməkdaşlıq, qonşuluq və qarşılıqlı fayda prinsipini əsas götürür. Məsud Pezeşkianın və onun ailə üzvlərinin mövqeyi ikinci yanaşmaya daha yaxın görünür”.
Analitik əlavə edib ki, Pezeşkianın oğlunun verdiyi mühüm mesajlardan biri də budur ki, əgər İran daha optimal və düzgün siyasət yürütmüş olsaydı, bu gün Azərbaycanda daha güclü mövqelərə sahib olardı:
“Bu cümlə, sadəcə keçmiş siyasətin tənqidi deyil, həm də gələcək üçün bir yol xəritəsinin eyhamıdır. O, açıq şəkildə etiraf edir ki, İran müəyyən səhvlər buraxıb və bu səhvlər Azərbaycanla münasibətləri zəiflədir. Əgər indi düz addımlar atılarsa, bu münasibətlər bərpa edilə bilər. Bu açıqlamalar həm də bir başqa həqiqəti üzə çıxarır: İran daxilində Azərbaycanla münasibətlərin bərpasını və inkişafını istəyən ciddi dairələr mövcuddur. Onlar başa düşürlər ki, Azərbaycanla konfrontasiya yolu nə iqtisadi, nə siyasi, nə də strateji baxımdan İran üçün faydalıdır. Əksinə, əməkdaşlıq, ortaq layihələr və regional sabitlik İranın da maraqlarına cavab verir”.
“Burada bir məsələ də diqqətdən qaçmamalıdır: Pezeşkianın türk kimliyi və onun ailəsinin də bu kimliyi daşıması Azərbaycanla bağlı ritorikada səmimiyyət hissini gücləndirir. Bu, təkcə etnik və mədəni yaxınlıqla izah olunmur, həm də siyasi baxışın dəyişməsindən xəbər verir. İranın siyasi elitasında nadir hallarda belə səmimi və açıq mesajlar verilir. Pezeşkian isə bunu edir. Onun sözlərində ehtiyatlı olsa da, aydın bir mesaj var: “Biz səhv etdik, indi düz yol seçməliyik”, – deyə o, fikirlərini tamamlayıb.
Rafi Müslümov