Üç min ildir gizli qalan İTİRİLMİŞ DÜNYA: Bu qəbirlərin sirri nədir?
Yeni araşdırma Son Tunc Dövründə (eramızdan əvvəl təxminən 1300-800-cü illər) Mərkəzi Avropadakı gündəlik həyata işıq salır. Nu dövr “Qəbiristanlıq sahəsi mədəniyyəti” kimi tanınır və kremasiyanın (meyitlərin yandırılması) geniş yayılması da daxil olmaqla, mühüm sosial və mədəni dəyişikliklərlə müşayiət olunub.
Yenicag.az xəbər verir ki, “Nature Communications” jurnalında dərc olunan tədqiqat təxminən 3000 il əvvəl insanların necə yaşadıqlarını, hərəkət etdiklərini, qidalandıqlarını və ölülərini necə dəfn etdiklərini yenidən canlandırmaq üçün arxeologiya, qədim DNT analizi, izotop araşdırmaları və skelet qalıqlarının sübutlarını birləşdirir.
Kremasiya alimlərin, adətən, öyrəndiyi bioloji materialın böyük hissəsini məhv etdiyindən bu dövrü ətraflı şəkildə araşdırmaq uzun müddətdir ki, çətin idi.
Bu çətinliyin öhdəsindən gəlmək üçün beynəlxalq tədqiqatçılar qrupu Almaniya, Çexiya və Polşada aşkar edilmiş nadir, yandırılmamış qəbirlərə diqqət yetiriblər. Onlar həmçinin Saksoniya-Anhalt Tarixi Abidələrin Mühafizəsi və Arxeologiya üzrə Dövlət İdarəsi tərəfindən qazılmış Mərkəzi Almaniyanın Kukenburq və Esperştedt daxil olmaqla, müəlif ərazilərindən tapılan yandırılmış cəsəd qalıqlarını da analiz ediblər.
Tədqiqatçılar qəbirlərdən əldə edilən qədim DNT-ni, sabit oksigen və stronsium izotoplarını, həmçinin skelet qalıqlarını araşdırıblar. Daha sonra icmaların zamanla necə dəyişdiyini daha yaxşı anlamaq üçün nəticələri yaxınlıqdakı bölgələrin genetik məlumatları ilə müqayisə ediblər.
Genetik sübutlar əhalinin qəfil əvəzlənməsindən daha çox, şəcərədə yavaş və regional olaraq fərqlənən dəyişikliklərə işarə edir. Mərkəzi Almaniyada bu dəyişikliklər əsasən, Son Tunc Dövrünün sonrakı mərhələlərində nəzərə çarpan olub. Tapıntılar göstərir ki, icmalar güclü yerli ənənələrini qoruyub saxlamaqla yanaşı, Dunay çayının cənub və cənub-şərqindəki bölgələrlə getdikcə daha çox əlaqə qurublar.
İzotop analizi alimlərə fərdlərin harada böyüdüklərini və həyatları boyu köç edib-etmədiklərini müəyyən etməyə kömək edib. İnsan qalıqlarında qorunub saxlanılan stronsium və oksigen izotopları yerli ətraf mühitlə bağlı kimyəvi barmaq izləri kimi çıxış edir.
Mərkəzi Almaniyada öyrənilən insanların çoxu həm yandırılmış, həm də yandırılmamış fərdlər daxil olmaqla, basdırıldıqları ərazinin yerli sakinləri olublar. Tədqiqatçıların fikrincə, bu, ideyaların və mədəni təcrübələrin insanların böyük miqrasiyaları vasitəsilə deyil, əsasən təmas, ticarət və sosial qarşılıqlı əlaqə yolu ilə yayıldığını göstərir.
Araşdırma həmçinin Son Tunc Dövründə dəyişən qidalanma vərdişlərini də ortaya qoyub. Tədqiqatçılar icmaların bu dövrün erkən mərhələsində adi darı yeməyə başladıqlarına dair sübutlar tapıblar. Bu bitki Avropaya yalnız yaxın vaxtlarda şimal-şərqi Çindən gəlmişdi.
Alimlər inanırlar ki, darı ekoloji və ya iqtisadi təzyiqlərə yaxşı uyğunlaşdığı üçün populyarlaşmış ola bilər. Bununla belə, darının qəbul edilməsi böyük genetik dəyişikliklərlə eyni vaxtda baş verməyib, bu da yerli əhalinin böyük miqyaslı demoqrafik yerdəyişmə olmadan yeni bitkini mənimsədiyini göstərir.
Maraqlıdır ki, darı istehlakı sonradan azalıb. Görünür, insanlar Son Tunc Dövrünün sonrakı mərhələlərində yenidən buğda və arpa kimi daha ənənəvi bitkilərə üstünlük veriblər. Tədqiqatçılar bu modelin daimi kənd təsərrüfatı transformasiyasından çox, təcrübə aparmaq və uyğunlaşma qabiliyyətini əks etdirdiyini bildirirlər.
Komanda həmçinin xəstəlik və fiziki gərginlik əlamətlərini də axtarıb. DNT sübutları ağız boşluğu sağlamlığı problemləri, o cümlədən diş xəstəlikləri ilə əlaqəli bakteriyaları üzə çıxarıb, lakin geniş yayılmış epidemiya infeksiyalarına dair heç bir əlamət tapılmayıb.
Skelet qalıqları uşaqlıq dövrü gərginliyi, oynaqların aşınması və bəzi zədələrin izlərini göstərib ki, bu da fiziki cəhətdən ağır həyat tərzinə işarə edir. Bu çətinliklərə baxmayaraq, əksər fərdlər ümumilikdə yaxşı sağlamlıq vəziyyətində olublar.
Tapıntılar həmçinin bu dövrdə istifadə olunan dəfn adətlərinin geniş çeşidliliyini vurğulayır. İcmalar bəzən eyni yaşayış məskənlərində kremasiya, ənənəvi dəfn, yalnız kəllə sümüyünün yerləşdirilməsi və mürəkkəb, çoxmərhələli dəfn rituallarını icra ediblər.
Arxeoloji, antropoloji, genetik və izotop sübutlarını birləşdirəm tədqiqatçılar Son Tunc Dövrü Avropasını icmaların yenilikləri köklü ənənələrlə sintez etdiyi dinamik və bir-biri ilə əlaqəli bir dünya kimi təsvir edirlər.













