“Türkiyə-Ermənistan sərhədləri açılmalıdır” – Türk partiyalarının “erməni açılımı” – Video
Türkiyədə Azərbaycan kökənli millət vəkillərinin olmasına ehtiyac olması bir gerçəklikdir. Belə ki, türk ictimaiyyəti Qarabağla bağlı Azərbaycanın yanında olmasına rəğmən zaman-zaman Türkiyə Böyük Millət Məclisində azərbaycanlı deputatın olmamasının mənfiliklərini görürük. Keçən parlamentdə Sinan Oğanın təşəbbüsü ilə Xocalı soyqırımı ilə bağlı təşəbbüslərə digər partiyalardan dəstək gəlməməsi də buna bariz nümunədir. Maraqlıdır ki, bu dəfə təkcə MHP-dən deyil, hakim AKP və ana müxalifət partiyası olan CHP-dən də xeyli sayda Azərbaycan kökənli şəxslər və uzun illər Azərbaycanda yaşamış və bizim dərdimizi bizdən daha yaxşı bilənlər namizədliklərini irəli sürmüşdülər. Lakin yenə də MHP xaricində Azərbaycana bağlı şəxslərə nə iqtidar, nə də müxalifət partiyalarında yer verilmədi.
Lakin Türkiyədə Azərbaycan kökənli vətəndaşlardan dəfələrlə az olan ermənilər bu parlamentdə daha çox yer alacaqlar və onların seçilmə şansı Azərbaycan kökənli İsa Yaşar Tezel və Səfər Qaraqoyunludan daha çoxdur. Belə ki, AKP siyahısından irəli sürülən erməni jurnalist Markar Esayan İstanbul 2-ci bölgədən 12-ci sırada olmasına baxmayaraq, seçiləcəyi şübhə doğurmur. Belə ki, 2011-ci il seçkilərində AKP həmin bölgədən CXP başqanı Kamal Kılıçdaroğlunun şəxsən namizəd olmasına rəğmən 15 millət vəkili mandatı qazanmışdı. Bu dəfə isə həmin bölgədən ən güclü namizəd Mustafa Sarıgül 9-cu sıradadır.
Maraqlıdır ki, İstanbuldakı bu seçimlərə “erməni” öz damğasını vuracaq. Çünki İstanbul 2-ci dairədən CXP-nin 1-ci namizədi erməni milliyyətçisi Selina Doğandır. Artıq ilk erməni qadın millət vəkili olacağı şübhə doğurmayan Selina Doğan ilk çıxışında Kılıçdaroğlunun bu jestini “Erməni soyqırımının 100-cü illiyinə hədiyyə” olaraq qəbul etdiyini bildirib. “1915-ci ildəki acılar hələ də davam edir” deyən Selena Doğan “Kılıçdaroğlu Erməni Camaatından gənc və qadın namizəd istədiyi üçün mən seçildim” deyib. Selena Doğanın bir təklifi də Türkiyə-Ermənistan sərhədinin açılması ilə bağlı olub: “Ermənistanda xalq yoxsuluq içərisindədir. İqtisadi, mənəvi və siyasi olaraq da bu qapılar açılmalıdır. İki xalqın bir-birini daha yaxından tanıması lazımdır.
CXP erməni sevgisi məsələsində bayrağı heç bir partiyaya vermək niyyətində deyil. Belə ki, Selena Doğan ilə iş bitmir. Yanvar ayında Türkiyə Dövlətinə “Hrantla və Soyqırımla üzləş” deyə, meydan oxuyan erməni diasporunun İstanbulda keçirdikləri yürüşün önündə yürüyən Şafak Pavey və Sezgin Tanrıkulu da yüzdə yüz seçiləcək sıralara yerləşdiriliblər.
Ancaq erməni və ermənipərəstlərə bu qədər canıyananlıq edən Kamal Kılıçdaroğlu partiyasının Azərbaycan kökənli deputatı, parlamentin Türkiyə-Azərbaycan Dostluq Qrupunun üzvü Ali Özgündüzün üstündən xətt çəkib. Bundan başqa CXP-ni İğdırda təmsil etmək istəyən başqa bir Azərbaycan kökənli şəxs – Göksel Gülbey də Kılıçdaroğlunu məmnun etmədi. Çünki Göksel bəy əsilsiz erməni iddiaları ilə mübarizə edir.
Qeyd edək ki, Türkiyə vətəndaşı olan ermənilərin də seçmək-seçilmək haqqı var. Bu səbəbdən də Türkiyədəki partiyaların erməni camaatının səsini almaq üçün belə jestləri zaman-zaman olmuşdur. Məsələn, MHP belə son bələdiyyə seçkilərində iki erməni namizədlə iştirak edib. Lakin erməni seçimi edərkən, onun milliyyətçiliyi mövzusuna da diqqət yetirmək lazım olduğunu Kılıçdaroğlu unudub.
Məsələn, AKP-nin seçdiyi Markar Esayan Xocalı məsələsində Xocalının Sumqayıtın qisası olduğu fikrini müdafiə edən Etyen Mahçupyandan belə fərqli mövqe sərgiləyərək, heç bir halın bu soyqırıma haqq qazandırmadığını yazıb. Belə ki, Markar Esayan Xocalı soyqırımı ilə bağlı məsələdə bəlkədə ilk ermənidir ki, bu acını öz adı ilə-soyqırım deyə çağırıb(http://www.yenisafak.com.tr/yazarlar/markaresayan/hocali-soykirimi-ve-ahlak-50575). İndi istər timsah göz yaşları deyək, istər səmimi qəbul edək, “Xocalıda öldürülən 613 azəri qardaşımızı rəhmətlə anır, yaxınlarına təsəll verir və cinayətkarların bir an əvvəl ortaya çıxmasını ümid edirəm” deyən Markar Esayanla “Namizədliyim 100 illiyə bir hədiyyədir” deyən Selina Doğan arasında ciddi fərq var. Yəni, məsələ erməni namizəd deyil, erməni namizədin diasporanın yoxsa türk dövlətininmi maraqlarını qorumasıdır ki, bu məsələdə ana müxalifətin namizədləri artıq simalarını ortaya qoyublar. Özünün də gizli erməni olduğu iddia edilən Kılıçdaroğlu da soyqırım yalanını dəstəkləyən bu namizədlərə “yaşıl işıq” yandırıb.
Bu seçkidə HDP-nin erməni namizədi isə Murat Mıhçıdır və bu partiya barajı keçəcəyi halda belə seçiləcəyinə ümid yoxdur. Çünki bu şəxs İstanbulda 11-ci sıraya qoyulub.
Bələdiyyə seçkilərindən fərqli olaraq, MHP bu seçkilərə erməni namizədi olmadan gedir.
Yenicag.az