“Türk ordu quruculuğunda Heydər Əliyev irsi” mövzusunda “dəyirmi masa”
İyunun 25-də Azərbaycanda Atatürk Mərkəzində “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) təşkilatçılığı ilə “Türk ordu quruculuğunda Heydər Əliyev irsi” mövzusunda “dəyirmi masa” keçirilib.
Türkiyə və Azərbaycan universitetlərində təhsil alan tələbə və məzunların iştirak etdikləri “dəyirmi masa”da TUMİB-in sədri Çingiz Bayramov ümummilli lider Heydər Əliyevin ölkəmizdə ordu quruculuğu sahəsindəki tarixi xidmətlərindən danışıb.
Bildirilib ki, Ümummilli Lider 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra hərbi quruculuq sistemində dünya standartlarına uyğun əsaslı islahatlar aparılıb. Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən əsaslı tədbirlər nəticəsində milli ordu quruculuğu keyfiyyətcə yeni mərhələyə qədəm qoyub, qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdırılıb. Ümummilli lider Heydər Əliyevin imzaladığı tarixi Fərmanla hər il iyunun 26-sı ölkəmizdə Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü kimi geniş qeyd olunur.
Digər çıxış edənlər də ordu quruculuğunda aparılan islahatlardan danışıb, nizam-intizamına və təchizatına görə Azərbaycan Ordusunun bir çox xarici ölkələrin ordusundan öndə getdiyini, ordumuza ayrılan vəsaitin ildən-ilə artırıldığını, onun ən müasir texnika və silahlarla təmin olunduğunu diqqətə çatdırıblar.
Vurğulanıb ki, müdrik rəhbər Heydər Əliyevin ordu quruculuğu sahəsində başladığı işlər onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ordumuz istənilən vaxt torpaqlarımızı düşməndən azad etməyə qadirdir.