TÜRKSOY Baş katibi Elçin Əfəndiyevin vəfatı ilə bağlı başsağlığı verdi
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Rəhim oğlu Raev Azərbaycanın Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı başsağlığı verib.
Yenicag.az xəbər verir ki, TÜRKSOY-un rəsmi sosial şəbəkə hesabında yayımlanan bəyanatda deyilir:
“Azərbaycan ədəbiyyatı və mədəniyyətinin görkəmli simalarından biri, tanınmış yazıçı və dövlət xadimi Elçin Əfəndiyevin vəfatı xəbərini dərin kədərlə qarşıladım. O, Azərbaycan və bütün Türk dünyasının ədəbi irsinə misilsiz töhfə verib”.
TÜRKSOY-un Baş katibi Elçin Əfəndiyevi Türk dünyasının ən tanınmış qələm ustalarından biri adlandırıb və onun yaradıcılığının xalqın yaddaşında dərin iz buraxdığını qeyd edib.
S. Raev Xalq yazıçısının “Mahmud və Məryəm”, “Ağ dəvə” və “Ölüm hökmü” kimi məşhur əsərlərini xatırladıb.
“Elçin Əfəndiyev xalqına yalnız qələmi ilə deyil, həm də dövlət xidmətindəki vəzifə borcunu yerinə yetirməklə xidmət etmiş, Azərbaycanın mədəni inkişafında və Türk dünyasının birlik ruhunun möhkəmləndirilməsində mühüm rol oynamışdır. Yazıçının ailəsinə, yaxınlarına, Azərbaycan xalqına və bütün Türk dünyasına başsağlığı verirəm”, – deyə bəyanatda qeyd olunur.