Türkiyədə ləğv edildi, Azərbaycanda "soyğun" davam edir: "Dənizə baxmağa görə 20 manat alırlar" - VİDEO
Türkiyədə restoran və kafelərdə servis haqqının ləğvi ilə bağlı müzakirələr ictimaiyyətin diqqət mərkəzinə düşüb. Qardaş ölkədə bu addım istehlakçı məmnuniyyətinin artırılması və əlavə ödənişlərin aradan qaldırılması kimi qiymətləndirilir. Azərbaycanda isə servis haqqı və “çaypulu” məsələsi uzun müddətdir narazılıq doğurur.
Mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında Azad İstehlakçılar İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov bildirib ki, illər əvvəl Azərbaycanda restoran və kafelərdə servis haqqı anlayışı olmayıb və bu, istehlakçılar üçün daha rahat bir vəziyyət yaradıb:
“Uzun illər Azərbaycanda restoranlarda, kafelərdə servis haqqı olmayıb. Çox yaxşı bir vəziyyət idi. Lakin son 10 ilə yaxındır ki, artıq bu sürətlə tətbiq olunur və bununla paralel “çaypulu”nu 10–50 manat, 100 manat vermək, iftar süfrəsində bir nəfərlik yeməyi 200 manata vermək, restoranlarda, kafelərdə “face control”, qadın qəlyan çəkirsə onun pulunu yanındakı şəxsin ödəməsi, dənizə tərəf oturduğuna görə əlavə 20 manat tələb edilməsi kimi hallar yaranıb”.
AİİB sədri Türkiyədəki təcrübəni müsbət qiymətləndirərək qeyd edib ki, servis haqqının ayrıca göstərilməsi istehlakçını qıcıqlandırır:
“Türkiyədəki vəziyyəti mən alqışlayıram. Bu çox yaxşı bir cəhətdir. Onsuz da servis pulu ayrıca verilməsə də, o yeməklərinin üzərinə gələ bilər. Sadəcə olaraq servis pulu istehlakçını çox qıcıqlandırır”.
Daha ətraflı videomaterialda:
Samir Məcid












