“Türkiyə ilə İsrail arasında münasibətlərin yaxşı olmadığı məlumdur və bu da İsrailin Fələstində apardığı hərbi əməliyyatlardır”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib.
O, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın İsraillə bağlı səsləndirdiyi məlum fikirlərə münasibət bildirib.
Onun sözlərinə görə, bu hərbi əməliyyatlar Türkiyə tərəfindən qəbul olunmur və Ankara davamlı olaraq, zaman-zaman Təl-Əvivi bu hərəkətlərdən, o cümlədən, dinc əhaliyə qarşı kütləvi qırğın silahları işlətməkdən çəkinməyə çağırıb.
“Son günlər vəziyyətin gərginləşməsi və Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın İsraili tənqid etməsi diqqət mərkəzindədir. Hətta Türkiyə Prezidenti “Qəfildən gəlib fələstinliləri azad edə bilərik” deyə fikirlər də söyləyib. Bu gün dünyanın aparıcı dövlətləri Qəzzanın sonrakı taleyi ilə məşğul olmaq barədə müəyyən tədbirlər görürlər və görüşlər təşkil edirlər. Bu görüşlərdə ABŞ, İsrail, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri iştirak edir. Lakin Yaxın Şərqin ən aparıcı dövləti olan Türkiyə nə bu görüşlərə dəvət edilir, nə də yekdilliklə müzakirələrdə iştirak edir. Təbii ki, bu Türkiyə tərəfindən qəbul oluna bilməzdi və Türkiyə lideri son bəyanatı ilə bir növ həm ABŞ-yə, həm də İsrailə mesaj verirdi ki, Ankaranın iştirakı, mövqeyi olmadan bu məsələnin həlli yoxdur”, – deyə həmsöhbətimiz əlavə edib.
Ə. İbrahimov hesab edir ki, Prezident Ərdoğanın bu bəyanatı Türkiyənin Qəzzanın sonrakı taleyinə cəlb olunmamasından irəli gəlir:
“Biz bilirik ki, Türkiyə lideri yaxın keçmişdə ABŞ-də oldu NATO-nun yaranmasının 75 illiyinə həsr olunmuş görüşlərdə iştirak etdi. O, burada ABŞ prezidenti Co Bayden və Prezident Administrasiyası tərəfindən lazımi səviyyədə qəbul edilmədi. Bu isə Türkiyədə ABŞ-nin Yaxın Şərqdə apardığı siyasətə qarşı müəyyən reaksiyalar doğura bilməzdi”.
Mütəxəssisin fikrincə, bütün bunlar ondan irəli gəlir ki, Türkiyə həm indiki ABŞ administrasiyasına, həm də gələcəkdəki administrasiyaya bildirmək istəyir ki, Yaxın Şərqdə Türkiyə adlı dövlət var və onlar Ankaranın fikirləri ilə razılaşmalıdırlar:
“Mənə elə gəlir ki, nə İsrail, nə ABŞ nə də digər NATO dövlətləri Türkiyəyə qarşı heç bir addım ata bilməzlər. Çünki Türkiyənin mövqeyində həqiqət var, Yaxın Şərqin taleyi Türkiyəsiz həll oluna bilməz və Ankara da bəyanatı ilə bunu deməyə çalışır”.
Rafi Müslümov
www.yenicag.az