Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Mətbuat Şurasında olub
Mətbuat Şurasında Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Erkan Özoralla media təmsilçilərinin görüşü keçirilib.
Görüş Türkiyədə bu ayın 11-də törədilmiş terrorun qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, Azərbaycan-Türkiyə münasibətləri möhkəm tarixi təməllərə malikdir. Qardaşlıq üzərində qurulmuş bu münasibətlər böyük perspektiv vəd edir, daim yüksələn xətt üzrə inkişafdadır. Mövcud nəticənin əldə olunmasında hər iki ölkə mediasının əməyi xüsusi vurğulanmalıdır. “Media iki dost və qardaş xalqın ortaq mənafelərini formalaşdırmaq, möhkəmləndirmək baxımdan mühüm vasitədir. Biz eyni zamanda ortaq faciələrimizə, onları doğuran səbəblərə diqqət yetirməliyik. Azərbaycan mediası, Azərbaycan cəmiyyəti kimi Türkiyənin yanındadır, hər zaman belə olub və olacaqdır. Bir neçə gün öncə İstanbulda törədilmiş terror aktı həm mediamız, həm də cəmiyyətimiz tərəfindən qətiyyətlə lənətləndi. Arzu edirəm ki, bizi birləşdirən təkcə kədər olmasın. Türkiyə və Azərbaycan irəliyə baxmalı, birgə gələcəyini qurmalıdır”, – deyən Ə.Amaşov bildirib ki, Türkiyənin ölkəmizə yeni təyin olunmuş səfiri E.Özoral vaxtilə səfirlikdə mühüm vəzifədə çalışıb və ölkəmiz haqqında kifayət qədər məlumatlılığı onun missiyasını uğurunu şərtləndirəcək cəhətlərdən biridir.
Türkiyənin Azərbaycandakı səfiri E.Özaral jurnalistlərlə görüşdən böyük məmnunluq duyduğunu bildirib. O deyib ki, Azərbaycan həmişə Türkiyənin yanında olub, qardaşlıq münasibəti göstərib. Bu münasibət bu ilin 15 iyul tarixində baş vermiş dövlət çevrilişinə cəhddə, həmçinin Türkiyədə törədilən terror hadisələri zamanı özünü göstərib. Səfir bildirib ki, həmin vaxt Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri planlaşdırılmışdı. Dövlət çevrilişinə cəhdlə əlaqədar olaraq səfər təxirə salındı. Ancaq Azərbaycan Prezidenti cənab İlham Əliyev özü Türkiyəyə gəldi. Bu, Azərbaycan və Türkiyə qardaşlığının əsl nümunəsi idi.
Səfir E.Özoral onu da bildirib ki, indiki Azərbaycanla 10 il əvvəlki Azərbaycan arasında inkişaf baxımdan çox ciddi fərqlər var. Bu inkişaf mediaya da təsirini göstərib və Azərbaycanda oturuşmuş media qurumları var.
Dağlıq Qarabağ münaqişəsinə toxunan Səfir ATƏT-in Minsk qrupunun münaqişənin həlli istiqamətindəki fəaliyyətində ciddi irəliləyişlərin nəzərə çarpmadığını diqqətə çatdırıb. Bu məsələdə Türkiyə hər zamankı kimi Azərbaycanın yanında olduğunu vurğulayıb.
Çıxış edənlərdən BDU-nun jurnalistika fakultəsinin dekanı, professor Cahangir Məmmədli, MŞ İdarə Heyətinin üzvü, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov, MŞ İdarə Heyətinin üzvü, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, “Teleqraf Holdinq”in rəhbəri Aynur Quliyeva, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, MŞ İdarə Heyətinin üzvü, Milli Məclisinin deputatı Cavanşir Feyziyev və başqaları Azərbaycan-Türkiyə arasındakı əməkdaşlığın hazırkı durumundan, perspektiv vəzifələrindən, hər iki ölkənin media qurumları arasında daha sıx əməkdaşlığın qurulmasının vacibliyindən söz açaraq təkliflərini səsləndiriblər.