“Məsələ ondadır ki, Putinin hərbi mundir geyinməsi faktiki olaraq ABŞ-yə və Qərbə, xüsusilə də Tramp administrasiyasına açıq bir mesajdır. Bu mesajın məzmunu isə 30 günlük atəşkəslə bağlı əldə olunmuş bir anlaşmadan ibarətdir. Belə ki, Ukrayna ilə ABŞ arasında son görüşdə, Səudiyyə Ərəbistanında keçirilən müzakirələr nəticəsində ABŞ və Ukrayna təmsilçiləri 30 günlük atəşkəs barədə razılığa gəliblər”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.
Siyasi təhlilçi Rusiya prezidenti Vladimir Putinin hərbi mundirdə Kurska səfəri çərçivəsində yayımlanan görüntülərinə, habelə Rusiya ordusunun Sudja şəhərini azad etməsindən sonra başlatdığı genişmiqyaslı əməliyyatlara münasibət bildirib.
Analitik hesab edir ki, rəsmi Kiyev Ukraynanın təbii sərvətlərinin istismarını ABŞ-yə verməyə razılaşıb:
“Buna qarşılıq olaraq Zelenski hakimiyyəti Tramp administrasiyasından Ukrayna üçün ABŞ-nin təhlükəsizlik təminatını almağa çalışır. Belə bir ehtimal var ki, bu təhlükəsizlik təminatı təbii sərvətlərlə bağlı sazişin imzalanması şərti ilə yaranacaq zərər müqabilində verilə bilər. Rusiyanı narahat edən əsas məsələ də məhz budur. Əgər ABŞ Ukraynaya təhlükəsizlik təminatı versə, Rusiyanın Ukraynaya qarşı təcavüzü nə indi, nə də gələcəkdə davam edə bilməyəcək”.
Onun sözlərinə görə, Kremli qorxudan da elə bu ssenaridir:
“Bu səbəbdən Kreml artıq bəyan edir ki, atəşkəsə razı olmaq niyyətində deyil və ABŞ-ın Ukraynaya hərbi təhlükəsizlik təminatı verməsinə qarşıdır. Bu mövqelərini açıq şəkildə büruzə verir, bəyanatlar yayır və Putinin hərbi mundir geyinib cəbhə bölgəsinə getməsinin əsas səbəbi də atəşkəsi qəbul etməyəcəyini, müharibəni davam etdirəcəyini bildirmək istəməsidir. Burada əsas məqsəd Rusiyanın əlindəki bütün resursları cəbhədə daha sərfəli vəziyyət yaratmaq və üstünlük qazanmaq üçün yönəltməsidir ki, Ukrayna məsələsi Rusiyanın xeyrinə həll olunsun”.
“Digər tərəfdən, ABŞ-nin dövlət katibi Rubio bəyan edib ki, “Birləşmiş Ştatlar olaraq biz 30 illik atəşkəs sazişinə Rusiyanın münasibətini gözləyir. Hesab edirik ki, onlar da bunu qəbul etməlidirlər. Əgər qəbul etməsələr, bu, ABŞ-ın Rusiyanın hədəfləri və niyyətləri barədə mövqeyini yenidən dəyərləndirməsinə səbəb ola bilər”. Yəni ABŞ-nin mövqeyi dəyişə bilər. Bu bəyanat həm də qarşılıqlı olaraq Putinin hərbi mundir geyinməsinə cavab kimi qiymətləndirilə bilər. Məsələnin mahiyyəti budur ki, ABŞ Ukraynanın təbii sərvətlərini ələ keçirmək istəyir və bu məqsədlə addımlar atır. Bu sərvətləri əldə etdikdən sonra ABŞ Ukraynaya əvvəlki kimi hərbi yardımlar göstərməyə, kəşfiyyat məlumatlarını ötürməyə davam edəcək. Hətta bu yardımların bərpa olunduğuna dair məlumatlar da ortaya çıxıb”, – deyə o, əlavə edib.
E. Xalidbəyliyə görə, bu vəziyyət onu göstərir ki, ABŞ bir tərəfdən Rusiyanı aldadır, digər tərəfdən isə Ukraynanı sıxışdıraraq onun təbii sərvətlərini ələ keçirir:
“Əslində isə Tramp administrasiyası üçün nə Ukrayna, nə də Rusiya xüsusi əhəmiyyət kəsb edir; onların gələcək taleyi Trampın vecinə deyil. Əsas prioritet ABŞ-ın öz maraqlarıdır. Tramp administrasiyası Ukraynadakı müharibəni qlobal biznes layihəsinə çevirib və buradan qazanc əldə etmək niyyətindədir”.
“Əgər Rusiya atəşkəsə və sülh sazişinə razılaşmazsa, Trampın vaxtilə dediyi kimi, “Rusiya diz çökəcək dərəcədə zəiflədilə bilər”. Tramp hələ o zaman bildirmişdi ki, Rusiya məhv olacaq. Yeni hadisələrə baxsaq, səthdə Rusiya ilə ABŞ arasında yaxınlaşma kimi görünsə də, əslində səhnə arxasında daha fərqli oyunlar oynanır. Bu, inkarolunmaz bir reallıqdır və Kreml də artıq bunu dərk edir. Bu vəziyyətin Rusiya üçün çox böyük bir fəlakət ssenarisinə çevrilməsi də istisna deyil”, – deyə müsahibimiz fikirlərini tamamlayıb.
Rafi Müslümov
www.yenicag.az