!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türk tarixinin qütb ulduzu - Turan Yazqan anıldı  

!Reklam – Yazi

Bakı Atatürk liseyində Türk dünyasının dəyərli elm və ictimai xadimi, Türk Dünyası Araşdırmalar Vəqfinin qurucusu Turan Yazqanın vəfatının 5-ci ildönümünə həsr olunmuş xatirə gecəsi keçirilib.

Yenicag.az xəbər verir ki, anım mərasimində professor Turan Yazqanın oğlu Türk Dünyası Araşdırmalar Vəqfinin hazırkı sədri Közhan Yazqan da iştirak edib. Bakı Atatürk liseyinin müdiri Hüseyin Demirel tədbiri açıq elan edib və Turan Yazqanın sadəcə, Türkiyə üçün yox, bütün türk dünyası üçün əhəmiyyətli bir məqama sahib olduğunu bildirib:

“Turan Yazqan dərin elmi biliyi ilə yanaşı, bir könül insanı idi. Ehtiyacı olanlara kömək edər, xəstələri müalicə etdirərdi. Süfrəsi hər zaman hamıya açıq idi. Dünyanın hər yerindən vəqfə insanlar gələrdi, hamısı da özlərini evlərindəki kimi rahat hiss edərdi. Turan Yazqan türk dünyası üçün minlərlə müəllim, layiqli övlad yetişdirib. Mən 7 ildir ki, Türk Dünyası Araşdırmalar Vəqfinin tərkibində fəaliyyət göstərirəm. Mənə qazandırdığı dəyərlərə görə, ona ömrüm boyu minnətdar olacağam. Allah rəhmət eləsin, məkanı cənnət olsun. Tanrı türkü qorusun!”

Türk Dünyası Araşdırmalar Vəqfinin sədri Közhan Yazqan da Turan Yazqanın yolunu şərəflə davam etdirəcəklərini söyləyib:

“Bu gün onun çox çətin şərtlərdə açdığı və “göz bəbəyim” dediyi məktəbdə – Bakı Atatürk liseyində anılması və bu anım mərasimində iştirak etmək mənim üçün böyük şərəfdir. Bilirik ki, heç bir zaman onun yeri dolmayacaq. Ancaq bizim vəzifəmiz onun ideyalarını, fikirlərini, əsərlərini yaşatmaq və gələcək nəsillərə ötürməkdir. Turan Yazqan bu məktəblə yanaşı digər təhsil ocaqlarını da açarkən yalnız bir məqsədi vardı: türk dünyasının övladları yaxşı təhsil alsın. Sadəcə belə olan halda türk millətinin alnıaçıq, başıuca olacaq. Çünki türk övladı aid olduğu millətin aliliyini dərk edəcək. Yaxşı təhsil bir nömrəli prinsipimizdir. Bildiyiniz kimi, Turan Yazqan İsmayıl Qaspıralının “Dildə, fikirdə, əməldə birlik” və Atatürkün “Türk birliyinə inanıram və onu görürəm” prinsiplərini əlində bayraq etmişdi. O, bu gün olduğu kimi hər zaman sevgi və hörmətlə anılacaqdır. Turan Yazqan türk tarixində daim qütb ulduzu kimi parıldayacaqdır.”

Tədbir lisey şagirdlərinin səsləndirdikləri şeirlərlə davam edib.

Sonda isə, Turan Yazqana həsr olunan ənənəvi inşa müsabiqəsinin qalibi 10-cu sinif şagirdi Ləman Sadiqzadə lisey müdiri Hüseyin Demirel tərəfindən mükafatlandırılıb.

Aytək Yusifsoy

www.yenicag.az

2931
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv