Türkiyənin onlayn satış platformları qiymətləri niyə bahalaşdırıb? - AÇIQLAMA
Son aylarda Türkiyənin onlayn satış platformalarında qiymətlərin artması müşahidə olunur. Bu artım, xüsusilə texnologiya məhsulları, geyim və ev əşyaları kimi kateqoriyalarda nəzərə çarpır və Azərbaycan alıcılarını da birbaşa təsir edir. Ekspertlər bildirir ki, qiymətlərin yüksəlməsinin arxasında yalnız bazar strategiyası deyil, həm də valyuta məzənnəsi fərqləri, logistika xərcləri və gömrük rüsumlarının artımı dayanır.
Mövzu barədə Yenicag.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib bildirib ki, Azərbaycanda qiymətlərin süni şəkildə artırılması mümkün deyil:

“Bizdə belə məsələlərdə süni qiymət artımı mümkün deyil. Bu, tənzimlənən qiymət deyil ki, süni şəkildə yüksəlsin. Burada xərclər artır həm rəsmiləşdirmə xərcləri, həm logistika xərcləri, həm də valyuta məzənnəsi fərqləri təsir göstərir. Bu səbəbdən qiymətlər təbii olaraq yüksəlir.”
Ekspert əlavə edib ki, gömrük prosesindəki xərclər də qiymətlərin artımına təsir edir:
“Çox zaman gömrükdə rəsmiləşdirmə zamanı qiymətlərin yüksəlməsinə təsir edən amillər ortaya çıxır, çünki rüsumlar yüksəkdir. Nəticədə, sifarişlərin yekun qiymətləri də artır.”
Natiq Cəfərli qeyd edib ki, bu artım uzunmüddətli ola bilər və region bazarına təsir göstərə bilər:
“Qiymətlərin davamlı artımı alıcıların alım qabiliyyətinə birbaşa təsir edir, kiçik region ticarətində dövriyyəni azalda bilər və sifariş həcmini məhdudlaşdıra bilər. Bu isə bazarda rəqabət mühitini dəyişdirə bilər.”
Beləliklə, ekspertlər bildirir ki, qiymət artımı süni deyil, real bazar şərtləri, valyuta dəyişiklikləri və logistika xərcləri ilə bağlıdır. Azərbaycan alıcıları isə bu artımı yaxın aylarda öz alış vərdişlərində hiss edə bilərdir.
Samir Məcid













