Türkiyədə nazirliklər bölünür
Türkiyədə qurulacaq yeni koalisiya üçün nazirliklərin sayının 30-a çatdırılması gündəm məsələlərdən biridir.
Yenicag.az Avropa.info-ya istinadən xəbər verir ki, qurulacaq yeni koalisiya üçün dövlətin dörd nazirliyinin bölünməsi müzakirə olunur.
Mətbuatda yayılan xəbərlərə görə bu həftənin bazar ertəsi günü keçirilən Nazirlər Kabinetinin iclasının gündəm maddələrindən biri koalisiya ehtimalları olub.
Koalisiyanın qurulacağı partiyaların istədiyi nazirliklərin sayının çox olması halında bəzi nazirliklərin ikiyə bölünərək bu problemin də həll olunacağı bildirilir.
Hal-hazırda Türkiyədə baş nazir ilə birlikdə 26 olan nazirlərin sayının bu yolla 30-a qaldırılacağı fikri daha çox üzərindən dayanılan görüşdür.
Belə olacağı təqdirdə, ilk etapda Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət Nazirliyi və Turizm Nazirliyi, Ətraf Mühit və Şəhərsalma Nazirliyinin Ətraf Mühit Nazirliyi və Şəhərsalma Nazirliyi, Meşə və Su İşləri Nazirliyinin Meşə Nazirliyi və Su İşləri Nazirliyi olaraq iki yerə bölünə biləcəyi bildirilir.
Enerji və Təbii Sərvətlər, Gənclər və İdman, Nəqliyyat, Dənizçilik və Rabitə nazirliklərinin də bölünməsi vəziyyətdən çıxış yolu kimi mümkündür.